Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:52

Adi insanlarda 650 milyon silah var


Türkiyədə hər 100 vətəndaşa 15, Rusiyada 9, İranda 5 silah düşür
Türkiyədə hər 100 vətəndaşa 15, Rusiyada 9, İranda 5 silah düşür
İndi sıravi vətəndaşlarda olan tüfəng-tapançanın sayı bir neçə illə müqayisədə xeyli artıb. Bütün dünyada adi insanlardakı silahların sayı 650 milyondur. Amma bu, hələ son deyil, araşdırmaya görə, adi insanlarda olan silahların sayı, bütün dünyanın polislərinin, ordusunun silahlarından da çoxdur. Özü də üç dəfə.

Bunu Cenevrədə yerləşən Beynəlxalq Araşdırmalar İnstitutu bildirir. Öz araşdırmasında institut qeyd edir ki, indi dünyada ən çox silaha sadə amerikalılar malikdir. Bu ölkədə 290 milyon silah var. Hər amerikalıya isə demək olar ki, bir silah düşür (100 nəfərə 90 silah).


İkinci yerdə Yəmən gəlir. Bu ölkənin əhalisinin yarıdan çoxunda silah var. (100 nəfərə 61 silah). İki Avropa ölkəsi – Finlandiya və İsveçrə isə siyahının 3-cü və 4-cü yerlərini paylaşır.


İnstitutun direktoru Kis Krauze deyir ki, adi insanlardakı silahların sayı gözlədiklərindən daha çox olub. Hesabatda qeyd olunur ki, adi vətəndaşlarda olan silahların yalnız 12 faizi rəsmi qeydiyyatdadır. Bu isə silahların düzgün sayını tapmağı xeyli çətinləşdirir. Beş il öncəki hesablamalara görə, adamlarda 640 milyon, yəni indikindən 10 milyon az silah olub. İndi isə Amerikanı çıxmaq şərtilə, dünyada hər 7 nəfərdən birinə 1 tüfəng düşür.


Araşdırma zamanı belə bir nəticəyə gəlinib ki, daha çox silah Amerika və Qərbi Avropadadır. Amma Beynəlxalq Araşdırmalar İnstitutu deyir ki, bu heç də o demək deyil ki, silahı çox olan ölkələrdə zorakılıq, cinayət də yüksəkdir. Kis Krauze bildirir ki, Latın Amerikasında adamlardakı silahların sayı az olsa belə, burada cinayət hadisələri daha geniş vüsət alıb.


Krauzenin sözlərinə görə, daha çox zorakılıq məhz, həddən artıq yoxsulluq, əhali artımı yüksək olan və bir də düzgün nəzarət olmayan ərazilərdə baş verir. Cinayət hallarının artması isə hökumət nümayəndələrinin və polislərin «qara bazar»da silah-sursat satmasından irəli gəlir.


Araşdırmaya rəhbərlik edən Krauze deyir ki, Braziliyanın Rio de Janeyro şəhərində məhz hökumət, xüsusilə də polislər silahın cinayət dəstələrinin əlinə keçməsində məsuliyyət daşıyırlar. Uqandada isə tayfalararası münaqişəyə son qoymaq üçün məhz təhlükəsizlik qüvvələri onlardan birinə silah-sursat ötürmüşdü. Belə hesab edirlər ki, Amerikadan İraqa çatdırılan minlərlə silahın yaraqlıların əlinə keçməsində də məhz İraqın hərbi qüvvələrinin əli olub.


«Kiçik silahlar adlı» sorğunu aparan institut hesab edir ki, silahların terroristlərin, cinayətkar qrupların əlinə keçməməsi üçün əvvəlcədən tədbirlər görülməlidir. Bunun üçün ən azından, silah alan ölkədə insan haqlarının vəziyyəti öyrənilməli, təhlükəsizliyin təmin oluması səviyyəsi araşdırılmalıdır.


Amma araşdırmaçılar etiraf edirlər ki, qanunsuz silahların sərhəddən keçirilməsi halları geniş yayılıb. Hətta cinayət hallarının az olduğu Avropa Birliyi ölkələrində də sərhədlərə zəif nəzarət olunması ölkəyə çoxsaylı silah-sursat keçirilməsinə gətirib çıxarıb. Digər bir səbəb isə silahların qiymətinin ucuz olmasıdır. Məsələn, Afrika ölkələrində digər dövlətlərdən fərqli olaraq, tüfəngin qiyməti ucuz - 200 dollardır. Bu isə afrikalıların silah əldə etməsini xeyli asanlaşdırıb.


«Kiçik silahlar adlı» sorğuya görə, Türkiyədə hər 100 vətəndaşa 15, Rusiyada 9, İranda 5 silah düşür.


Tapança və yarımavtomat tüfənglərin sayına gəlincə isə, Amerikadan sonra 2-ci yerdə Hindistan, Çin, Almaniya, Fransa, Pakistan, Meksika, Baraziliya və Rusiya gəlir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG