Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:00

«Kitabxanalar ekstremist, ifratçı dini ədəbiyyatlarla zəngindir»


«Bu cür kitablarda islam son dərəcə birtərəfli şərh olunur»

«Bu cür kitablarda islam son dərəcə birtərəfli şərh olunur»

Londonda əsasən müsəlman əhalisinə xidmət edən ictimai kitabxanalar ekstremist, yəni ifratçı dini ədəbiyyatlarla zəngindir.

«Vigil» Elmi Tədqiqat İnstitutu apardığı araşdırma zamanı bu nəticəyə gəlib. İnstitut Böyük Britaniyada altı kitabxanada ekstremist ədəbiyyatın olduğunu üzə çıxarıb.

Bu cür kitabların çoxsaylı nüsxələri daha çox ölkənin əsasən müsəlmanlar yaşayan ərazisində - Hamlets qalası adlanan yerdə tapılıb. Bu ərazidə ingilis, urdu, benqal və somali dillərində ekstremist kitabların yayıldığı səkkiz kitabxana var.

Hamlets qalasındakı kitabxanalar da daxil olmaqla ictimai kitabxanalarda tapılan mübahisəli bir neçə kitabın müəllifləri terrorist tərəfdarları kimi tanınan iki britaniyalıdır.

Tədqiqatın müəlliflərindən biri Duqlas Murrey BBC-yə deyib ki, bu cür kitablarda islam son dərəcə birtərəfli şərh olunur.

Hökumətin təhlükəsizlik məsələləri üzrə yeni məsləhətçisi Patrik Merser də məsələ ilə bağlı narahatlığını bildirib. Söz azadlığının əleyhinə olmadığını deyən Patrik Merser bildirib ki, bu materialların əksəriyyəti ekstremist fikirləri əks etdirir. Hər şeyə həssas olan gənclər bu cür materiallarla qarşılaşa və bu fikirlərin əksər müsəlmanlara aid olduğunu düşünə bilərlər.

Tədqiqatın müəllifləri hesabatda xəbərdarlıq edirlər ki, kitabxanaların islama dair bölmələrindəki kitabların əksəriyyəti digər dinlərin tərəfdarlarına qarşı terrorizmi, cihad ideologiyasını rədd edənlərə qarşı zorakılığı və qadınlar arasında ayri-seçkiliyi təbliğ edirlər. Müəlliflərin dediyinə görə, bu cür kitablara nəinki kitabxanalarda, hətta sərgilərdə də rast gəlinir.

«Bakı» Kitab Klubunun rəhbəri Elxan Rzayev isə deyir ki, bu cür ekstremist fikirlər, xürafat yayan dini kitablar Azərbaycanda da az deyil. Amma Böyük Britaniyadan fərqli olaraq, Azərbaycanda ekstremist ədəbiyyata daha çox satışda rast gəlinir, nəinki kitabxanalarda: «Belə kitablar müxtəlif fondların, dövlətlərin maliyyə dəstəyi ilə çap olunduğundan qiymətləri çox ucuz olur. Buna görə də onları əldə etmək çox asan olur. Bir çox hallarda isə belə kitablar pulsuz paylanır».

Elxan Rzayev deyir ki, Azərbaycanda yayılan ekstremist ədəbiyyatın əksəriyyətində təkcə islama yox, həm də dövlətçiliyə zidd olan ideologiyalar təbliğ olunur.

Belə kitabların ölkədə yayılması faktını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası sektorunun müdiri Ceyhun Məmmədov da təsdiqləyir. O, bu məqsədlə qurumun dini kitablar satılan mağazalara vaxtaşırı baxışlar keçirdiyini və bu cür kitabların satışdan yığışdırıldığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG