Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:40

Qəbələ RLS nə Rusiya, nə ABŞ, nə də Azərbaycana lazımdır!


Rusiyanın Azərbaycandakı son hərbi bazasının qapanması hamının xeyrinədir

Rusiyanın Azərbaycandakı son hərbi bazasının qapanması hamının xeyrinədir

Qəbələ RLS Rusiyaya lazım deyil.


Rusiya kosmik qoşunları komandanı, general-polkovnik Vladimir Popovkin Rusiyadan kənarda, o cümlədən Azərbaycan, Ukrayna və Qazaxıstandakı RLS-lərindən imtina edəcəklərini bildirib.


Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Qəbələ RLS-lə bağlı anlaşmanı 2002-ci ilin 24 yanvarında imzalamışdı. Bu anlaşmaya görə, stansiya 10 illiyinə, yəni 2012-ci ilə qədər Rusiyanın istifadəsinə verilirdi. Buna görə Rusiya Azərbaycana ildə 7 milyon dollar ödəməliydi.


Rusiya hazırda neft və qaz pullarından xeyli varlanıb, ona görə də daha müasir RLS-lərin tikintisinə başlayıb. Birini elə bu ayın ortalarında Sankt-Peterburq yaxınlarında istifadəyə veriblər. Böyük ərazini nəzarətdə saxlamağa imkan verən yeni RLS-in açılışına prezident Vladimir Putin də qatılmışdı. Daha bir oxşar stansiya Krasnodarda tikilir. Mütəxəssislər bu stansiyanın da Qəbələ RLS-dəkindən xeyli müasir və onun vəzifələrini yerinə yetirəcək gücdə olduğunu vurğulayırlar.


Qəbələ RLS ABŞ-a da lazım deyil.


ABŞ tarixi boyu bir başqa dövlətlə birgə hərbi baza və ya hərbi stansiya işlətməyib. Bu ABŞ hərbi strategiyasının konsepsiyasına uyğun deyil. Digər tərəfdən Qəbələ RLS-in avadanlığı xeyli köhnəlib. Demək, Pentaqon istəsəydi belə bu stansiyanı Rusiya ilə birgə işlədə bilməzdi.


Qəbələ RLS Azərbaycana isə heç lazım deyil.


1985-ci ildə qurulan Qəbələ RLS Azərbaycana ziyandan başqa bir şey qazandırmayıb. SSRİ və sonradan Rusiya hərbi maşını bu stansiyanı Azərbaycan torpaqlarında işlətməsinə rəğmən, rəsmi Bakı heç zaman bu qapalı obyektdə nələrin baş verdiyindən xəbərdar olmayıb.


Azərbaycan Qəbələ RLS-ə görə bir ara strateji müttəfiqi Türkiyə ilə münasibətlərdə anlaşmazlıq yaşamışdı. Rəsmi Bakı bu obyektin işlədillməsiylə bağlı Moskva ilə anlaşma imzaladıqdan bir neçə həftə sonra Türkiyə Parlamentinin o zamankı sədri Ömər İzgi Azərbaycana gəlmişdi. O, Milli Məclis binasında jurnalistlər qarşısındakı çıxışında bunları demişdi: «Qəbələ RLS-in Rusiyaya kirayəyə verilməsi Türkiyənin zərərinədir. Çünki Rusiya dövləti bölgənin ən güclü əsgəri gücünə sahib olan dövləti-Türkiyəni dinləyəcəkdir».


Beləliklə, Moskvanın Qəbələ RLS-in qapatmaq istəyi Azərbaycan-Türkiyə münasibətlərindəki qaranlıq məqamı da ortadan qaldıracaq.


Qəbələ RLS-in ətraf mühitə xeyli zərər vurması haqqında da məlumatlar kifayət qədərdir. Mütəxəssislər bu neçə ildə ətraf rayonlarda müxtəlif ağır xəstəliyə tutlanların sayının durmadan artdığını bildirirlər.


Sual olunur: Moskvanın Qəbələ RLS-i qapatmaq haqqında qərarı var idisə, nədən Putin amerikalı həmkarı Corc Buşla görüşdə bu obyekti ABŞ-la birgə işlətməyə hazır olduğunu dilə gətirmişdi.


Görünür, Rusiya yararsız hala gələn Qəbələ RLS-in ABŞ üçün maraq kəsb etməyəcəyini əvvəlcədən bilirmiş. Bir də ki, Vladimir Putin Polşa və Çexiyada qurulması planlaşdırılan raketlərdən müdafiə sistemləri əvəzinə Qəbələ RLS-i ABŞ-a təklif etmişdi. Vaşinqiton isə əvvəldən belə bir sövdələşməyə getməyəcəyini demişdi.


Moskvanın 2012-ci ili gözləmədən Qəbələ RLS-i qapatmaq istəyinin arxasında ABŞ-Azərbaycan hərbi təmaslarının intensivləşməsindən narahatçılığı da dayana bilər. Məsələ burasındadır ki, ABŞ Polşa və Çexiyadakı raketlərdən müdafiə sistemlərini quraşdırmaq planlarından vaz keçməsə də, Qəbələ RLS-in birgə işlədilməsiylə bağlı Azərbaycan rəsmiləriylə intensiv dialoqa baş vurmuşdu. Kremldə, amerikalı rəsmilərin Qəbələ RLS-lə bağlı Azərbaycanın da söz sahibi olduğu açıqlamalarından qıcıqlanmaya bilməzdilər.


Odur ki, Kreml Qəbələ RLS-lə bağlı intensivləşən ABŞ-Azərbaycan dialoqunun qarşısını almağın yolunu sonda bu stansiyanı qapadacağını açıqlamaqda gördü. Kremlinin məntiqinə görə, stansiya yoxdursa, müzakirə mövzusu da yoxdur.


Bütün hallarda Qəbələ RLS-in qapadılmasından heç kim itirməyəcək. Rusiyanın Azərbaycandakı son hərbi bazasının varlığına son qoyulması hamının xeyrinədir.


Günün bütün mövzuları

XS
SM
MD
LG