Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:25

Ramazan ayı Mərkəzi Asiyada qida məhsullarının bahalaşdığı dövrə düşüb


Əsas qida məhsullarının bahalaşması kasıb əhali üçün ciddi problemlər yaradıb

Əsas qida məhsullarının bahalaşması kasıb əhali üçün ciddi problemlər yaradıb

Bu il Ramazan ayı təkcə Azərbaycan yox, Mərkəzi Asiyada da qida məhsullarının bahalaşdığı bir dövrə düşüb.


Çörək və digər bu kimi əsas qida məhsullarının bahalaşması kasıb bölgələrdən olan əhali üçün ciddi problemlər yaradıb. Şəhərin mərkəzinə un almağa gələn Düşənbə sakini Rəhmətulla Saidov deyir ki, sentyabr başlayandan bu yana unun qiyməti 60 faiz bahalaşıb. Saidov ucuz başa gəlsin deyə un alıb çörəyi evdə bişirməyə üstünlük verir. Amma artıq ehtiyacı ödəyəcək qədər un almaq da qeyri-mümkün olub:


«Mən inana bilmirəm ki, bir həftə ərzində 50 kiloluq unun kisəsi 20 dollardan 32 dollara qalxıb. Bizim nəsə edə biləcək bir qanunumuz və ya hökumətimiz yoxdur? Bizim maaşımız artıq un almağa belə çatmır. Ailəm bir ay ərzində 3 kisə un istifadə edir. Mənim aylıq gəlirim isə 22 dollardır. Nə edəcəyimi bilmirəm...»


Digər Mərkəzi Asiya ölkələrində də vəziyyət eynidir. Hətta regionda buğdanın əsas ixracatçısı olan Qazaxıstanda da əhali qiymət artımından şikayətlənir.


Amma bu vəziyyət artıq yerli problem olmaq çərçivəsindən çıxıb. Ötən həftə İtaliyada da «makaron tətili» olub, əhali makaronun bahalaşmasına etiraz edib. Belə ki, çörək, un, buğda və digər ərzaq məhsullarının bahalaşması bütün dünyada müşahidə olunur.


Dünya bazarında bir buşel, yəni təxminən 35 kilo buğdanın qiyməti 9 dollara qalxıb. Bahalaşmaya bütün dünya üzrə buğdaya olan tələbatın artması və bəzi taxıl əkilən ərazilərdə, məsələnə Avstraliyada quraqlıqların olması səbəb olub.


Dünya bazarında buğdanın bundan sonrakı qiyməti ilə bağlı proqnozlar da ürəkaçan deyil. Buğda istehsal edən digər əsas ölkə Kanadanın proqnozuna görə, gələn yay məhsul yığımı bu günədək olan göstəricilər arasında ən aşağı olacaq.


Mərkəzi Asiyaya buğda ixrac edən əsas ölkə Qazaxıstanda isə gözlənilir ki, bu il rekord həddə 20 milyon tona yaxın məhsul əldə olunacaq.


Almatıda İqtisadiyyat və Kənd İnkişafı institutunun analitiki Qalina Alekseyeva deyir ki, Qazaxıstanda buğda istehsalçıları məhsullun bolluğuna da baxmayaraq qiyməti qaldırırlar.


«Çörəyin qiymətini bu qədər sürətli qaldırmaq üçün səbəb yoxdur. Elektrik və yanacaq bahalaşıb. Amma bu çörəyin qiymətinə ancaq 10 faiz təsir edir. Qalan şeylər isə dünya bazarında qiymətin artması ilə bağlı gözləntilərlə əlaqəlidir. Buğda istehsal edənlər gözləyirlər ki, yeni məhsul dünya bazarına yüksək qiymətlə daxil olacaq».


Qiymətlərin qalxması Özbəkistanın bəzi şəhərlərində əhalinin küçələrə çıxmasına, Tacikistanda medianın hiddətinə, Qırğızıstanda isə istehlakçıların qəzəbinə səbəb olub.


Mərkəzi Asiya hökumətləri isə ölkə daxilində vəziyyətdən çıxış yolu axtarırlar.


Özbəkistanda hökumət iş adamlarına təzyiq göstərir ki, çörəyin qiymətini qaldırmasınlar. Türkmənistan isə çalışır ki, özü taxıl əkməyə başlasın. Baxmayaraq ki, yerli buğdanın keyfiyyəti qaneedici deyil.


Qırğızıstanın baş naziri Almaz Atambayev parlamentə müraciət edib ki, daha çox un idxal etmək üçün əlavə kapital ayrılsın.


Regionda qiymət artımı Azərbaycan əhalisi üçün də ciddi problemdir. Hökumət isə bu problemin qarşısını almaqdan ötrü Azərbaycana taxıl idxalını əlavə dəyər vergisindən azad edib. İqtisadi inkişaf nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyir ki, hökumət çörəyin qiymətinin artmasının qarşısını almaq məqsədilə gələcəkdə çörəyin istehsalı sahəsində və un idxalı ilə məşğul olan təsərrüfat subyektlərini də əlavə dəyər vergisindən azad edə bilər.


Abbas Əliyevin sözlərinə görə, hökumət bundan başqa ölkə daxilində taxıl istehsalının artırılmasına da yardım edir. Bu məqsədlə gübrə və kənd təsərrüfatı texnikasının alınması üçün dövlət büdcəsindən 80 min manat pul ayrılıb. Aqrolizinq şirkəti isə fermerləri lizinq yolu ilə kənd təsərrüfatı texnikası ilə təmin edir.


Amma bəzi ekspertlərin fikrincə, bu tədbirlər ölkədə qiymət artımının qarşısını almaq üçün kifayət deyil. İqtisadi ekspert Qubad İbadoğlu deyir ki, hökumət hər şeydən əvvəl ölkə daxilindəki monopoliya ilə mübarizəni gücləndirməli və ticarəti liberallaşdırmaqla rəqabətli bir mühit yaratmalıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG