Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:22

Ərzaq məhsullarının bahalaşması narazılığa səbəb oldu


İndi Özbəkistanda unun kilosu 1 dollara yaxındır
İndi Özbəkistanda unun kilosu 1 dollara yaxındır
Özbəkistanın Oltiarıq rayon sakinləri etiraz əlaməti olaraq küçələrə çıxıblar. Aksiya iştirakçıları ölkədə bəzi ərzaq məhsullarının, ən əsası da ət, un və bitki yağının bahalaşmasına etiraz ediblər.

Sakinlərin əksəriyyəti Yangi-ərəb kəndindən Oltiarıq rayonu hökumət binasının qarşısınadək yürüş edib. Aksiya daha sonra Fərqanə yerli hökumətinin binası qarşısında davam etdirilib.


Fərqanənin fəal sakinlərindən biri Əbdusalom Erqaşev deyir ki, aksiya iştirakçıları yerli rəsmilərlə görüşüb:


«Hökumətin rəsmiləri aksiya iştirakçıları ilə görüşüb, danışıb, onları sakitləşdirib və geriyə - Oltiarıqa göndərib».


Məlumata görə, bu cür narazılıqlar Özbəkstanın şərqində də olub.


Müstəqit internet saytı olan uzmetronom.com-un yaydığı məlumatda bildirilir ki, Əndican, Namanqan və Fərqanə vadilərində də böyük nümayişlər keçirilib.


Müstəqil jurnalist, uzmetronom.com saytının rəhbəri Sergey Ezkov deyir ki, əsas qida məhsullarının bahalaşmasından bütün ölkə əhalisi narazıdır:


«Digər şəhərlərdə də vəziyyət eynidir. Amma görünür Oltiarığın sakinləri bir-birilə daha çox həmrəydilər».


İndi Özbəkistanda unun kilosu 1 dollara yaxındır. Bu isə ölkə əhalisinin aylıq minimum əməkhaqlarının 8 faizi deməkdir. Özbəkistanda rəsmi göstəriciyə görə, bir vətəndaşın minimum aylıq əməkhaqqı 12 dollardır. Rəsmi rəqəmlərə görə, minimal əməkhaqqı Özbəkistanla müqayisədə Azərbaycanda bir qədər yüksəkdir - adambaşına 50 manat, yəni təxminən 60 dollar. Müqayisə üçün onu da deyək ki, Azərbaycanda unun qiyməti də Özbəkistanla müqayisədə daha ucuzdur - kilosu 1 dollardan az, 60 sent. Amma buna baxmayaraq bu ilin yanvar ayından başlayan bahalaşma Azərbaycanda da narazılığa səbəb olub. Müsavat Partiyası qiymət artımına etiraz olaraq silsilə aksiyalar da keçirib. İqtisadçı ekspert Qubad İbadoğlu narazı təbəqənin olmasını təbii hesab edir:


«Sonuncu dəfə minimum əməkhaqqı fevral ayında artırılıb, 50 manat olub. Amma ötən il parlamentin təsdiq etdiyi yaşayış minimumunun dəyəri 64 manat idi. Bahalaşmadan sonra isə bizim hesablamalarımıza görə, vətəndaşın minimum aylıq xərci 90 manatdan az deyil. Əhalinin yarısından çoxunun bu xərcləri qarşılamaqda problemləri var».


Qubad İbadoğlunun fikrincə, qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda etiraz aksiyalarının davamlı olmamasının səbəbi inamsızlıqdır:


«Hökumət narazı ictimaiyyətin səsini eşitmədiyinə görə, narazı cəmiyyət də səsini ucaltmağı mənasız hesab edir»


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG