Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:08

Zubkov Putinin varisidir?


Zubkov ola bilər ki, varisdir: «Ancaq nə olsun ki, varisə oxşamır…»

Zubkov ola bilər ki, varisdir: «Ancaq nə olsun ki, varisə oxşamır…»

Keçən il Rusiyada sorğu əsasında 100 ən nüfuzlu siyasətçinin siyahısı hazırlanmışdı, orda Zubkov 84-cü yerdə idi.

«New York Times» ona da təccüblənir ki, görəsən, Zubkov birinci yüzlüyə necə düşüb? «Çünki onu tanıyırsa, yalnız çirkli pulları olanlar tanıyır, o da ona görə ki, Zubkov maliyyə cinayətləri ilə mübarizə idarəsinin rəhbəridir».

İndi həmin 65 yaşlı Viktor Zubkovu Putin Baş nazir qoymaq istəyir, bununla da «Nyu York Times»ın yazdığı kimi, bütün politoloqları çaşdırıb. Çünki siyasi icmalçıları maraqlandıran əsas məsələ Putindən sonra kimin prezident olacağıdır. Əgər Baş nazir vəzifəsinə Putin Sergey İvanovu irəli sürsəydi, hamı deyəcəkdi ki, varis odur.


Ancaq indi demək olarmı ki, Zubkov gələcək prezidentdir? «New York Times» yazır ki, bu sual açıq qalır. Çünki olmaya bildiyi kimi, ola da bilər.


Putin iki dəfə prezident olduğundan daha üçüncü dəfə dalbadal prezident seçilə bilməz, indi hamını onun varisi maraqlandırır.


«Nezavisimaya qazeta»nın redaktoru Remçukov inanmır ki, varis Zubkov ola: «Zubkov Putinin ən yaxın adamlarındandır, bunu hamı bilir. Vaxtilə Putin Sankt Peterburqda meriyada işləyəndə onun müavini olub, özü də maliyyə cinayətləri ilə mübarizə idarəsinin rəisi kimi».


Ancaq redaktorun fikrincə, Putin onu Baş nazirliyə ona görə irəli sürür ki, prezident seçkiləri özünün düşündüyü kimi, tam nəzarəti altında getsin.


«Washington Post» da xatırladır ki, vaxtilə Zubkov Leninqrad vilayətinin qubernatoru olmaq istəyib, ancaq cəmi 8 faiz səs yığıb.


Zubkovun gücü təşkilatçılığındadır. Putinin yaxın ətrafına daxildir. O, yeganə adamlardandır ki, Putin ad gününə dəvət edir. Rusiyanın Cari Siyasət Mərkəzinin mart ayındakı hesabatına görə, Zubkov güc strukturlarının Kremldəki adamıdır. Güc strukturları deyəndə, hərbi sənaye kompleksi və hökumətin nəzarətində olan şirkətlər nəzərdə tutulur.


Ancaq onu da demək lazımdır ki, Zubkovu prezidentliyə ideal namizəd hesab edənlər də var. Kommunist deputat İlyuxin «Exo Moskvı» radiosuna məhz belə deyib. İdeal deyəndə, Putin üçün ideal nəzərdə tutulur.


Deputatın izahı da maraqlıdır. İlyuxinin fikrincə, plan belədir - Zubkov 4 il prezident olur və Putin 2012-ci ildə yenidən prezidentliyə qayıdır. Deputat deyir ki, 65 yaş da təsadüfi deyil, Zubkov cavan və ambisiyalı olsaydı, sonra ondan prezidentliyi geri almaq çətin olardı.


Kommunist deputatın dediyinə zarafat kimi baxanların nəzərinə çatdıraq ki, eyni versiyanı «Wall Street Journal» da baş məqaləsində irəli sürür. Ancaq bir az fərqli şəkildə ki, Zubkov müddəti başa çatmamış prezidentlikdən gedir, Putinin geri qayıtmasına qanunla əngəl olmur.


Rusiyanın Siyasi Texnologiyalar Mərkəzinin təhliçisi Makarenko isə deyir ki, Zubkov ola bilər ki, varisdir: «Ancaq nə olsun ki, varisə oxşamır…»


Günün bütün mövzuları

XS
SM
MD
LG