Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:11

Bethovenin ölümü ilə bağlı yeni versiya


Deyilənə görə, bu əvəzsiz bəstəkar həkimlər üçün çox tərs və çətin bir xəstə olub
Deyilənə görə, bu əvəzsiz bəstəkar həkimlər üçün çox tərs və çətin bir xəstə olub

Dünya şöhrətli bəstəkar Lüdviq Van Bethoven 180 il bundan əvvəl vəfat etsə də, onun ölümünün səbəbləri hələ də araşdırılır. «Bethoven jurnalı» adlı dərginin son sayında bəstəkarın öz həkiminin ehtiyatsızlığı üzündən öldüyü iddia edilir.


Vyana Tibb Universitetindən Kristian Röyter bəstəkarın saçını analiz edəndə yüksək qurğuşun konsentrasiyası aşkar edib. Məlumdur ki, Bethoven ömrünün sonuna yaxın mədə qıcqırmasından əziyyət çəkirmiş. Röyterin ehtimalına görə, bəstəkarın həkimi Andreas Vavraç xəstəni müalicə etmək üçün o dövrün təcrübəsinə uyğun olaraq, əvvəl pasiyentin qarnını 4 dəfə punksiya edir, sonra isə yerinə isti qurğuşun duzu qoyurmuş. Bu isə qaraciyər serrozundan əziyyət çəkən Bethovenin vəziyyətini daha da pisləşdirib. Şərab aludəçisi olan Bethovenin orqanizmində onsuz da qurğuşunun miqdarı yüksək imiş.


Röyter Bethovenin ölümünə görə bütün günahı onun həkimində görən ilk mütəxəssis olsa da, bəstəkarın ölüm səbəbini şübhə altına alan ilk araşdırmaçı deyil. Merilend Universitetinin tibb tarixçisi Filip Makkoviak bu yaxınlarda nəşr etdiyi kitabda Bethovenin ölümünün, hətta onun karlığının tamam başqa səbəbini aşkar edib. Onun fikrincə, bəstəkar sifilisə yoluxubmuş. Sifilis müalicə olunmadıqda bir neçə on il ərzində çox orqanın sıradan çıxmasına gətirib çıxara bilər.


Bethovenin həyatı haqqında başqa bir kitabın müəllifi, psixiatr Martin May da Röyter kimi bəstəkarın ölümünün əsas səbəbini serrozda görür. Ancaq Röyterdən fərqli olaraq, May günahı həkimin yox, şəraba həddən artıq aludə olan bəstəkarın üzərinə qoyur. Çünki May alkoqoldan asılılığın 7 əlamətindən azı 3-nü Bethovendə aşkar edib.


Bəlkə də bu taleyin istehzasıdır ki, Bethoven ölümündən sonra həkimlərin marağını bu qədər cəlb edir. Sağlığında isə çox az həkim onu müalicə etmək istəyib. Deyilənə görə, bu əvəzsiz bəstəkar həkimlər üçün çox tərs və çətin bir xəstə olub.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG