Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:29

«Azərbaycanda stabillik perspektivi müşahidə olunmur»


«Neft gəlirlərinin korrupsiyalaşmış şəbəkəyə xərclənməsi stabilliyə təhlükə yaradır»
«Neft gəlirlərinin korrupsiyalaşmış şəbəkəyə xərclənməsi stabilliyə təhlükə yaradır»
«Azərbaycan kənardan stabil, təhlükəsiz ölkə kimi görünür. Amma bu, müxalifətin əlamətini belə boğmaqdan çəkinməyən təhlükəsizlik qüvvələrinin saxladığı, üzdə olan stabillikdir».

Böyük Britaniyanın «Jane’s» İnformasiya Mərkəzinin Azərbaycanda siyasi vəziyyətə dair analizi belə başlayır. Analizdə deyilir ki, Azərbaycanda dövlətin stabilliyi perspektivi də ilk baxışdan göründüyü kimi deyil, əslində, stabillik perspektivi müşahidə olunmur:

«Bakı-Tbilisi-Ceyhandan axan var-dövlətə baxmayaraq, Azərbaycanda dərin və qaynamaqda olan yeraltı axın, bir narazılıq cərəyanı var. Bu cərəyanı gücləndirən kiçik idarəçi elitayla böyük vətəndaş kütləsinin sosial-iqtisadi fərqidir».

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə analizin düzgün olmadığını, faktlara əsaslanmadığını deyir:


«Xalq nədən narazı olar? Vəziyyəti pisləşsə, yaxşılaşmasa, inkişaf bir təbəqəyə məxsus olsa…Amma Azərbaycanda əksinədir, yollar salınır, iş yerləri var, hakimiyyət insanlara yaxınlaşmağa çalışır, insan haqları qorunur».


Amma «Jane’s» İnformasiya Mərkəzinin analizində deyilir ki, məhz idarəçi elitayla böyük kütlə arasındakı sosial-iqtisadi fərq Azərbaycanda stabilliyə əsas təhlükədir. Vurğulanır ki, neft gəlirlərinin sosial-iqtisadi sahələrə yox, dövlət himayəçiliyinə və korrupsiyalaşmış şəbəkəyə xərclənməsi stabilliyə təhlükə yaradır.


Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva da Azərbaycanda stabilliyin görüntü olduğunu deyir:


«Bu görüntü avtoritarizmin nəticəsidir. Stabillik görünür, amma bu o demək deyil ki, sakitlikdir. Azərbaycanda kasıbçılıq güclüdür. Xüsusilə də əyalətlərdə, ona görə də Bakıya axın güclüdür. Bunlar camaatı narahat edir, amma heç kim bu barədə danışmır. Bir apatiya mövcuddur, bu da güc strukturlarının əhalini, müxalifəti sındırmasıyla bağlıdır».


«Jane’s» İnformasiya Mərkəzinin analizində deyilir ki, 2003-cü ildə Azərbaycanda hakimiyyətin atadan oğula keçməsinə maneə minimum oldu:


«Amma prezidentliyinin ilk dövründə İlham Əliyev siyasi gücünün azlığı və bəzən atasından qalan müşavir və nazirlərə etibarsızlıqdan narahat olurdu. Bu zəifliyə baxmayaraq, İlham Əliyev addım atdı və siyasi gücünü artırdı».


Analizdə bildirilir ki, demokratiya yolunda əldən çıxan fürsət olan 2005-ci il parlament seçkiləri də İlham Əliyevə siyasi gücünü artırmağa yeni imkan verdi. Analitiklər İqtisadi İnkişaf naziri Fərhad Əliyevin, Səhiyyə naziri Əli İnsanovun həbsini xatırladırlar. Mərkəz Milli Təhlükəsizlik naziri Namiq Abbasovun işdən çıxarılmasını və Eldar Mahmudovla əvəzlənməsini xatırladır. Analitiklərin fikrincə, bu, İlham Əliyevin özünə əminliyinin artdığını, Milli Təhlükəsizlik nazirinin rolu və nüfuzunu azaltmaq qərarına gəldiyini göstərir.


Amma Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bu analizlə qəti razı deyil:


«Əvvəl prezidenti ittiham edirdilər ki, yenilik yoxdur, əvvəlki komandadır, indi də deyirlər ki, kimisə işdən çıxardır. Amma məqsəd kimisə çıxarıb, kimisə saxlamaq deyil. Məqsəd problemləri həll edə bilən, inkişaf gətirən komandanın formalaşmasıdır. Və prezidentimiz belə komandanı yaratmağa nail ola bilib».


«Jane’s» İnformasiya Mərkəzi isə yazır ki, İlham Əliyev bir qədər güclü məmurları uzaqlaşdırmaqla öz gücünü artırıb, eyni zamanda, bu dəyişikliklər Azərbaycan siyasi sistemində hakimiyyət uğrunda mübarizəni və sistemin naxçıvanlı və ermənistanlı klanına əsaslanan təbiətini göstərir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG