Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:01

Bazarın fəaliyyətə başlamaması narazılıq yaradıb


Sanitar tələblərə cavab vermədiyi üçün təxminən iki ay əvvəl bağlanan Salyan rayon avtovağzalı yaxınlığındakı bazarın fəaliyyətə başlamaması həmin bazarda çalışanların narazılığına səbəb olub. Sözügedən bazarda çalışan 300 nəfərə yaxın adam iş yerlərini itirdikləri üçün prezidentə və bir sıra səlahiyyətli qurumlara müraciət edib problemin aradan qaldırılmasını istəyirlər.


Bu barədə «Azadlıq» radiosuna məlumat verən həmin bazarın direktor müavini Gülhüseyn Baxışovun dediyinə görə, onlara sanitar vəziyyət yoluna qoyulandan sonra bazarın fəaliyyət göstərəcəyi bildirilib. Direktor müavini deyir ki, bütün nöqsanlar aradan qaldırılsa da, fəaliyyətlərinə imkan verilmir.


Rayon Sanitar Epidemioloji Mərkəzin rəhbəri Mirəddin Ağayev deyir ki, əvvəlki problemlər aradan qaldırıldığından həmin bazar fəaliyyətini bərpa edə bilər. Amma problem ondadır ki, bazara yeni su və kanalizasiya xətləri çəkilməlidir. Əks təqdirdə fəaliyyətə başlayacaq bazarda qısa müddətdən sonra yenidən antisanitariya vəziyyəti yarana bilər. Bu baxımdan da həmin problemlər həll edilməlidir.


Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rasim Bəşirov da deyir ki, tam səliqə-sahman yaradılmayana qədər həmin bazarın fəaliyyətinə icazə verilməyəcək. Bundan başqa, icra başçısı bildirir ki, bazarda işləyən adamlar rayon mərkəzində yaradılan altı yeni yarmarkada çalışa bilərlər.
XS
SM
MD
LG