Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:33

Qəbirləri niyə dağıdırlar?..


«Qəbiristanlığın bir hissəsi deyil, hamısı köçürüləcək»

«Qəbiristanlığın bir hissəsi deyil, hamısı köçürüləcək»

Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi barədə prezident sərəncamına görə, Nərimanov rayonu qəbiristanlığının bir hissəsi köçürülür. Bu qəbiristanlıqda müsəlmanlarla yanaşı, xristianlar, yəhudilər də dəfn edilib.


Biz ərazidə olarkən xristian qəbirlərinin söküldüyünün şahidi olduq. Qəbirlər təzə olsa da onların bəzilərinin sahibləri gözə dəymirdi. Yaxınlarının qəbrinin nə zaman söküləcəyini, onların harada yerləşdiriləcəyini öyrənməyə gəlmiş vətəndaşlar isə qəbirlərin belə xəbərsiz sökülməsinə etiraz edirdilər.


Qalina Şalim İsraildə yaşayır. Qəbiristanlığın söküləcəyi haqda xəbəri internetdən öyrənib. Burada gördükləri isə onu dəhşətə gətirib.


«Mən Bakıya bu gün gəlmişəm. Atamın, anamın, nənəmin, xalamın qəbirləri hələ dağıdılmayıb. Dayımın qəbri olan ərazi isə artıq xarabalığa çevrilib. Ətrafda hər şey dağıdılıb. Söz veriblər ki, qohumlarımın qəbrini sabah köçürəcəklər. Mən burada təkəm. Yardım ala biləcəyim kimsə yoxdur».


Bakı sakini Marina Qordeyevanın da qohumları bu qəbiristanlıqda dəfn edilib. Bir il öncə xərçəngdən dünyasını dəyişmiş anasının qəbrinin köçürülməsini eşidən Marina əsəb gərginliyi keçirib.


«Səhərdən iki təzə meyit çıxarılaraq polietilen torbalarda yolun kənarına qoyulub. Meyitlər hələ bütünlüklə dağılmayıb. O, tərəfdə isə iki uşaq qəbri açılıb. Bir neçə saatdır qəbirlərdən çıxarılan meyitləri oradan götürən yoxdur. Onların yaxınları səhərdən idarənin qarşısındadırlar. Ancaq meyitlərin daşınmasını təmin edən tapılmır».


Qordeyeva köçürmənin olduqca pis təşkil edildiyini bildirir. «Əgər 5 meyit çıxarılırsa, bura üç tabut gətirirlər. Bu zaman da qəbir sahibləri arasında mübahisə yaranır. Biz qəbirlərin üstünün götürülməsinə, ətrafının abadlaşdırılmasına pul xərcləmişik. İndi isə bizim yaxınlarımızın qəbirlərini kimsəsiz qəbirləri kimi başdaşı yerinə bir xaç qoymaqla Hövsan qəbiristanlığının bir küncünə yerləşdirirlər».


Qəbiristanlıqdan çəkilən yol əsasən təzə qəbirlər olan ərazidən keçdiyi üçün qəbirlər açılarkən ətrafı üfunət bürüyür. Bunu ərazidə yol çəkən fəhlələr deyir. Biz də burada üfunət qoxusundan və həşəratların çoxluğundan dayana bilməyib qəbiristanlığın nəzarətçisi Kamran Məmmədovun kabinetinə üz tutduq.


Kamran Məmmədov bu il avqustun 17-də Nərimanov İcra Hakimiyyətinin onlara qəbiristanlığın köçürüləcəyi haqda bildiriş göndərdiyini dedi. Köçürmə işlərinə avqustun 20-dən başlanıb. O, qəbirlərin pulsuz, bütün dini ayinlərə əməl edilməklə Hövsan Qəbiristanlığına köçürüldüyünü deyir.


Məsələyə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov da münasibət bildirib. Cənab İstratov bu məsələyə olduqca həssas yanaşılmasının tərəfdarıdır.


Qəbiristanlığın ərazisində bir sıra obyektlərin tikildiyinin də şahidi olduq. Yaxınlıqda yerləşən qarajların sahiblərilə söhbətimizdə onlar burada yaşayış binası və Yanğından Mühafizə Xidməti üçün qarajlar tikildiyini öyrəndik.


Ərazidə xristian qəbirlərilə yanaşı 50-yə yaxın qaraj da sökülüb. Qalan qaraj sahiblərinə isə Bakı şəhəri İcra Hakimiyyətindən xəbərdarlıq gəlib.


Ərazidə yaşayış binaları tikildiyinə görə, qaraj sahibləri düşünür ki, qəbiristanlığın bir hissəsi deyil, hamısı köçürüləcək. [Şəkillər Media Forumundur]




XS
SM
MD
LG