Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:32

«Cənab prezident, Amerika hücuma məruz qalıb…»


11 sentyabrda xalqa müraciətində prezident terrorun arxasında duranların tapılacağını bildirir
11 sentyabrda xalqa müraciətində prezident terrorun arxasında duranların tapılacağını bildirir

11 sentyabr günü Nyu-Yorkda hava həmişəkindən daha isti idi. Şəhər sakinləri növbəti iş gününə başlayırdı. Həm də şəhər meriyasına ilkin seçkilərə hazırlaşırdılar. Birdən uğultu eşidilir. Sürətlə aşağı enən «Boinq-757» təyyarəsinin mühərriklərinin gurultusu yoldan keçənləri ayaq saxlayıb bu təyyarənin qeyri-adi uçuşuna tamaşa etməyə vadar edir. Həmin vaxt təsadüfən Manhettendə sənədli film çəkən reportyorlar təyyarənin Ümumdünya Ticarət Mərkəzinin 417 metrlik şimal qülləsinə çırpılmasını lentə ala biliblər.


Ekipaj üzvləri ilə birgə 94 sərnişinin olduğu təyyarə 110 mərtəbəlik binanın 94-99-cu mərtəbələri arasına tıxanır. Beton parçaları, şüşə qırıqları, ofis kağızları, təyyarədən axan tonlarla yanacaq bir-birinə qarışır. Cəmi bir neçə dəqiqədən sonra CNN alova bürünmüş binanı bütün dünyaya canlı nümayiş etdirir:


«Siz canlı yayımla çox dəhşətli bir hadisəni izləyirsiniz. Bu, Ümumdünya Ticarət Mərkəzidir. Təsdiqlənməyən məlumata görə, bir təyyarə mərkəzin bir qülləsinə çırpılıb».


Yanğınsöndürənlər, təcili yardım maşınları, bütün Nyu-York polisi hadisə yerinə tələsir. Bütün televiziyalar canlı yayıma başlayır.


Saat 9.03-də, yəni hadisədən 17 dəqiqə sonra 2-ci bir təyyarə mərkəzin cənub qülləsinə çırpılanda «ABC» telekanalının müxbiri şimal qülləsindəki vəziyyətlə bağlı xəbər verirdi:


«Hələlik burada xilasetmə işləri gözə dəymir. Xatırladaq ki...Aman Allah!»


53 sərnişin və ekipaj üzvü daşıyan 2-ci təyyarə 84 və 78-ci mərtəbələrin arasında ilişib qalır. Yalnız indi tam yəqin olur ki, bu, qəza yox, koordinasiya olunmuş terror aktıdır.


Həmin vaxt prezident Buş Floridada bir məktəbə baş çəkirmiş. İlk təyyarə barədə ona məlumat veriləndə bunun bədbəxt hadisə olduğu güman edilirdi. Buna görə də prezident ziyarətini davam etdirir. Ancaq bir müddət sonra Buşun heyət müdiri Endryu Kard prezidentin qulağına pıçıldayır: «Cənab prezident, Ümumdünya Ticarət Mərkəzinə daha bir təyyarə çırpılıb, Amerika hücuma məruz qalıb».


Hücumlar bunlarla bitmir. 9.39-da Vaşinqtondan qalxan və bortunda 63 nəfər olan daha bir təyyarə Pentaqonun üzərinə düşür. Sərnişinlərdən başqa binada 125 nəfər həlak olur.


Bu arada Nyu-Yorkda cənub qülləsi çökür... Həmin an hələ havada olan 4-cü təyyarədə ölüm-dirim mübarizəsi başlayır. Nyu-Yorkdakı hadisələrdən xəbər tutan sərnişinlər öz təyyarələrinin növbəti hədəfə çevrilməməsi üçün terrorçularla əlbəyaxa olurlar. 1 neçə dəqiqə sonra təyyarə Pensilvaniyada meşəliyə düşür. Rəsmilər sərnişinlərin bu qəhrəmanlığı nəticəsində çox güman Ağ Evin və ya Kapitolinin xilas olduğunu bildirirlər. Bundan bir qədər sonra isə Şimal qülləsi də sarsıntıya tab gətirməyərək çökür: Hər iki qüllənin çökməsi nəticəsində 2.700 adam, o cümlədən 343 yanğınsöndürən həlak olur.


Vaşinqtonda prezident Buşun təhlükəsizliyi təhdid altında olduğundan o, Hərbi Hava Qüvvələrinin Nebraskadakı bazasına aparılır. Yalnız axşam 9-da Oval ofisə qayıdan prezident burdan xalqa müraciət edir. O, terrorun arxasında duranların tapılacağını bildirir. Hadisədən bir neçə saat keçməmiş hökumətdə və mediada terrorun Əl-Qaidənin işi olduğu barədə söz-söhbətlər yayılır.


Buna da bax:

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG