Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:41

11 sentyabr terroruna haqq qazandırmaq olarmı?


Demək olmaz, demokratiya yaxşıdır, islam pisdir, bu, ekstremizmə qaynaq verir
Demək olmaz, demokratiya yaxşıdır, islam pisdir, bu, ekstremizmə qaynaq verir
Dünyanın ən məşhur sorğu mərkəzi «Gallup» «11 sentyabr terroruna haqq qazandırmaq olarmı» mövzusunda sorğu keçirib. ABŞ-da yaşayan müsəlmanların 6 faizi deyib ki, bu hücum tamamilə ədalətlidir. Amerikanın ən yaxın müsəlman müttəfiqi Səudiyyə Ərəbistanında isə 4 faiz düşünür ki, terrorçular düz ediblər.

Birləşmiş Ştatların düşməni hesab olunan İranda isə cəmi 2 faiz hesab edir ki, 11 sentyabr terroruna haqq qazandırmaq olar.


Sorğuda məqsəd odur ki, müsəlmanların adından onlarla, yüzlərlə adam danışır, bəs bir milyarddan çox müsəlmanın özü nə fikirləşir?


Üç il ərzində keçirilən sorğunu adı tam anonim saxlanmaqla hər bir müsəlmanla təkbətək, onun evində aparıblar. Məlum olub ki, ekstremist baxışlar müsəlmanların düşüncəsini əks etdirmir. Belə düşünənlər 7 faizi keçmir.


«Gallup»ın Müsəlman Tədqiqatları Mərkəzinin rəhbəri Daliya Moqahed deyir ki, məsələn, Qərbdə yaşayan müsəlman icmaları da düşünüldüyünün əksinə olaraq özlərinə qapanıb qalmaq istəmirlər: «Düşünürəm ki, onlar cəmiyyətə inteqrasiya etmək, tam hüquqlu üzv olmaq və məsuliyyət daşımaq istəyirlər».


«Gallup»ın fikrincə, sorğunun bir prinsipial maraqlı məqamı odur ki, terroru pisləyənlərin çoxu məhz «Qurani-Kərim»dən sitat gətirib. Terroru müdafiə edənlərin heç biri isə «Quran»dan sitat gətirməyib. Dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyada bir qadın «Quran»dan bir ayəni misal çəkib ki, bir həyatı məhv etmək, bütöv dünyanı məhv etməkdir.


Terroru müdafiə edənlər isə siyasi motivlərə istinad edirlər. Biri deyib ki, Amerika müstəmləkə siyasəti yeridir, buna nə cürsə etiraz etmək lazım idi.


Radikal baxışlılar deyirlər ki, mübahisə prinsiplər üstə yox, siyasət üstədir, mötədil baxışlılar isə daha çox iqtisadiyyata fikir veriblər. Məsələn, deyiblər ki, Qərb iqtisadi cəhətdən müsəlman ölkələrini müdafiə etməlidir, Qərblə yaxşı iqtisadi əlaqələr olmalıdır.


Mötədillər onu da deyirlər ki, Amerika demokratiyanın müdafiəsində ciddidir, Birləşmiş Ştatlarla yaxşı əlaqə gec-tez demokratikliyə gətirir. Radikallar isə Amerikaya inanmırlar.


Qərb ölkələrinə münasibətə gəldikdə, Almaniya və Fransaya müsəlmanların münasibəti nisbi götürəndə pozitivdir. Amerika və Britaniyaya münasibət isə daha çox mənfidir.


Ancaq sorğunun nəticəsinə görə, Amerikadan, Qərb ölkələrindən narazı və qəzəbli olanlar belə, Qərb dəyərlərini inkar etmirlər.


Pakistandan İndoneziyaya qədər, Səudiyyə Ərəbistanından Mərakeşə qədər əksəriyyət deyib ki, azad mətbuat, hökumətin cavabdehliyi, demokratiya kimi Qərb dəyərləri çox vacibdir. Bunu radikallar da deyir, mötədillər də.


«Gallup»ın özü bu sörğusu haqda hesabatında yazır ki, Qərbin siyasi dairələri və beyin mərkəzləri terrorla müharibəni soyuq müharibə sayağı aparmaq istəyirlər. O vaxt insanlara deyirdilər, kommunizm pisdir, demokratiya yaxşıdır. Ancaq indi demək olmaz, demokratiya yaxşıdır, islam pisdir, bu, ekstremizmə qaynaq verir. İkincisi, Amerika terrorla müharibədə öz ölkələrində repressiv, qeyri-populyar olan rejimlərlə müttəfiq olur, bu da Birləşmiş Ştatları nüfuzdan salır. Halbuki Amerika öz iqtisadi uğurları, demokratikliyi, pop mədəniyyəti ilə daha çox uğur qazana bilər.


«Gallup» sorğuda iştirak edənlərdən birinin sözlərini sitat gətirir ki, SSRİ-ni Amerikanın hərbi gücündən çox, cins şalvarı yıxdı.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG