Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:13

«ATƏT seçki polisi deyil»


«Onlar sadəcə, müşahidəçidilər, prosesdə iştirakçı deyillər»

«Onlar sadəcə, müşahidəçidilər, prosesdə iştirakçı deyillər»

Keçən həftə Qazaxıstanda olduğu kimi, iki il qabaq Azərbaycanda keçirilən parlament seçkilərində də bəziləri ATƏT müşahidəçilərindən gileylənmişdi.


ATƏT-in Qazaxıstandakı seçkilərə verdiyi ilkin qiymətdən sonra bu təşkilatın Avropanın demokratik dəyərlərinə nə dərəcədə sadiq olması haqda suallar dünya mediasında da verilməyə başlayıb. Azərbaycanda isə ATƏT-i hətta hökumətlə gizli əlaqələrdə günahlandıranlar da var.


Anar Məmmədli Azərbaycanda seçkiləri müşahidə etməklə məşğul olan qeyri-hökumət təşkilatının - Seçki Monitorinq Mərkəzinin rəhbəridi. O, həm də son illərdə ATƏT-in missiyası tərkibində Albaniya və Türkiyədə keçirilən seçkiləri müşahidə edib. Məmmədli deyir ki, istər Qazaxıstandakı seçkilər olsun, istər Azərbaycandakı seçkilər, ATƏT müşahidəçiləri öz rəylərini baş çəkdikləri məntəqələrdə gördükləri əsasında formalaşdırırlar, həmin məntəqələrdə isə nədənsə, qanun pozuntuları adətən çox olmur:


«Seçki müşahidəçilərinin sayı adətən o qədər də çox olmur – 5000 və ya daha artıq məntəqə olan yerdə 200-300 nəfər müşahidəçi olur. Onların getdiyi məntəqələrdə də seçki komissiyaları çalışırlar ki, qanun pozuntularına yol verməsinlər».


Amma Anar Məmmədlinin dedikləriylə 2005-ci ildə Xalq Cəbhəsi Partiyasından olan deputatlığa namizəd Həsən Kərimov razı deyil, deyir ki, ATƏT müşahidəçiləri heç də həmişə gözləriylə gördüklərini dilə gətirmirlər. Həsən Kərimov bildirir ki, bunu iki il qabaqkı seçkilərdə özünün getdiyi seçki məntəqələrində də müşahidə edib:


«Məntəqə üzvlərinə qarşı polis zorakılığı, məntəqə sədrinin məntəqə üzvünə əl qaldırması, seçki qutusunu götürüb qaçması – bütün bunlar ATƏT nümayəndələrinin gözü qabağında baş verib. Mən bunun şahidiyəm, ona görə onlar özlərini sığortalamağa çalışmasınlar».


Bəs ATƏT-in özündə belə tənqidlər haqda nə düşünürlər? ATƏT-in Demokratik Təşəbbüslər və İnsan Haqları Bürosunun sözçüsü Urdur Qunnarsdottir deyir ki, onlar sadəcə, seçkilərə güzgü tuturlar, seçkidə baş verənlərin həmin güzgüdə əks olunmasına çalışırlar. O, hesab edir ki, ATƏT seçki polisi deyil və onları seçkilərdəki saxtakarlıqlara göz yummaqda günahlandıranların bəzən ATƏT müşahidəçilərinin mandatı haqda tam təsəvvürü olmur:


«Bizim müşahidəçilər seçki prosesindəki hər bir kəsə suallar verə bilərlər. İstər yerli müşahidəçiyə, istərsə də seçki komissiyasına. Amma heç bir halda seçki prosesinə müdaxilə etməyə haqları yoxdu. Lap əgər görsələr də, hansısa qanun pozuntusu baş verir, bunu ancaq qeydə ala bilərlər, daha həmin qanun pozuntusunu aradan qaldıra bilməzlər. Onlar sadəcə, müşahidəçidilər, prosesdə iştirakçı deyillər».


Gələn il Azərbaycanda yenə seçki olacaq – prezident seçkiləri. Amma Xalq Cəbhəsi Partiyasından keçmiş deputatlığa namizəd Həsən Kərimov deyir ki, onlar ATƏT-in seçkilərin demokratikliyinə nail olmaq üçün hansısa ciddi səylərini görmürlər. O, bildirir ki, seçkilərin ədalətlə keçirilməsi üçün ilk növbədə seçki komissiyalarında iqtidar və müxalifət nümayəndələrinin bərabər təmsil olunması vacibdi. Amma ATƏT Azərbaycan hökuməti ilə dialoqlarda daha çox texniki məsələləri müzakirə edir.


ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Azərbaycanı 1992-ci ildə öz sıralarına qəbul edib. Məqsəd Azərbaycan hökumətinə Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdə kömək etməkdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG