Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:56

Cəhənnəm qatarları...


İmişli vağzalının köməkçi relsləri üzərində qaçqınlar üçün salınan vaqon şəhərciyi
İmişli vağzalının köməkçi relsləri üzərində qaçqınlar üçün salınan vaqon şəhərciyi

Burda vaqonlar hərəkətsiz dayanıb. Dəmir relslər üzərində nə irəli, nə də geri gedirlər. Artıq çürüyüb sıradan çıxan bu vaqonlar öz təyinatlarını da dəyişiblər. Cəbrayıl, Füzuli, Kəlbəcər və Dağlıq Qarabağa bitişik başqa rayonlardan qaçqın düşən minlərlə insan əvvəllər mal-qara və müxtəlif tikinti materialları daşınan həmin bu vaqonlarda 14 ildir sığınacaq tapıblar. Yük vaqonları qaçqınlara öz ata-baba torpaqlarında qoyub gəldikləri evləri əvəz edir. Dəmir yol relsləri arasındakı torpaq zolaqlarında isə onlar özlərinə həyət-baca düzəldiblər. Azərbaycan hökuməti vaqon evlərdən ibarət bu qəribə insan məskənini İmişli Rayon Dəmiryol Vağzalının köməkçi relsləri üzərində salıb…


Qaçqınlar arasında ölüm halları artır


Qaçqınlar deyirlər ki, əvvəllər burada mindən çox ailə yaşayırmış. Sonradan kimin imkanı, yiyəsi olub başını götürüb Bakıya, ya da ölkənin başqa ərazilərinə köçüblər. İstifadə müddəti keçmiş, çürüməkdə olan bu dəmir vaqonlar qışda çox soyuq, yayda da çox isti olur. Üstəlik qaçqınların deməsinə görə, onların arasında müxtəlif səbəblərdən ölüm hallarının ildən-ilə artması da, bu şəhərcikdə boş vaqonların çoxalmasına gətirib çıxarıb. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İmişlidəki vaqon şəhərciyində hazırda yalnız 460 ailə yaşayır.


Burda insanları eyni tale birləşdirir. Onların hər biri Qarabağ müharibəsi nəticəsində ev-eşiyini tərk edib İmişli Rayon Dəmiryol Vağzalına sığınıblar. Hamının evi dəmir vaqondan ibarətdir. Yalnız bəziləri bu dəmir vaqonların qarşısında özünə palçıqdan və ya qamışdan əlavə daxma tikib. Hər halda, burada kəskin sosial təbəqələşmə yoxdur. Qaçqınların özləri bu şəhərciyi «açıq lager»-cəza düşərgəsi adlandırırlar.


Daxil olduğum bir həyət Füzuli rayon Alxanlı kəndindən qaçqın düşən Mehman Hüseynovundur. O, 14 il əvvəl sığındığı dəmir vaqonun qarşısında 4-5 metrlik ərazini qamış çəpərə alıb özünə həyət düzəldib. Həyətdə köhnə bir «juqili» markalı maşın da var. Mehman Hüseynov deyir ki, bu maşını hələ qaçqın düşməzdən əvvəl alıbmış. Özü işləməsə də, bu maşından da istifadə edə bilmir. Deməsinə görə, buna xəstəliyi imkan vermir. Həyat yoldaşı isə İmişli şəhərindəki orta məktəblərin birində xadimə işləyir:


-Bəs ailəniz necə dolanır?


Mehman Hüseynovun həyat yoldaşı Şəlalə Hüseynova:


-Uşaqlarmız ona-buna mal otarır. Nədi-nədi atalarına iynə-dərmən alsınlar…


Mehman Hüseynov:


-37 manat pensiya alıram. Pulum yoxdur ki, onu artırım. Yenidən həkim müayinəsindən keçmək üçün Bakıya getməliyəm…


«Qışda ayağını vaqona qoyursan soyuqdan yapışır. Yayda da istidən yanır»


Vaqon şəhərciyinin sakinlərinin deməsinə görə, onlara yardım kimi adambaşına 2 aydan bir 12 kiloqram un, 1 kiloqram 200 qram bitki yağı, 900 qram şəkər tozu və bir də 300 qram duz verirlər. Bu yardımı BMT-nin İmişli rayonundakı nümayəndəliyi Ümumdünya Ərzaq Proqramı çərçivəsində həyata keçirir. Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin yerli nümayəndəliyinin sədri Aslan Abduləzimovun sözlərinə görə, Azərbaycan hökuməti də hər bayram vaxtı qaçqınlara müəyyən ərzaq sovqatları verir. Qaçqın Mehman Hüseynov isə bəzən onlara verilən ərzaq keyfiyyətsiz olduğundan heç bu yardımdan tam istifadə edə bilmədiklərini deyir. O, xüsusilə də unun keyfiyyətsizliyindən şikayətlənir:


-Bax, içi yumru-yumru daşlarla doludur. Yoldaşım bunu ələkdən keçirir. Yemək də olmur zəhərdir, zəhər…


Verilən yardımın bəzi hallarda keyfiyyətsiz çıxmasını əslində BMT-nin Ümumdünya Ərzaq Proqramı layihəsinin Nəqliyyat və Təchizat Departamentinin rəhbəri Fuad Hüseynov da etiraf edir. Onun sözlərinə görə, qaçqınlara verilən un bəzən 15 gün, bəzən də 1 ay anbarlarda saxlanır. Havalar çox isti keçdiyindən bu da unun keyfiyyətinə mənfi təsir göstərir. Ancaq Fuad Hüseynov deyir ki, hardan şikayət gəlirsə, onlar keyfiyyətsiz ərzağı dəyişirlər.


Mehman Hüseynovun ailəsində isə onlara verilən içi düyün bağlamış unu dəyişmək haqda düşünmürdülər. Onlar deyirdilər ki, əlavə un alıb bu una qatmaqla onun keyfiyyətini yaxşılaşdıracaqlar. Üstəlik Mehman Hüseynovun sözlərinə görə, Qaçqınlar Komitəsinin verdiyi ərzaq yardımları daha çox keyfiyyətsizliyi ilə seçilir.


Hər halda, onlar ailə büdcəsinin yardımlardan asılılığını azaltmaq üçün özlərinə xırda təsərrüfat da düzəldiblər. 2 toyuqları, iki ördəkləri, 10-a yaxın da qazları həyətdə gəzirdi. Evin xanımı Şəlalə Hüseynova deyir ki, ətraf siçovullarla dolu olduğundan cücələrin çoxu tələf olur. Üstəlik dəmiryol relslərinin arasında ot bitmədiyindən şəhərcikdə toyuq-cücə saxlamaq çox çətindir.
Ailədəki uşaqlardan üç böyük oğlan evdə yox idi. Valideynlərinin deməsinə görə, onlar axşama yaxın inək otarmaqdan gələcəkdilər. İmişlinin daimi sakinlərinin mal-qarasını otarmaqla bu uşaqlar ayda 40-60 manat pul qazanırlar. Onlardan ən böyüyünün - Loğmanın 16 yaşı var. Valideynlərinin sözlərinə görə, Loğman düz iki dəfə vaqondan yıxılıb başı dəmir relsə dəyib. O, qardaşları ilə birgə inək otarsa da, başındakı daimi ağrılardan şikayətlənir. Üstəlik onun yaddaşı da xeyli zəifləyib. Həyətdə yalnız oğlanlardan sonbeşiyi 4 yaşlı Əflatun və 5 yaşlı yeganə qızı Mehriban oynayırdı:


-Mənim bu uşaqlarımın gələcəyi yoxdur…


-Niyə?


- Qışda ayağını vaqona qoyursan soyuqdan yapışır. Yayda da istidən yanır. Vaqonda insan yaşayar. Burda müəllimi də var, ziyalısı da, fəhləsi də. Nə dəxli var. Hamısı insandır. Bu vaqonlarda əvvəllər heyvan daşıyırdılar. Qapısını da açıq qoyurdular. Bu mal vaqonudur. İnsan vaqonu deyil…


«Yumurtanı vur vaqonda dəmirin üstünə bişəcək»


Vaqon şəhərciyində əksər ailələrdə xəstə var. İmişli Şəhər Dəmir Yol Xəstəxanasının adının çəkilməsini istəməyən həkimi deyirdi ki, əvvəlki illərlə müqayisədə bu il onlara müayinə üçün vaqon şəhərciyindən daha çox insanlar müraciət edir. Əksəriyyəti də təzyiqdən və mədə-bağarsaq pozuntusundan şikayət edir. Həkimin deməsinə görə, həm ağır şərait, həm qidaların keyfiyyətsiz olması, həm də bu il havanın daha isti keçməsi şəhərcikdə xəstələrin sayını artırıb. Şəhərcikdə elə ailələr də var ki, onlarda bir yox bir neçə xəstə var idi. Ailədə xəstənin çox olması isə tək dərd-sərin yox, həm də xərclərin artması kimi başa düşülməlidir.


Mehman Hüseynovun ailəsindən ayrılıb, başqa bir həyətə gələndə xəstəlik və iqtisadi çətinliklərdən əziyyət çəkən daha bir ailə ilə tanış oldum. Bu ailənin başçısı Əkbər Nəbiyev evdə yox idi. O, Dəmir Yol İdarəsində işləyir. Həyat yoldaşı Güldanə Nəbiyeva əsəbdən iflij keçirib. Üç uşağı var. Uşaqlardan ikisi qız biri oğlandır. Qızlarının hər ikisi xəstədir. Kiçik qızı Gülbaharın orqanizminə hələ ana bətnində mikrob düşüb:


- 2 yaşa yaxındır. Ancaq yeriyə bilmir. Qalıb belə. 14 yaşlı böyük qızımda isə qarın qoturu var. Yazıq qız hər addım başı ayaqyoluna getməyə məcburdur. Mən də pulsuzluqdan müalicəmi edə bilmirəm. Ayda müalicə xərclərim 200 manata vurur. Məcbur olub iynə-dərmanı nisyə alırıq…


Güldanə Nəbiyevanın həyətinə toplaşan qaçqınlardan da bəziləri səhhətlərindəki ağrılardan şikayətlənirdilər. Bir qadın deyirdi ki, həm ağır şərait, həm də isti hava onların əsəblərini korlayıb:


-Uşaq nədir. Uşağın da əsəbi korlanar. Dindirirsən deyir mənə dəymə. İki oğlum var. Birinin əsəbi korlanıb. 14 yaşı var, bir balaca boyu var. Onlardan nə əsgər olacaq.


Vaqon şəhərcikdə cəmi bir artezian quyusu var. Bütün qaçqınların suya olan ehtiyacını ödəyir. Ona görə də bərk istiyə baxmayaraq yalnız səhər, axşam yox günorta saatlarında da bulağın başında insanlar olur. Bu bulaqdan su gətirən qadınlar başlarına yaş dəsmal atıb günvurmadan qorunmağa çalışırlar. Qaçqınların deməsinə görə, istidən bəzən nəinki gündüzlər, hətta gecələr də vaqonlara girmək olmur. Ona görə də, bu şəhərcikdə yatmaq da işgəncəyə çevrilib:


-İstidən vaqonda dayanmaq olmur. İndi deyirlər kölgədə istilik 40 dərəcədir. Vaqonda daha çoxdur. Yumurtanı vur vaqonda dəmirin üstünə bişəcək. Uşağı aparırsan vaqona qışqırıb qaçır. Gecə yatmaq da olmur. İstidən altımıza döşək də atmırıq. Səhər dururuq görürük ki, belimiz ağrıyır…


«Bizə öz torpaqlarımız lazımdır. Heç olmasa cavanlarımız yaşaya bilsinlər...»


Azərbaycanın işğal olunan rayonları əsasən dağlıq ərazilərdə yerləşdiyindən oradan gələn insanların aranda yaşaması çox çətindir. Bu dağ adamlarının deməsinə görə İmişli rayonundakı vaqon şəhərcikdə əkdikləri ağaclar çox nadir hallarda bitir. Çünki həm torpaq şorandır, həm də su qıtlığı var. Sağlam insanlar, uşaqlar bir təhər orda-burda istidən daldalansalar da yaşlı insanların bu vəziyyətə dözməsi çox çətindir.


