Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:45

Bu gün dolların məzənnəsi heç vaxt düşmədiyi qədər düşüb. İndi 1 avronun qiyməti 1dollar 39 senti keçir. Ekspertlər dolların daha da ucuzlaşacağını deyirlər.


Dolların qiymətdən düşməyi, Amerika iqtisadiyyatında baş verənlərlə bağlı narahatlıqla izah olunur. Hər şey Amerikanın əmlak bazarındakı vəlvələdən sonra başlayıb. İndi Amerikada ipotekayla ev alanlar borclarını verib, qurtara bilmirlər. Nəticədə evlərin qiyməti kəskin düşüb, ev sahibləri əmlaklarını sata bilmirlər. Əmlak bazarında baş verənlər isə bütün iqtisadiyyata təsir edib.


Ekspertlər müşahidə ediblər ki, avqustda Amerikada iş yerlərinin sayı azalıb. Bu isə Amerika iqtisadiyyatının «xəstələnməsindən» xəbər verir. Londondakı BNP Baribas Bankından İan Stannard belə deyir:


«Bu, çox mühüm hadisədir, real göstəricidir. Bu, Birləşmiş Ştatların iqtisadiyyatında zəifləmənin başladığını göstərir. Üstəlik, Amerikanın Maliyyə naziri Henri Paulson dedi ki, böhran gözləniləndən çox davam edə bilər. Və bu da bazara təsir edib, bazar dollardan üz döndərir, investorlar qorxurlar ki, bu hal daha uzun müddət çəkə bilər. Ona görə də dolların indiki məzənnədən də aşağı düşməsi mümkündür».


İan Stannard hesab edir ki, ilin sonuna avronun qiyməti 1 dollar 43 sentə çata bilər. Ekspertlər bunun qaçılmaz olduğunu deyirlər.


Azərbaycanda da dollar ucuzlaşmaqdadır və bu dollarla maaş alanlara yox, hamıya ziyandır. İqtisadçı ekspert İnqilab Əhmədov deyir ki, dolların düşməyi ona görə təhlükəlidir ki, Azərbaycan ixrac etdiyi məhsulların yarıdan çoxunu dollara satır, alınan mallar üçün daha çox avro ödənir:


«Azərbaycanın ixrac etdiyi malların 74 faizi neft, neft məhsullarıdır. Dünya bazarında neft sazişləri dollarla bağlanır. Biz də bundan itiririk ki, qazanmırıq. İdxal olunan malların da mənşəyində Avropa malları çoxdur. Avro mənşəli mallar gələndə biz onu dollarla sayırıq, məlum olur ki, artıq bu mallar özləriylə ölkəyə infilyasiya gətirirlər».


İnqilab Əhmədov deyir ki, dolların Azərbaycan manatına nisbətən düşməsi, milli valyutanın möhkəmlənməsi həm də ona görə ziyandır ki, Azərbaycan inkişaf etməkdə olan ölkədir və belə ölkə üçün milli valyutanın ucuzlaşması daha sərfəlidir. Bu, ölkəyə dünya bazarına daha çox məhsul çıxarmağa, rəqabətə imkan verir.


Bir də ki, dolların qiymətdən düşməyi Azərbaycan hökumətini neft pullarını dəyişməyə məcbur edib. İndiyə qədər Neft Fondunun pulları əsasən dollar kimi saxlanırdı. İnqilab Əhmədov deyir ki, indi neft pullarının 55 faizi dollarla saxlanır, 35 faizi avro, qalanı isə funt sterlinqlə.


Günün bütün mövzuları

XS
SM
MD
LG