Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:46

Elmar Hüseynovun xatirəsini əbədiləşdirmək üçün kampaniya başlayır


«Biz bu gündən «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun xatirəsinin əbədiləşdirilməsi üçün imzatoplama kampaniyasına start veririk». Bunu Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov avqustun 24-də qurumun ofisində keçirilən tədbirdə bildirib.


O, Elmar Hüseynovun xatirəsinin əbədiləşdirilməsi haqda qərarın iyulun 17-də, Elmarın ad günü jurnalistlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə qəbul edildiyini xatırladıb. Məlumatı «Media forum» yayıb.


RATİ rəhbəri qərarın həyata keçirilməsi üçün görüləcək işlərin iki hissədən ibarət olduğunu, birinci hissədə abidə ucaldılmasına yer ayırılması məqsədilə imza toplanacağını və imzaların Bakı Şəhər İcra Hakimiyyətinə təqdim ediləcəyini deyib. İmzatoplama kampaniyansı iki ay davam edəcək. Kampaniyanın ikinci hissəsində - abidəyə yer ayrılandan sonra - xatirə abidəsinin hazırlanması məqsədilə maliyyə vəsaiti toplanmasına başlamaq nəzərdə tutulur.


İmzatoplama kampaniyası üçün blanklar artıq hazırdır. Həmin blanklar qəzet redaksiyalarına, siyasi partiyalara, insan hüquqlarını müdafiə edən qurumlara göndəriləcək.


RATİ rəhbərinin sözlərinə görə, kampaniya barədə Elmar Hüseynovun atası Sabir Hüseynova məlumat verilib və S.Hüseynov kampaniyanı bəyəndiyini, amma onda iştirakçı olmayacağını deyib. S.Hüseynov bunu hakimiyyətdən oğlunun qatillərinin tapılmasını tələb etməsiylə əlaqələndirib. S.Hüseynov vurğulayıb ki, hər şeydən əvvəl oğlunun qatilləri tapılmalıdır.


«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib.


XS
SM
MD
LG