Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:34

«Gedin prezidentinizə cinayət işi açın…»


Sabiq səhiyyə naziri Əli İnsanov saxlanma şəraitinin ağır olmasını bildirib

Sabiq səhiyyə naziri Əli İnsanov saxlanma şəraitinin ağır olmasını bildirib

Avqustun 30-da Bakı Apellyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanov və daha 10 nəfərin işi üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 20 aprel tarixli hökmündən verdikləri apellyasiya şikayətinə baxılıb. Proses bu gün nəşr olunan qəzetlərin diqqət mərkəzində olub.


«Yeni Müsavat» sabiq nazirin iqtidarın ünvanına sərt ittihamlar səsləndirdiyini yazır.


Əli İnsanov prosesə sədrlik edən hakimə deyib: «Siz qanunları pozub bu kürsüyə yiyələnibsiniz. Mən beş aydır bu məhkəməni gözləyirəm. Özüm-özümə sual verirəm ki, niyə gözləyirəm. Sualıma cavab tapıram ki, məhkəmənin uzadılmasını dövlət başçısı göstəriş verib. Mən hüquqlarımı dilənməyə məhkum deyiləm».


«Bu hüquqsuz ölkədə prezidentin sözü konstitusiyanın müddəalarından üstündür. Bu yaxınlarda Polis Akademiyasında prezident çıxışı zamanı demokratiyanı dəfn etdi. Gedin prezidentinizə cinayət işi açın…»


Əli İnsanov saxlanma şəraitinin ağır olmasını bildirib. «Azadlıq» qəzeti yazır ki, sabiq nazir bu vaxt ərzində bircə dəfə də olsa ona reseptlə dərman verilməyib: «Məgər mənim taleyim sizin üçün maraqlı deyil? Bilməli deyilsiniz ki, ölmüşəm və ya qalmışam? Saxlanma şəraitim ağırdır. Mənə tibbi yardım göstərilmir. 8 nəfərin olduğu yarımzirzəmi kamerada saxlanılıram. Guya məni iki dəfə mütəxəssis müayinə edib. Necə müalicə olunduğuma nəzər salsaz, görərsiniz ki, bircə dəfə də olsa mənə reseptlə dərman verilməyib».


«Zerkalo» qəzetinin baş redaktoru və iki əməkdaşı Milli Təhlükəsizlik Nazirliyində dindirilib. Jurnalistlər Yasamaldakı binanın terror nəticəsində çökə bilməsi yazısına görə sorğu-suala tutulublar.


«Zerkalo» qəzetinin ötən sayında Yasamal rayonu, Murtuza Muxtarov küçəsindəki binanın çökməsilə bağlı fərqli versiya irəli sürülüb. Qəzet bir ehtimal kimi qeyd edib ki, binanın Rusiya terrorçuları tərəfindən partladılması da mümkündür.


Artıq bir neçə gündür ki, Yasamal rayonundakı Məhəmməd Naxçıvani və Murtuza Muxtarov küçələrinin kəsişməsində hündür mərtəbəli binanın uçması qəzetlərin toxunduğu əsas mövzulardandır.


Məhəmməd Naxçıvani küçəsində yaşayan İman Qarayev «Ekspress» əməkdaşı ilə söhbətində bildirdi ki, artıq mənzili sataraq, bu «qarabəxt yer»dən uzaqlaşmaq niyyətindədir: «Dəyər-dəyməzinə verəcəyəm. Təki bura olmasın: yaşaya bilmərik artıq bu yerdə».


Məmurlarının iqtisadiyyatdakı inkişafın şəksiz göstəricilərindən biri, əhalinin maddi rifahının artımı və qeyri-neft sektoru ilə bahəm, inşaat sektorunun güclənməsi kimi təqdim etdikləri inşaat bumunun nəzarətsiz getdiyini, işini normal görən şirkətlərlə bahəm, məqsədi yalnız varlanmaq və sonra da qeybə çəkilmək olan firmaların varlığı barədə «Ekspress» indiyədək dəfələrlə xəbərdarlıq etmişdi. Hazırda Bakıda tikilən çoxmərtəbəli binaların 63%-dən artığı inşaat və təhlükəsizlik normativlərinin kobud şəkildə pozulması, əmək müqavilələri bağlanmadan və ekspert qiymətləndirilmələri alınmadan ərsəyə gətirilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG