Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:46

Tikintiyə nəzarətin gücləndirilməsi haqda fərman imzalandı


Tikinti ilə bağlı sərt qaydalar tətbiq edildi

Tikinti ilə bağlı sərt qaydalar tətbiq edildi

Avqustun 30-da prezident İlham Əliyev tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqda fərman imzalayıb.


Sənəddə Fövqəladə Hallar Nazirliyinə (FHN) tikinti fəaliyyətinin bütün mərhələlərində dövlət nəzarətini təmin etmək tapşırılır. Nazirlik qüvvədə olan tikinti norma və qaydalarına əməl olunmadan aparılan tikinti işlərinin bu çatışmazlıqlar tam aradan qaldırılana qədər mövcud qaydalara uyğun dayandırılmasını təmin etməli, inşası 2001-ci ildən sonra başlanmış və nazirliyin ekspertizasından keçməmiş bütün ictimai və çoxmənzilli yaşayış binalarının qısa müddət ərzində müayinəsini və dövlət ekspertizasından keçirilməsini təmin etməli, tikintisi başa çatmış, lakin Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilməmiş binaların müayinəsini təmin edib müvafiq rəylər hazırlamalıdır.


Həmçinin, FHN aidiyyəti dövlət orqanları ilə birlikdə respublikanın şəhər və rayonlarında aparılan tikinti işlərinin qüvvədə olan şəhərsalma, ekoloji və sanitar normalarına uyğunluğuna nəzarəti gücləndirməli, bu sahədə yol verilən pozuntuların qarşısının alınması və çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görməli, aidiyyəti dövlət orqanları ilə birlikdə tikintidə standartlara uyğun, keyfiyyətli tikinti materiallarından istifadə edilməsi üçün əlavə tədbirlər görməli, aparılan müayinələr zamanı qanun pozuntuları aşkar olunduğu hallarda müvafiq tədbirlərin görülməsi üçün materialların hüquq-mühafizə və məhkəmə orqanlarına göndərilməsini təmin etməlidir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə aidiyyəti dövlət orqanları ilə birlikdə tikinti sahəsində işçilərin əmək şəraitinin və iş yerlərinin əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına uyğun olmasına, işçilərin fərdi mühafizə vasitələri və xüsusi geyim ilə işəgötürənlər tərəfindən təmin edilməsinə və əmək münasibətlərinin əmək müqaviləsi əsasında tənzimlənməsinə nəzarəti gücləndirməlidir.


Fərmana görə, Vergilər Nazirliyi bir ay müddətində tikinti şirkətləri tərəfindən vergidən yayınma hallarının qarşısının alınması məqsədilə qanunvericiliyə dəyişikliklərin edilməsinə dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.


Sənədə əsasən, torpaq sahələrinin ayrılması və tikintiyə icazə verilməsi zamanı ekoloji və sanitar normalara, mövcud kommunikasiya xətlərinin təhlükəsizlik zolaqları, binalar arasında məsafələrin gözlənilməsi barədə mövcud texniki normativlərə və müvafiq ərazilərin şəhərsalma sənədlərinə əməl edilməməsinə görə yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri məsuliyyət daşıyırlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG