Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:02

Rusiyada miqrant «ovu»


«Yaroslav» bazarında tutulan 80 miqrantdan 21 nəfəri azərbaycanlı olub

«Yaroslav» bazarında tutulan 80 miqrantdan 21 nəfəri azərbaycanlı olub

Rusiyanın Federal Miqrasiya Xidmətinin (FMX) direktoru Konstantin Romodanovski Moskva şəhəri və vilayətində fəaliyyət göstərən «Yerlilər» («Mestnıe») gənclər hərəkatına «qanunsuz miqrantların tutulması»nda göstərdiyi köməyə görə minnətdarlığını bildirib. «Ekspress» qəzeti «Rusiyanın Federal Miqrasiya Xidməti yerli millətçilərlə soydaşlarımızın «ov»una çıxıb» başlıqlı məqalədə belə yazıb.


«Yerlilər» təşkilatının üzvləri miqrantları fitə basıblar, sonra da üzərində təyyarələr və «Artıq cənuba uçmaq vaxtıdır!» şüarını açıblar.


«Yaroslav» bazarında tutulan 80 miqrantdan 21 nəfəri azərbaycanlı olub: onların hamısı Cənub Dairəsinin daxili işlər idarəsinə aparılıb üstlərində olan bütün pullar alınandan sonra buraxılıblar.


«Belə aksiyaları təkrarlamaq niyyətindəyik, - «Yerlilər»in lideri Sergey Fateyev deyib. - Yüz və ya yüz əlli miqrantı tutmaq təbii ki, Federal Miqrasiya Xidmətinin işidir. Bizim başlıca məqsədimiz ictimaiyyətin diqqətini bu problemə cəlb etməkdir».


Kremlin ötən il yaratdığı «Yerlilər» hərəkatı ilk əvvəl «Bizimkilər» («Naşi») gənclər hərəkatının tərkibində bir qrupdu. Lakin sonra Rusiya rəhbərliyinin siyasi texnoloqları Dövlət Dumasına seçkilər ərəfəsində kommunistlər, liberal-demokratlar, sağlar, millətçilər və radikalların elektoratını parçalamaq, bu qüvvələrə rəğbət bəsləyən kütlələri öz tərəfinə çəkmək məqsədilə həmin qrupu «Bizimkilər»in tərkibinldən çıxarıb əlahiddə təşkilata döndərdi.


«Üç nöqtə» yazır ki, həmsədrlər əsas prinsipləri razılaşdırmağa çalışır. Qəzet ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinə münasibət bildirərkən belə yazıb.


«Azərbaycan və Ermənistan prezidentlərinin, eləcə də xarici işlər nazirlərinin növbəti görüşünün vaxtının müəyyən olunub-olunmaması ilə bağlı suala cavab verən amerikalı həmsədr Metyu Brayza bildirdi ki, münaqişənin həlli istiqamətində müəyyən irəliləyişlər var və bu nailiyyətlər güclənməkdədir: «Biz indi xüsusi təkliflər üzərində işləyirik və bu çox vacib məsələdir. Təbii ki, bizim öz işimiz əsnasında prezidentlərin görüşünə imkan və zərurət yarananda onlar öz aralarında görüş keçirəcəklər. Biz vaxtı yox, görüş üçün yaranan ehtiyacı gözləyirik».


«Yeni Müsavat» ın köşə yazarı Azər Ayxanın qəzetin sentyabrın 19-u sayında müəllimlərin maaşı məsələsinə toxunub.


«Təhsil hər millətin taleyində, gələcəyində mühüm yer tutur. Bu, danılmaz faktdır. Ən müxtəlif sahələr üzrə kadrların yetişməsi, bacarıqlı, savadlı mütəxəssislərin meydana çıxması, bir sözlə, ölkənin inkişafı birbaşa təhsilə bağlıdır».


Müəllif pedaqoqların ən böyük probleminin əmək haqqı ilə bağlı olduğu qənaətindədir: «Onlardan ən birincisi müəllimlərin əmək haqlarıdır. Bircə günün içində prezident fərmanı ilə bu məsələni yoluna qoya bilərlər. Neft və digər təbii sərvətlərlə zəngin məmləkətin müəllimlərinin ehtiyac içində dolanmaları ölkəmiz adına biabırçılıqdır. Bu qədər pulun, gəlirin qarşılığında Azərbaycan müəlliminin maaş yerinə qəpik-quruş alması həm də çox məntiqsiz görünür. Hökumət gündə bir layihə hazırlayıb ona milyonlarla manat pul ayırır. Bu cür layihələrin içində o qədər mənasız və yaxud qeyri-aktual olanı var ki. Onlardan bəzilərini müvəqqəti təxirə salmaqla təhsil işçilərinin əmək haqlarını bir neçə dəfə artırmaq mümkündür».


AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfail Hüseynov «525»ə deyib ki, «Əli İnsanovla Fərhad Əliyev siyasi məhbus deyil».


«Bu şəxslər konkret cinayətlər üzrə konkret maddələrlə ittiham olunurlar. Ümumiyyətlə, siyasi məhbus anlayışı dünya hüquq praktikasında mövcud deyil. Vaxtilə Azərbaycan Avropa Şurasına daxil olarkən götürdüyü öhdəliklər sırasında siyasi məhbuslarla əlaqədar bir maddə qoyulmuşdu və düşünürəm ki, o da zamanında təcrübəsizlik ucbatından qəbul edilmiş bir sənəd idi. Amma hər halda həmin sənəd imzalanmışdı və ona görə o istiqamətdə Avropa Şurası ilə Azərbaycan arasında birgə əməkdaşlıq oldu, müəyyən işlər görüldü, AŞPA tərəfindən qaldırılan həmin siyasi məhbus problemi birdəfəlik həll olunaraq, qurtarıb getdi».


Günün bütün mövzuları

XS
SM
MD
LG