Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:18

Qarabağ atları Avropada


Verena Şolian sevimli atı İnturistlə, sentyabr 2007

Verena Şolian sevimli atı İnturistlə, sentyabr 2007

«Seçəndə bilmirdim ki Qarabağ atıdı, sadəcə gözəl bir qızılı at bəyənmişdim, sonradan bildim ki, Qarabağ atı imiş...»

Verena Şolian Almaniyanın Ginsxaym-Qustavsburq şəhərində yaşayır. Orta məktəbdə riyaziyyat müəlliməsi işləyir. Ən sevimli atı olan İnturistdən danışır. Bu qəribə adlı Qarabağ atını o, 17 il qabaq SSRİ-dən gətirilən atların içindən seçib alıb.

«O vaxtacan mənim çox atım olmuşdu, alman atları, ərəb atları... Amma İnturist onların hamısından yaxşı idi. Əsl sadiq dost idi. Ona görə də məndə Qarabağ atlarını çoxaltmaq istəyi yarandı».

İndi Avropada onlarla at var ki, ya xalis Qarabağ cinsli atdı, ya da Qarabağ atıyla ərəb atını cütləşdirib alıblar. Almaniyanın başqa şəhərlərində, eləcə də Hollandiyada, İsveçrədə, İtaliyada da Qarabağ atlarının izi var.

İsveçrədə Qarabağ atı Əlyetməzə heykəl

İsveçrəli at saxlayan Hans Hutmeyer isə hətta malikanəsinin qarşısında XIX əsrin məşhur Qarabağ atı Əlyetməzə heykəl də qoyub. Bu həmin Əlyetməzdi ki, Rusiyada knyaginya Usmiyevanın at zavoduna məxsus olub və 1867-ci ildə ümumrusiya sərgisində mükafat alıb.

Qarabağ atının Avropaya gəlişi tarixində 1956-cı il də mühüm yer tutur. O vaxt Böyük Britaniyaya səfər edən sovet rəhbəri Nikita Xruşşov kraliça Yelizavetaya Ağdam Atçılıq Zavodundan olan Zaman adlı Qarabağ atı da bağışlayıb.

Almaniyalı müəllimə Verena Şolianın 2 Qarabağ, 6 da ərəb atıyla cütləşdirib aldığı -Tapmaca, Sirli, Tülay... adlı atları var.

Verena Şolian həm də Qarabağ və Orta Asiya atları həvəskarları cəmiyyətini yaradıb. İndi cəmiyyətin 50-dən çox üzvü var. O deyir ki, Qarabağ atlarını artırmaq elə də asan deyil.

«Bir səbəb odu ki, Azərbaycan madyanları satmaq istəmir. Başqa səbəb isə odu ki, Avropa Birliyinin öz siyahısı var ki, atı hansı ölkələrdən gətirmək olar, amma Azərbaycanın adı orda yoxdur, Azərbaycan o siyahıya düşmək üçün gərək özü müraciət etsin. Bundan sonra Avropa Birliyinin ekspertləri gəlib orda veterenar vəziyyəti yoxlamalıdır».

Almaniyada Qarabağ atları

Amma Verena Şolian deyir ki, Azərbaycan hökumətini başa düşür-heç kəs madyanı satmaq istəmir.

Qarabağ işğal olunanda Azərbaycan tərəfi Ağdam Atçılıq Zavodunu təhlükəsiz yerə - Bərdə-Beyləqan ərazisinə köçürə bilib. İndi həmin ilxıda cəmi 200-ə qədər at var. Amma həmsöhbətim deyir ki, günlərin bir günü madyan almaq arzusunun həyata keçəcəyinə inanır. Axır 5 ildə bir neçə dəfə Azərbaycanda olan Verena Şolian, bir aya yenə gəlməyi planlaşdırır.

«Atlar mənim hobbimdir. İki ilə təqaüdə çıxacağam və özümü tam atlara həsr edəcəyəm».

Avropanın iqlimi Qarabağ atlarına düşür. Belə ki, İnturist heç vaxt xəstələnməyib.

Avropalıların Quba atlarına da simpatiyası var. Yorğa yerişləri olduğundan var, onlar at sürənlərin çox xoşuna gəlir.

XS
SM
MD
LG