Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:43

«Azərbaycanın imicini dəyişmək lazımdı»


Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə, Praqa, 16 avqust 2007
Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə, Praqa, 16 avqust 2007


Tahir Tağızadə səfir təyin edilənə qədər Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri olub. 1990-cı illərdə Çexoslivakiyada – Brno şəhərində əvvəlcə SSRİ, daha sonra isə Rusiya konsulluğunda bir neçə il çalışıb. O, «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik:


- Avropa ölkəsində səfirliyin açılması bu səfirliklər şəbəkəsinin genişləndirilməsi işinin sıradan bir halqasıdı, yoxsa bunun xüsusi bir əhəmiyyəti var ki, onu ancaq diplomatlar bilir?


- Azərbaycan Respublikasının beynəlxalq əlaqələrdə öz yeri var. Eyni zamanda, Azərbaycanın Avropa «Qonşuluq Siyasəti»nin iştirakçısı, Avropa və Avroatlantik inteqrasiyanın fəal üzvü olmasını nəzərə alsaq, əlbəttə ki Praqada – Avropanın düz ürəyində səfirliyin açılması çox əhəmiyyətli bir hadisədi. Mən şəxsən Bakıda cənab prezidentlə görüşəndə, o, mənə birbaşa və çox aydın tapşırıq verdi ki, həmin əlaqələri gücləndirmək və öz sözlərimlə ifadə etsəm, letargiya yuxusundan oyatmaq lazımdı. Mən də bunu özümə həm böyük borc, həm vəzifə, həm də öhdəlik sayıram.


- Çexiya ilə Azərbaycanın indiki əlaqələri hansı səviyyədədi? Bu əlaqələri geniş əməkdaşlıq adlandırmaq olarmı?


- Təəssüflər olsun ki, buna nə geniş əməkdaşlıq, nə də fəal əlaqələr demək olmaz. Əlbəttə ki, ölkələr arasında müəyyən əlaqələr mövcuddur. Amma hələ ki iqtisadi, siyasi və humanitar sahədə fəal əməkdaşlığımız yoxdu. Son zamanlar mən hiss edirəm ki, (bu, məni çox ruhlandırır) bu tendensiya yavaş-yavaş dəyişir. Məsələn, təxminən bir ay qabaq Çexiyada Yay Film Məktəbi keçirildi və həmin tədbir çərçivəsində Cənubi Qafqaz film günləri təşkil edildi. Oraya Azərbaycandan Rüstəm İbrahimbəyov, Murad İbrahimbəyov, Oleq Səfərəliyev kimi sənət adamları, rejissorlar gəlmişdi. Əgər mədəni, humanitar və iqtisadi əməkdaşlığı belə genişləndirə bilsək, bu, siyasi əməkdaşlıq üçün gözəl əsas yaradar. Əlbəttə, indi sovet dövrü deyil və əlaqələr ideologiya sahəsində qurulmur. İdeologiya sadəcə, iqtisadi və digər əməkdaşlıq formalarının məntiqi nəticəsidir.


- Çexiya və Azərbaycanın iqtisadi əlaqələrinin genişlənməsi üçün potensial varmı? Məsələn, sadə dillə desək, Azərbaycanda çex pivəsinə ehtiyac varmı?


- (Gülür) Var! Pivəyə də ehtiyac var, büllura da, başqa mallara da. Amma məncə, yalnız ticarətin inkişaf etdirilməsi kifayət deyil. Mən buna daha geniş perspektivdən baxardım. Məsələn, Rusiya-Çexiya münasibətləri ticarətlə məhdudlaşmır. Rusiya Çexiyada olan atom elektrik stansiyaları üçün hissələr, materiallar satır, Çex şirkətləri də tenderdə qalib gəliblər və Moskva ətrafında qazla işləyən üç böyük elektrik stansiyası tikəcəklər. Bu, bir bariz nümunədir ki, yalnız mal və məhsulların alış-verişi ilə məsələ qurtarmır. Əməkdaşlıq hərtərəfli olmalıdı, bunu etməyi də özümə borc bilirəm.


- Bəs Azərbaycanda çexləri maraqlandıra bilən nəsə varmı?


