Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:07

Gürcüstan azərbaycanlıları regional dil hüququ almaq istəyirlər


Tbilisidə azərbaycanlıların kompakt halda yaşadıqları «Şeytan bazar» məhəlləsi

Tbilisidə azərbaycanlıların kompakt halda yaşadıqları «Şeytan bazar» məhəlləsi

Gürcüstanda yaşayan azərbaycanlılar ölkə parlamentinə onların regional dil hüququnun tanınmasıyla bağlı müraciət edəcəklər. Bu barədə avqustun 8-də keçirdikləri mətbuat konfransında Qeyrət Xalq Hərəkatının sədri Əlibala Əsgərov açıqlama verib. Onun sözlərinə görə, Gürcüstanda yaşayan digər etnik azlıq-ermənilər artıq analoji təkliflə parlamentə müraciət ediblər.


Regional dil hüququnun qəbul olunacağı təqdirdə azərbaycanlıların kompakt halda yaşadığı regionlarda dövlət işində gürcü dili ilə yanaşı Azərbaycan dili də işlədiləcək.


Qonşu ölkədə fəaliyyət göstərən «Sabah» Gənclər Birliyinin sədri Kamran Ramazanlı isə bildirir ki, dövlət rəhbərliyi ölkənin gürcülərdən sonra sayca çox olan azərbaycanlı əhalisinə qarşı diskriminasiya siyasəti aparır. Onun sözlərinə görə, azərbaycanlıların daha çox məskunlaşdığı Borçalı mahalında yüksək vəzifələrdə gürcülər işləyir. Kamran Ramazanlı deyir ki, «azərbaycanlılar arasında dövlət dilini bilənlər azlıq təşkil edir, buna görə də onlar hökumət işlərində təmsil olunmurlar» bəhanəsini kəsmək üçün gürcü dilini bilən ali təhsilli azərbaycanlıların siyahısını ölkə hökumətinə təqdim edəcəklər.


Cənab Ramazanlı son bir neçə ildə torpaq mübahisəsi zəminində öldürülən, itkin düşən azərbaycanlılarla bağlı 32 cinayət işinin hələ də açılmadığını söylədi. Təşkilat rəhbərləri Azərbaycan hökumətindən xahiş edir ki, qonşu ölkədə yaşan azərbaycanlıların problemlərini diqqətdə saxlayıb həllində yardımçı olsun.


Gürcüstanın Azərbaycandakı səfirliyindən isə bildirirlər ki, bu ölkədə yaşayan azərbaycanlılara qarşı heç bir milli-ayrı seçkilik qoyulmur və azərbaycanlıların dövlət dilini öyrənməsi və cəmiyyətinə inteqrasiyası üçün tədbirlər hazırlanır.


Günün bütün mövzuları

XS
SM
MD
LG