Avqustun 31-i saat 11.30-dan 12.00-a qədər Astaranın Ərçivan kənd sakinləri Bakı-Astara magistral yolunu bağlayıb. Onlar Bakının Yasamal rayonunda uçmuş binanın qalıqları altında qalan həmkəndlilərinin cəsədlərinin axtarışının yubadılmasına etiraz edirlər. Sakinlər itkin düşmüş insanların yaxınlarının xilasetmə işlərində iştirakına icazə verilməsini tələb edirlər.
Bu barədə «Azadlıq» radiosuna aksiya iştirakçılarından Ərçivan kənd sakini Aslan Mehdiyev məlumat verib. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin xilasetmə işlərinin birinci mərhələsinin artıq başa çatması və avqustun 31-i saat 12-dən başlayaraq ərazinin ağır texnika ilə təmizlənəcəyi haqda xəbəri kənddə etiraz dalğası yaradıb.
Aslan Mehdiyevin sözlərinə görə, indiyə qədər kənd sakinlərindən 6 nəfərin dağıntılar altında qalması güman olunur. Əgər ərazidə təmizlənmə işləri ağır texnika ilə aparılsa, əhali meyitlərin tanınmaz hala düşəcəyindən narahatdırlar.
Aksiya başlayandan yarım saat sonra əraziyə rayon polis idarəsinin, prokurorluğun və icra hakimiyyətinin nümayəndələri gələrək camaatdan yolu açmağı xahiş ediblər. Hakimiyyət nümayəndələri bildirib ki, uçqun altındakı bütün cəsədlərin öz sahiblərinə veriləcək. Bundan sonra kənd sakinləri yolu açıb. Onlar tələbləri yerinə yetirilməsə, yenidən etiraz aksiyası başlayacaqlarını bildiriblər.