Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 22:31

Daniel Frid: «Gürcüstandakı hadisələrdən çox narahatıq»


«Biz bu məsələdən çox narahatıq». ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Daniel Frid Gürcüstanda baş verən son hadisələrlə bağlı mövqeyini bildirərkən «Azadlıq» radiosuna belə deyib:


«Bizim Gürcüstan hökuməti ilə yaxın münasibətlərimiz var. Gürcüstan hökuməti bizə öz dəlillərini göstərdi. Dəlillər göstərir ki, ölkə ərazisinə hava hücumu olub. Biz həm Rusiya, həm də Gürcüstanı Cənubi Osetiya və Abxaziya məsələlərinin həllində birgə çalışmağa vadar edirik. Biz fikirləşirik ki, əgər bu son hadisə indiyə qədər əldə olunan irəliləyişi heçə endirərsə, bu, böyük bir səhv olardı».


Frid ümid edir ki, tərəflər birlikdə çalışacaqlar: «Biz həm Moskva, həm də Vaşinqtonda Rusiya hökuməti ilə də əlaqə saxlamışıq. Bilirik ki, Rusiya hökuməti bu hücumda əli olmasını inkar edir. Bizi inandırmağa çalışırlar ki, Rusiya Gürcüstanla konstruktiv mühitdə işləməyə çalışır. İndi də ümid edirik ki, Rusiya və Gürcüstanın qarşısında duran vəzifə Cənubi Osetiya və Abxaziya məsələsində əməkdaşlıq etmək, eyni zamanda, Gürcüstana son hava hücumu hadisəsini birlikdə araşdırmaqdır».


ABŞ Dövlət katibinin köməkçisi məsələni yaxından izləyəcəklərini bildirir.


«Gürcüstanın Rusiyanı ittiham etməsinin təxribat olduğunu göstərən heç bir sübut görmürəm. Bu, məsələnin həlli deyil. Bu, əlbəttə ki, problemdir. Ancaq təkcə Gürcüstanın yox. Beləliklə, biz problemdən haliyik və istəyirik ki, hər iki tərəf birlikdə işləsin. Belə də görünür ki, Gürcüstan və Rusiya hökumətləri birlikdə işləyəcəklər. Əgər məsələnin həlli belədirsə, biz bunu alqışlayırıq», - deyə bəyan edir.


Gürcüstan hakimiyyətinin məlumatına əsasən, avqustun 6-da Rusiyaya məxsus iki qırıcı təyyarə ölkənin hava ərazisini pozaraq raket buraxıb, amma raket partlamayıb.


XS
SM
MD
LG