Həyətlərin birində yaşlı bir kişini yatağa düşmüş gördüm. Onun yatağının aşağısına sərinkeş qoyulmuşdu. Yatağının yanında oturmuş həyat yoldaşı da onu milçəkdən qoruyurdu. Ayaqüstü tanışlıqdan öyrənirəm ki, Məhyəddin adlı bu qocanın yaşı 70-i ötüb. 9 uşağı var. Beş oğlunun hamısı evlidir. Onların hamsı 3 vaqonda məskunlaşıb. Ancaq Məhyyəddin Mahmudovun uşaqlarının necə deyərlər, hərəsi çörək pulu dalınca bir tərəfə getdiyindən, o həyat yoldaşının və gəlinlərinin öhdəsində qalmışdı. Məhyəddin Mahmudovun qarısı Gülgəz Mahmudova deyir ki, dolanışıq çətin olmasaydı heç oğlanları atalarının bu xəstə vaxtı evdən getməzdilər:


-Nə işləyir oğlanlarınız?


-Heç qul bazarına çıxırlar. Kiminsə yükünü daşıyırlar, həyat bacalarında işləyirlər. İş olanda pul qazanırlar. İş olmayanda yox…


«Hava elə isti olur ki, başımıza su töküb keçinirik»


Şəhərciyin əsas qayğılarından biri də işsizlikdir. Bəziləri Dəmir Yol İdarəsində müxtəlif işlərə düzəliblər. Ancaq bekar qalanlar da Məhyyəddin Mahmudovun oğlanları kimi, ya İmişli şəhərində, ya da ölkənin müxtəlif bölgələrində günəmuzd işlərə gedirlər. Gülgəz Mahmudovun sözlərinə görə, bu il havaların isti keçməsi qaçqınlıq həyatını işgəncəyə çevirib:


-Bax, istidən bilmirik nə edək. Hava birdən o qədər isti olur ki, uşaqların, özümüzün başmıza su töküb keçinirik. Kişi də belə xəstə. Qıçı şişib. Ürəyi, mədəsi ağrıyır. Üstəlik istidən təzyiqi də tez-tez artır. Müalicəni ancaq borc almaqla apara bilirik…


Yaşı 70-i ötən Məhyyəddin Mahmudov isə ümidi öz torpaqlarına qayıtmaqda görür. Onun sözlərinə görə əks halda, şəhərcikdə daha çıxılmaz vəziyyətlə düşəcəklər:


-Mən Cəbrayıl rayonundanam. Biz dağ adamlarıyıq burada qırılmalıyıq. Bizə əsas öz torpaqlarımız lazımdır. Biz heç, heç olmasa cavanlarımız bundan sonra yaşaya bilsinlər. Bizə baxan yoxdur. Qırılırıq…


İstidən Məhyyəddin Mahmudovun həyətində məndə də baş ağrısı, halsızlıq yaranır. Ancaq onun yanında oturub dalbadal bir neçə stəkan çay içməklə özümə gəlirəm. Məhyyəddin Mahmudov deyir ki, bəzən şəhərcikdə su da bir neçə gün kəsilir. Onda gedib İmişli şəhərinin özündən su daşımalı olurlar:


-Gizlətməyin nə mənası var? Qışda tez-tez işığımızı kəsirlər. Soyuq olur. Yayda da suyumuzu. Beləcə qırılırıq. Od yağır. Elə körpə uşaq var. İstiyə görə məcburuq suyun içinə salıb çıxaraq. Neyləyək…


«Görürsən vaqon necə çürüyüb. Burda insanlar da belə çürüyür…»


Şəhərciyin uşaqları isti havada sərinləmək üçün gedib yaxınlıqdakı kanalda çimirlər. Qaçqınların deməsinə görə, kanalda da bəzən ölüm hadisələri olduğundan uşaqlarını heç evdən buraxmaq istəmirlər. Ona görə də bəzən isti havalarda uşaqlı-böyüklü vaqonun altına girib birtəhər günəşdən qorunurlar.


Şəhərcikdə bir ailədə süfrəsini vaqonun altında açıb çörək yeyirdi:


Bizi də çörəyə dəvət edirlər…


Bu qonaqpərvər ailənin günorta naharı pendir-çörəkdən ibarət idi. Onlar tələsik süfrəni yığışdırıb öz həyatlarından danışırlar. Öyrənirəm ki, ailənin başçısı neçə illərdir ağır xəstəlik keçirir. Ailə başçısı indi də evdə yox idi. İmişli şəhər xəstəxanasında müalicə olunurdu. Ailənin əsas ağırlığı demələrinə görə ananın-Qəzbəs Əsədovanın üzərinə düşüb.


Qizbəs Əsədova deyir ki, 6 uşağı var. Oğlanlarından biri evlənib. Evli oğlu, onun uşaqları və üstəlik yaşlı qaynanası ilə birgə yaşayırlar. Qizbəs Əsədovanın sözlərinə görə, bu böyük ailəni İmişli şəhər bazarında pendir satmaqla dolandırır. Üstəlik Rusiyada işləyən bir qohumları üçün qoyun da saxlayırlar. Qoyunların hər birinin otarılmasına ayda 20 qəpik pul alırlar:


-Bizim vəziyyətimiz lap ağırdır. Bəzi qaçqınlar yardım alır. Biz heç yardım da almırıq. Deyirlər ki, siz Ağdərə rayonunda qeydiyyatdasınız. Görürsən orda uzanan adamı. Mənim qayınanamdır. İstidən onu vaqonda rahatlaya bilmirəm. Ona görə vaqonun altına uzanıb…


Ancaq vaqnun altına uzanmış yaşlı qadını nə qədər çağırdılarsa da o cavab vermədi. O, ya utandığından, ya da başqa bir səbəbdən başını büküb uzandığı yerdəcə qaldı. Qizbəs Əsədovanın oğlu Bəxtiyar Əsədov deyir ki, qoyunları əsasən dəmir yol relslərinin arasında otarır. Dəmir yol relslərinin arasında yaxşı ot bitmədiyindən bəzən yaxınlıqdakı su idarəsinin ərazisinə keçməli olur.

Ancaq orada da qoyunları çox otarmağa qoymurlar. Əslən Kəlbəcərdən olan Qizbəs Əsədova deyir ki, ata-babadan qoyunçuluqla məşğul olublar. Kəlbəcərin işğalı vaxtı köçə-köçdə elə oğlanlarından biri qoyun sürülərinin yanındaca qalıb, indi də ondan bir xəbərləri yoxdur:


-17 yaşlı oğlum Şəhriyar Əsədov orada qalıb. Nə gorunu tapmadım, nə də sümüyünü. Oturub ağlayam. Bu Cəbrayıl camaatı olmasa mənim uşaqlarım acından ölər…


Bu şəhərcikdə insanlar bir-birinin əlindən tutmasa, bir-birinin yardımına tələsməsə, onlar üçün qaçqınlıq həyatı daha ağır olar. Mən əsədovlar ailəsinin həyətində olanda ora 60-a yaxın yaşı olan bir qadın gəldi. Gülgəz Əhmədova adlı bu qadın hələ də ailə qurmayıb. O, nə dəqiq yaşını, nə də nə qədər pensiya aldığını bilmir. Ancaq bu yazıb-oxumağı bilməyən 60 yaşlı qız bacısının və başqa qonşularının himayəsi ilə gün keçirir. Gülgəz Əhmədova mənə yaşadığı vaqonu göstərir:


-Görürsən vaqon necə çürüyüb. Burda insanlar da belə çürüyür…


«Prezidentimizin səfərlərini izləyirik də. Görürük ki, ermənilər bizi saymır…»


Şəhərcikdə hansı ailədə işləyən adam varsa onlardan daha az şikayət eşidirsən. Belələrindən biri də Ramiz Musayevin ailəsidir. Ramiz Musayev İmişli rayon Dəmir Yol İdarəsində fəhlə işləyir. Onun yaşadığı vaqonla tanışlıqdan da görmək olur ki, bu ailə digərləri kimi o qədər də maddi sıxıntı keçirmir. Ramiz Musayev boş vaqonların birində də iki qoyun saxlayır. Deyir ki, bu yaxınlarda oğluna kiçik toy edib. Qoyunları da həmin toya görə alıbmış, artıq qalıb:


-Toyu burada elədin yoxsa şadlıq evində?


-İmişlidə şadlıq evində etdim. Burada bir mağara tikmişdik. Onun üstünü də külək atdı. Şəhərcikdə kimin imkanı olur xeyir işin şadlıq evlərində edir. İmkanı olmayan elə şəhərcikdə birtəhər yola verir…


Ramiz Musayev deyir ki, hər bir maddi problemi yoluna qoymaq mümkündür. Ancaq əsas istəkləri torpaqlarına qayıtmaqdır. Hələ ki, bu istək onlara əlçatmaz görünür:
-Torpaqlarımızın qaytarılacağına inamımız qalmayıb. Çünki televiziyadan prezidentimizin səfərlərini, görüşlərini izləyirik də. Görürük ki, ermənilər bizi saymır.


Ancaq görünür, insanlarda sonuncu ölən elə inamın özüdür. Bu şəhərcikdə hamının inamsız yaşadığını düşünmək onları anlamamaq olardı. Hər halda Ramiz Musayevin özü deyir ki, indi şəhərcikdəki insanların çoxu fəal şəkildə ibadətlə məşğul olur. Hərçənd onların öz məscidləri yoxdur. Ancaq istədikləri vaxt İmişli şəhərindəki məscidlərə gedib orada ibadət edirlər. Ramiz Musayevin deməsinə görə, şəhərcikdə dinə pənah aparanlardan biri də elə onun 14 yaşlı qızıdır:


-Ona bunu nə mən, nə də anası məcbur edib. Özü başladı namaz qılmağa. Tək o deyil qonşunun uşaqları da namaz qılır. Şəhərcikdə belə uşaqlar çoxdur…


«Onsuz da gedən deyilik, qoy prezident də bilsin…»


Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İmişlidə vaqonda yaşayan bütün qaçqınlar ilin sonuna qədər yeni salınan şəhərciklərə köçürüləcəklər. Bu zaman qaçqınlar öz rayonlarına uyğun olaraq mərhələ-mərhələ müxtəlif yeni şəhərciklərdə yerləşdiriləcəklər. Ancaq bu xəbər heç də bütün qaçqınların sevincinə səbəb olmayıb. Çünki bəzi qaçqınlar İmişli Rayon Dəmir Yol İdarəsində çalışdıqlarından, yeni şəhərciklərdə işsiz qalacaqlarından qorxurlar. Bunu onların həyat yoldaşları da açıqca dilə gətirirdilər:


-Bizə yaxşı olardı ki, elə dəmir yoluna yaxın ərazilərdə ev tikəydilər. Çünki ora gedib işsiz nə edə bilərik. Onsuz da gedən deyilik. Qoy prezident də bilsin…


Ramiz Musayev də deyir ki, Biləsuvarda onlar üçün salınan şəhərcik o qədər də ürəklərincə deyil. Bununla belə, o deyir ki, dəmir vaqonlarda cəhənnəm əzabı çəkməkdənsə, işsiz qalmaq bahasına olsa da yeni, daha əlverişli şəhərciklərdə yaşamaq yaxşıdır:


-Məcburuq. Çünki görürsünüz də 5 dəqiqədir vaqondayıq. Bizi tər basıb. Biz rayonda olanda görürdük. Belə vaqonlarda həmişə mal aparırdılar. Elə bil indi mal mağarında yaşayırıq…


Əslində bəzi qaçqınların yeni şəhərciyə köçmək istəməmələri Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə də məlumdur. Hətta qaçqınlar öz tərəddüdlərini komitənin rəhbəri Əli Həsənova da çatdırıblar. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin İmişli Rayon nümayəndəliyinin rəhbəri Aslan Abduləzimov deyir ki, Əli Həsənov narazılığı aradan qaldırmaq üçün həmin insanlara müəyyən vədlər də verib:


-Əli müəllim onlara söz verib ki, dəmir yolnunda çalışan məcburi köçkünləri daha yaxın şəhərciklərə köçürəcəklər. Bir də Əli müəllim deyib ki, lazım gələrsə onlara avtobuslar da ayıracaq. Gəlib-getmək üçün…


«Fərqi yoxdur hansı cəhənnəmə istəyirlərsə aparsınlar…»


Vaqon şəhərciyin hazırkı problemlərinə gəldikdə isə görünür, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi onları həll etmək niyyətində deyil. Hər halda, biz həm su qıtlığını, həm vaqonların yararsız vəziyyətə düşməsini, həm də şəhərcikdə insanların kütləvi şəkildə xəstələnməsini Aslan Abduləzimovun nəzərinə çatdırdıq. O, hesab edir ki, vaqonlardakı bütün problemlər oranın sakinləri yeni şəhərciyə köçrüldükdən sonra arxada qalacaq:


-Götürəndə hamıda xəstəlik olur. Axı bunlar 14 ildir mal vaqonunda yaşayır. Xəstəlik çox olacaq da... Ancaq bir aya onların çoxu yeni şəhərciklərə köçəcək. Orada xəstəxana da, məktəb də, bütün infrastruktur da var. Dəmir vaqonda nə şərait düzəltmək olardı…


Şəhərcikdə olanda körpə bir uşaq xüsusi olaraq diqqətimi çəkmişdi. Dəmir vaqonun istisinə dözə bilmədiyindən onu həyətlərin birində su ilə doldurulmuş bir teştə salmışdılar. Ağlamaqdan gözlərinin içi qızarmış bu uşağı ancaq içi su ilə dolu teştdə saxlamaqla kiritmşdilər. Onun vəziyyəti deyəsən onun nənəsini də mütəəssir etmişdi:


-Bu uşaq yaş yarımdı. Sudan çıxaranda ağlayır. Yoxsa ürəyi partlayacaq. Belə zülmdə yaşayırıq. Torpaqları qaytarırlar-qaytarsınlar yoxsa fərqi yoxdur hansı cəhənnəmə istəyirlərsə aparsınlar…


Həmin uşağın çəkdiyi əzabı düşünəndə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının şəhərciyin köçürülmə tarixi ilə bağlı verdiyi vəd adama o qədər də yaxın tarix kimi görünmür. Bu şəhərcikdə nəinki daha bir il, nəinki daha bir ay, hətta daha bir gün belə artıq yaşamaq böyük fədakarlıq və böyük risk tələb edir. Uşaqlardan söhbət düşmüşkən, mən öz balaca bələdçilərmi də unutmaq istəmirəm. Şəhərcikdə 5 yaşlı balaca Nuranə, 11 yaşlı Əfsanə və adını unutduğum daha bir neçə uşaq vaqon-vaqon gəzib mənə könüllü bələdçilik edirdilər. Onlar kölgədə 40 dərəcədən çox istidə həm həvəslə yol göstərir, həm də nəğmə oxuyurdular:


Bura İmişli rayon Dəmir Yol Vağzalının köməkçi relsləri üzərində salınan vaqon şəhərciyi idi. Artıq 14 ildir Cəbrayıl, Füzuli, Kəlbəcər və Dağlıq Qarabağa bitişik başqa rayonlardan qaçqın düşən minlərlə insan bu vaqon şəhərcikdə yaşayır. Azərbaycan hökuməti onları bu ilin sonuna qədər yeni-daha rahat, daha müasir şəhərciklərə köçürməlidir. Ancaq bu vədin yerinə yetirilməsinə hələ bir müddət var. Bu müddət ərzində dəmir relslər üzərində qərar tutan-dəmir vaqonlarda yaşayan insanlar məhz öz dəmir iradələrinə söykənməlidirlər…


BU PROBLEMİ FORUMDA MÜZAKİRƏ EDƏ BİLƏRSİNİZ


Buna da bax:

XS
SM
MD
LG