Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:39

«Avropada seksual inqilabı zəka törətdi»


Azərbaycan gəncinə seksual azadlıq lazımdırmı? Bu dəfə «14 -24»də gənclər bu mövzunu müzakirə ediblər
Azərbaycan gəncinə seksual azadlıq lazımdırmı? Bu dəfə «14 -24»də gənclər bu mövzunu müzakirə ediblər

Azərbaycan gəncinə seksual azadlıq lazımdırmı? Ümumiyyətlə, seksual azadlıq nədir? Bu dəfə «14 -24»də gənclər bu mövzunu müzakirə ediblər.


Yazıçı-publisist Aqşin Yenisey deyir ki, Azərbaycan gənci azadlığın digər növlərinə hazır olmadığı kimi, seksual azadlığa da hazır deyil: «Onun seksual azadlığı keçmişə, geriliyə, barbarlığa qayıdış olacaq, onun seksual azadlığı əxlaqsızlıqdan, fahişəlikdən başqa bir şeyə çevrilməyəcək».


Yenisey hesab edir ki, Avropa gəncləri 60-70-ci illərdə baş verən seksual inqilablara gəlib çıxana qədər böyük bir yol keçmişdilər: «Avropada seksual inqilabı zəka törətdi. Və bu seksual azadlıq nəticəsində Avropa ən sədaqətli ailələrə, ən səmimi cütlüklərə yiyələndi. Gəncliyə azadlıq lazımdır. Gənc özü müəyyənləşdirməlidir ki, həmin azadlığı nəyə xərcləyəcək; seksə, təhsilə, kriminala, yoxsa, tamam ayrı bir şeyə».


Azərbaycan Gənclər Platformasının koordinatoru Nurəddin Babayev deyir ki, o, seksual azadlıq dedikdə, cinsi azlıqları nəzərdə tutmur: «Əgər evlilikdən qabaq insan üçün sədd, çərçivə yoxdursa, bir xanım öz bakirəliyini itirməkdən qorxmursa, erkən seksual təcrübədən çəkinmirsə, təbii ki, bu onların seçimidir».


Gənc xanım Vəfa Abbasova isə hesab edir ki, Azərbaycanda seksual azadlığı məhdudlaşdıran cəmiyyətin stereotipli olmasıdır: «Bəlkə elə mentalitet özü stereotiplər toplusudur. Mən ünsiyyətdə olduğum adamlarda hiss edirəm ki, seksual azadlığın bir haqq olduğunu anlama var. Alt şüurda olsa da, onlar düşünürlər ki, bəli, seksual azadlıq, seksual davranış insanın şəxsi işidir, yəni o, bu hüququndan necə istəyir istifadə etməlidir. Seksual azadlıq, şübhəsiz lazımdır. Təkcə gənclərə yox, bütövlükdə cəmiyyətə. Amma ondan öncə, seksual azadlığın maarifləndirilməsi və tərbiyəsi lazımdır».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG