Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:28

Azərbaycana İsraildə səfirlik açmağa nə mane olur?


Azərbaycanın rəsmi dairələrinin də İsrailə marağı getdikcə artır

Azərbaycanın rəsmi dairələrinin də İsrailə marağı getdikcə artır

İsrail Baş nazirinin müavini, Strateji Planlaşdırma naziri Aviqdor Liberman avqustun 15-dən 18-nə qədər Azərbaycanda rəsmi səfərdə olacaq. Liberman üç günlük səfəri çərçivəsində prezident İlham Əliyevdən tutmuş, İqtisadi İnkişaf naziri Heydər Babayevə qədər xeyli görüş keçirəcək.


İsrail-Azərbaycan rəsmi təmaslarının tarixi 1997-ci ilə gedib çıxır. Həmin il İsrailin o zamankı Baş naziri Benyamin Netanyahu Cənubi Koreyadan vətəninə geri dönərkən gözlənilmədən təyyarəsini Bakıya endirmiş və mərhum prezident Heydər Əliyevlə baş-başa bir neçə saatlıq müzakirələr aparmışdı. Bundan sonra iki ölkə arasında siyasi və iqtisadi təmaslara start verildi, ticarət mübadiləsi artdı, İsrail parlamentində Azərbaycanla bağlı deputat qrupu fəaliyyətə başladı və s.


İsrailin hazırda digər dövlətlər kimi Azərbaycanın enerji resurslarına böyük marağı var. İsrail bəzi ərəb ölkələrindən neft asılılığını azaltmaq üçün Azərbaycandan böyük həcmdə neft almaq həvəsindədir. Rəsmi Tel-Əviv bu məqsədlə hətta Bakı-Tbilisi-Ceyhan boru xəttinin Aralıq dənizinin dibiylə İsrailə qədər uzanması planlarını ara-sıra dilə gətirir. Elə Aviqdor Liberman da səfərdən öncə verdiyi açıqlamada Azərbaycan neftinin İsrailə çatdırılmasıyla bağlı razılığın əldə olunacağına ümidini gizlətməmişdi. Tel-Əviv Azərbaycan-İsrail Ticarət Palatasının fəaliyyətə başlamasını da səbirsizliklə gözləyir.


Azərbaycanın rəsmi dairələrinin də İsrailə marağı getdikcə artır. İqtisadi İnkişaf naziri Heydər Babayev fevral ayında İsrailə səfərində bu ölkə ilə ortaq iqtisadi layihələri və iki ölkə arasında ticarət mübadiləsinin artırılması yollarını müzakirə etmişdi. Onun ardınca, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov İsrailə yollandı. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis konfransına qatılan Nazim İbrahimov Tel-Əvivdəki görüşlərdə İsrail və Azərbaycan lobbilərinin əməkdaşlığı məsələlərinə toxundu.


Rəsmi Bakı Amerikadakı erməni lobbisinin anti-Azərbaycan fəaliyyətinin qarşısının alınmasında daha güclü yəhudi icmasının imkanlarına bel bağlayır.


Tel-Əviv və yəhudi lobbisinin liderləri Azərbaycana siyasi dəstəklərini artıra biləcəklərini vurğulasalar da, qarşılıqlı istəklərini təkrarlayırlar: «İsraildə səfirlik açın».


Dövlətlərarası münasibətlərdə və diplomatiyada «mən sənə, sən də mənə» prinsipi mövcuddur.


Azərbaycanın keçmiş və indiki prezidentləri 1990-cı illərin ortalarından bu yana ABŞ-a səfərləri sırasında daim yəhudi icmalarının liderləri ilə bir araya gəliblər və hər dəfə də İsraildə səfirlik açacaqlarına söz veriblər. Ancaq bu günə qədər Azərbaycanın İsraildə səfirliyi yoxdur. İsrail rəsmiləri Bakının İran amilini diqqətə aldığını anlayışla qarşıladıqlarını bildirsələr də, səfirliyin açılmasının qeyri-müəyyən müddətədək uzanmasından narahatlıqlarını da gizlətmirlər.


Görəsən, İran amili Azərbaycanın İsraildə səfirliyinin açılmamasında çoxmu önəmlidir? Bəlkə İran rəsmilərinin «müsəlman torpaqlarını işğal edən dövlətlə diplomatik münasibətlər qurmaq doğru deyil» eyhamlarından çəkinilir? Ermənistan da müsəlman torpaqlarını işğal edib və bu ölkənin İsraildə səfirliyi mövcuddur. İran isə buna görə Ermənistana «gözün üstdə qaşın var» demir, əksinə siyasi, iqtisadi əlaqələrini genişləndirir.


Bəlkə Azərbaycanın İsraildə səfirliyinin açılması üçün Ərəb-İsrail münaqişəsinin nizamlanmasını gözləmək lazımdır? Belə isə hələ çox gözləməli olacağıq...


XS
SM
MD
LG