Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:20

Sabiq nazirin bacısı oğlu ona qarşı irəli sürülən ittihamları əsasız adlandırıb


Əli İnsanov və digər on nəfərin apellyasiya şikayətinin baxışı davam edir
Əli İnsanov və digər on nəfərin apellyasiya şikayətinin baxışı davam edir

Avqustun 31-də Apellyasiya Məhkəməsində hakim Qalib Məmmədovun sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanov və digər on nəfərin apellyasiya şikayətinin baxışı davam edib.


Sabiq nazirin bacısı oğlu Anar Namazov ona qarşı irəli sürülən ittihamları əsasız adlandırıb. A.Namazov bildirib ki, o Cinayət Məcəlləsinin mənimsəmə və ya israfetmə, həmçinin vəzifə saxtakarlığı maddələri ilə mühakimə olunub.


«Həbsim barədə məhkəmə hökmü ədalətsizdir. Mən hər hansı vəzifə tutmamışam ki, saxtakarlığa yol verəm. Dövlət müəssisələrinin özəlləşdirilməsi isə Dövlət Əmlak Komitəsi tərəfindən Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normaya uyğun aparılıb. Bu isə mənim hər hansı hüquqi cavabdehliyimin olmamasına sübutdur».


Vəkil Ağaveyis Şahverdi Anar Namazovun özəlləşdirdiyi iki obyektin özəlləşdirməyə açıq olduğunu bildirib. «Obyektlərin özəlləşdirilməsi barədə Dövlət Əmlak Komitəsinni sədri Kərəm Həsənov qərar qəbul edib. Alqı-satqı müqaviləsi isə hər iki tərəfdən könüllü bağlanıb».


Vəkil həmçinin səhiyyə obyektlərinin özəlləşdirilməsinə istintaq və məhkəmənin dörd baxışının olduğunu deyib. «Anar Namazova qarşı məhkəmə hökmü siyasi xarakter daşıyır. Belə ki, 60 səhiyyə obyekti özəlləşdirilib. Özəlləşdirmədə iştirak edən birinci qrup adamlar ümumiyyətlə istintaqa cəlb edilməyib. İkinci qrup adamlar mülki cavabdeh kimi cəlb edilib, 3-cü qrup şəxslər cinayət məsuliyyətinə cəlb edilib, azadlıqdan məhrumetmə cəzalarına məhkum edilməyib. Dördüncü qrup şəxslər isə siyasi məqsədlərlə azadlıqdan məhrum edilib. O cümlədən Anar Namazov. Əslində isə bunların hamısı eyni dərəcədə cavabdehdir».


Səhiyyə Nazirliyinin beynəlxalq əlaqələr idarəsinin sabiq müdiri Aleksandr Umnyaşkinin vəkili İsaxan Aşurov müdafiə etdiyi şəxsin həbsinin səbəbinin anlaşıqlı olmadığını deyib. «O, özgə əmlakını mənimsəmə maddəsi ilə məhkum edilib. Guya A.Umnyaşkin qrant hesabında dörd min dollar mənimsəyib. Qrant verən şirkət isə hər hansı iddia irəli sürməyib və hesabatın düzgün olduğunu təsdiqləyir. Bununla belə, 4 min dollar da ödənilib. Onun barəsində yenə həbs barədə hökm çıxarılıb. Həbsə əsas verən sübut isə ümumiyyətlə yoxdur».


Günün ikinci yarısında məhkəmə işini davam etdirəcək.


Sabiq Səhiyyə naziri Əli İnsanov və nazirliyin yüksək vəzifəli şəxsləri mənimsəmə, korrupsiya və s.-də ittiham edilirlər. (Turan)


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG