Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:51

ATƏT Qazaxıstandakı seçkini pisləyir və irəliyə doğru addım sayır


Kopac: «Elə demokratik ölkə görməmişəm ki, parlamentdə cəmi bir partiya olsun»

Kopac: «Elə demokratik ölkə görməmişəm ki, parlamentdə cəmi bir partiya olsun»

Neft ölkəsi Qazaxıstanda seçkilərdə 98 yer var idi, onun da hamısını hakim «Nur Otan» Partiyası qazandı.


ATƏT isə bəyan edir ki, bu seçki demokratiyaya doğru bir addımdır. ATƏT-in 450 nəfərdən ibarət Müşahidə Missiyasının rəhbəri, Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin başçısı Lübomir Kopac həm də etiraf edir ki, «mən heç vaxt elə demokratik ölkə görməmişəm ki, parlamentdə cəmi bir partiya olsun».


Parlamentə düşmək üçün 7 faizlik həddi keçmək lazım idi, Qazaxıstanın iki əsas müxalifət partiyası (Sosial Demokratik və «Ağ Yol») 4 və 3 faiz səs yığıblar və nəticədə bir yer belə qazanmayıblar.


Sosial demokratların lideri Kosanov deyir ki, bu seçki ilə cəmiyyət axırıncı illüziyalarını da itirdi: «Mən buna parlament deyə bilmərəm». Partiyanın başqa həmsədri Əbilov seçkiləri absurd adlandırıb. O, deyib ki, bu, SSRİ dövrünə qayıdışdır.


Bəs bütün bunlara Mərkəzi Seçki Komissiyası nə deyir? Komissiyanın sədri Turqankulov deyib ki, onlara bir şikayət belə daxil olmayıb, əgər olsa, araşdırılacaq. Ən çox narazılıq isə səslərin sayılmasındandır, ATƏT-in Müşahidə Missiyasının rəhbəri Kovac da «New-York Times»a deyib ki, səslərin sayılması ATƏT-i tam məyus edib, məntəqələrin 40 faizində bu səssayma ya pis olub, ya da çox pis.


Qəzet əməkdaşının «bəs niyə ATƏT bildirir ki, bu seçki irəliyə doğru addımdır? ATƏT-in verdiyi rəsmi qiymətdə irəliləyiş alqışlanır?» sualına Kovac cavab verib ki, bir sıra məntəqələrdə əvvəlki seçki ilə müqayisədə xeyli yaxşılaşma var.


«New-York Times» yazır ki, bu qədər pozuntu olan seçkilərə ATƏT–in parlament nümayəndə heyətinin başçısı kanadalı Di Nino da müsbət qiymət verib. O, deyib ki, belə seçkilərlə - təkamül yolu ilə Qazaxıstan demokratik ölkə olmağa doğru gedir.


«International Herald Tribune» Corctaun Universitetinin Mərkəzi Asiya üzrə eksperti Şon Robertsdən soruşub ki, necə olur ki, bu seçkilərə ATƏT bir tərəfdən irəliləyiş deyir, o biri tərəfdən bildirir ki, beynəlxalq standartlara cavab vermədi? Roberts deyib ki, əgər Qazaxıstan bu seçkilərdən sonra düşünüldüyü kimi 2009-cu ildə ATƏT-ə sədrliyi qazansa, bu o deməkdir ki, ATƏT nə uğrunda çalışırsa, həmin məqsədlərin hamısı dəyişib. ATƏT daha o ATƏT deyil.


İstənilən halda «New-York Times» yekun olaraq belə bir ifadə də işlədir ki, siyasi partiyaların «süd dişi çıxarma» mərhələsində olan ölkədə 7 faizlik hədd qoymaq düzgün deyil.


«Financial Times» da yazır ki, belə seçki ilə neft ölkəsi Qazaxıstan Özbəkistana və Türkmənistana doğru gedir.


Günün bütün mövzuları

XS
SM
MD
LG