- Bu bir ayda mən belə hiss etmişəm ki, onlar bizim kənd təsərrüfatı mallarımıza böyük maraq göstərirlər. Çünki bizim meyvə-tərəvəz, onlardan emal edilən məhsullara Çexiyada böyük tələbat ola bilərdi. Amma ən perspektivli sahə kimi mən turizmi görürəm. Çünki Çexiya Avropa turizm sisteminin bir mirvarisi, ləli, brilyantıdır. Azərbaycan da öz növbəsində təkcə Cənubi Qafqazda yox, daha geniş region anlayışında turizm baxımından çox perspektivli ölkədir. Dəniz, müxtəlif iqlim zonaları, başqa amillər bizim ölkəni daha maraqlı edir. Energetikanı bir anlığa kənara qoysaq, əsas əməkdaşlıq sahələri kənd təsərrüfatı və turizm ola bilər.


- İki ölkə arasında energetika sahəsində əməkdaşlıq haqda konkret nəsə demək olarmı?


- Bu haqda konkret nəsə demək çətindir. Amma bu bir faktdır ki, Azərbaycan daha geniş mənada qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. İstər Bakı-Tbilisi-Ceyhan neft, istərsə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri bu sistemin inkişafında böyük rol oynaya bilər. Mənə elə gəlir ki, Avropa və Şimali Amerikanın enerjidaşıyıcıları ilə təmin edilməsində neft-qaz marşrutlarının diversifikasiyası baxımından Azərbaycanın rolu əvəzedilməz ola bilər. Və Çexiya da həmin sistemin tərkib hissəsidir.


- Çexiyadakı azərbaycanlı icması ilə münasibətlərinizi necə qurmaq istəyirsiz?


- Burdakı icma səfirlik olmayanda Azərbaycanı təmsil edib və mənim fikrimcə, çox uğurlu təmsil edib. Buna Xocalı faciəsinin ildönümü ilə bağlı aksiyanı və başqa tədbirləri misal çəkmək olar. Elə işlər var ki, onu diaspora təşkil edə bilər, səfirlik edə bilməz və əksinə. Məncə, icmayla əlaqələri bərabər hüquq əsasında qurmaq lazımdı.


- Burda Azərbaycanı necə təbliğ etmək istəyirsiz?


- Uzun müddətdir ki, biz Azərbaycanın imicini məhdudlaşdırmışıq. Məncə, bu, bir az uğursuz idi. Mən bu barədə Bakıda nazirimiz Elmar Məmmədyarovla da danışmışam. Azərbaycanın imici – Xəzər dənizinin sahilində yerləşən və iki əsas cəhəti ilə seçilən ölkə imici kimi qurulub.


- Neft və kürü?


- Neft və kürü bir tərəfdən, Azərbaycan-Ermənistan münaqişəsi də digər tərəfdən. Mənə elə gəlir ki, bu imic həqiqətəuyğun deyil. Azərbaycan çoxtərəfli imici olan ölkədir, istər turizm baxımından, istər kənd təsərrüfatının inkişafı baxımından, istərsə də başqa cəhətdən.


- Məsələn?


- Məsələn, Azərbaycan çox zəngin mədəni irsə malik ölkədir. Götürək musiqini. Çox yaxşıdır ki, keçən il Praqaya müğənni Tünzalə Ağayeva gəlmişdi, mənim bildiyimə görə, bu il də gəlməyi planlaşdırır. Azərbaycan musiqisinin təbliği Azərbaycanın imicinin formalaşdırılması baxımından gözəl nümunə olardı. Azərbaycan yalnız narahatlıq üçün əsas olan bir yer kimi başa düşülməməlidir – davam edən münaqişə baxımından. Bəzi tarixi detalları nəzərə alanda, Azərbaycan və Çexiya oxşar cəhətlərə malik ölkələrdi. Necə ki, vaxtilə Birinci Respublika dövründə burda «Çexoslovak körpüsü» anlayışı vardı, Azərbaycan da öz regionunda dövlətləri birləşdirən körpü kimi görsənir.


- Sonunci sualımız isə odur ki, Çexiyada Azərbaycan haqqında nə qədər geniş məlumat var, sıravi çex Azərbaycan haqda nə bilir?


- Əlbəttə ki, Çexiyanın Xarici İşlər Nazirliyini bura daxil etmək olmaz – onlarda Azərbaycan haqda kifayət qədər məlumat var. Amma sıravi adamlarla ünsiyyətdə başa düşürsən ki, onlar Azərbaycan haqda tam məlumatsız deyillər. Yəni Azərbaycan deyəndə heç kəs demir ki, bəlkə Əfqanıstanı nəzərdə tutursuz? O dövrlər arxada qalıb. Soruşanda deyirlər ki, «əlbəttə, eşitmişik», amma konkret soruşanda yenə də deyirlər ki, «sizdə neft çoxdur, kürü çoxdur, bir də Ermənistanla münaqişəniz var». Yəni bu imici dəyişmək, müasirləşdirmək lazımdı.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG