Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:10

Bədii əsər yazmaq Rusiyada təhlükəli məşğuliyyətə çevrilib


Bəzilərinin fikrincə, Pavel Astaxova qarşı kampaniya onun vəkilliyi ilə əlaqədardır
Bəzilərinin fikrincə, Pavel Astaxova qarşı kampaniya onun vəkilliyi ilə əlaqədardır

Polislərin fəaliyyətini tənqid edən bədii əsər yazmaq artıq Rusiyada təhlükəli məşğuliyyətə çevrilib. Ən azından ona görə ki, əsər uydurma polislər, qanun müdafiəçiləri haqda olsa da, bəzən onlar həqiqəti də deyə bilir. Bu həqiqət isə həmişə hamını sevindirmir.


Nə qədər qəribə səslənsə də, hazırda Rusiyada məhz bu hadisə baş verir. Moskva prokurorluğu cinayətkar aləmlə əlaqədar olan polislər haqda yazılmış «Reyder» əsərinə görə yazıçı Pavel Astaxovu məsuliyyətə cəlb etməyin yollarını araşdırır.


Moskva şəhəri Axtarış İdarəsinin rəhbəri İvan Qluxov deyib ki, əsər uydurma olsa da, onda reallıqda mövcud olan polis birliyinin adı çəkilir. Bu isə oxucunu çaşdıra və onu yazılanlara inandıra bilər.


Rusiya Prokurorluğu iddia edir ki, vəkil, daha sonra bədii yaradıcılıqla məşğul olmağa başlayan Astaxov əsərində polislərə böhtan atıb, prokurorluq orqanlarının işçilərinin şərəf və ləyaqətinə kölgə salıb.


Amma yazıçının həm həmkarı, həm də müdafiəçisi vəkil Mixail Burmistrov deyir ki, əsərdə konkret olaraq heç kimin adı çəkilmir və bu, sadəcə, bədii əsərdir. Ona görə də, mövcud olmayan insanların hüquqlarını müdafiə etməyin özü elə cəfəngiyatdır.


Vəkil Burmistrov qeyd edir ki, yazıçı o zaman cinayət məsuliyyətinə cəlb oluna bilər ki, əsərdə terrora, dövlət çevrilişinə çağırışlar səsləndirilsin, yaxud da yazıda milli ədavət qızışdırılsın. Bu olarsa, onda əsas olar və yazıçıya qarşı iddia da qaldırmaq mümkündür:


«O, heç bir yenilik üzə çıxartmayıb. Astaxov yalnız problemləri daha qabarıq göstərib. Amma bununla belə, heç bir yerdə konkret adamın adını çəkmir. Bu, məhz bədii yaradıcılıqdır. Bədii yaradıcılıq isə müəllifin təxəyyülünün məhsuludur».


Rusiyada indiyə kimi korrupsiyaya qurşanmış polislər, prokurorluq işçiləri haqda dəfələrlə əsərlər yazılıb. «Reyder»də isə bu hala biznesmenlərdən tutmuş, hakimlər, qubernator, təhlükəsizlik xidməti, hətta prezident də cəlb olunub. Buna qarşı isə qanunu əlində bayraq tutan vəkil mübarizə aparır.


Rusiyanın məşhur elmi-fantastik əsərlər yazıçısı Sergey Lukyanenko isə deyir ki, bədii əsərə bu qədər diqqət ayırmaq və yazıçını məsuliyyətə cəlb etmək isəyinin arxasında başqa məqamlar dayanır:


«Əlbəttə, bu vəziyyət məni narahat edir. Çünki burda qanuna əməl etməklə, - bu, isə hər bir sivil ölkə üçün vacibdir - qanunun pozulması arasındakı sərhəddi keçmək çox asandır. Burda çox mürəkkəb məqam odur ki, həddini aşmaqla, camaatın haqqını poza bilərsən».


Bəzi müşahidəçilər isə hesab edirlər ki, Pavel Astaxova qarşı kampaniya onun vəkilliyi ilə əlaqədardır. Çünki vətəndaşların, bir çox hallarda isə ictimaiyyətin hüquqlarını müdafiə edən vəkilləri çoxları sevmir. Astaxov isə Rusiyada tanınan və uğurlu vəkillərdən biri hesab olunur. İndiyə kimi o, Rusiyanın müstəqil televiziyası olan NTV-ni , o cümlədən YUKOS-u müdafiə edib.

Hazırda isə Rusiya Prokurorluğu bir həftə ərzində qarar verməlidir; bədii əsərdə yazılanlara görə, Astaxova qarşı cinayət işi açsın, ya yox...


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG