Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:49

«İstefaya getməyimə görə təəssüflənmirəm»


Eduard Şevardnadze «Azadlıq» radiosunun «Tanınmışlar» verilişinə müsahibə verib
Eduard Şevardnadze «Azadlıq» radiosunun «Tanınmışlar» verilişinə müsahibə verib

Eduard Şevardnadze. Onu keçmiş sovetlər birliyinin bütün respublikalarında, o cümlədən Azərbaycanda yaxşı tanıyırlar. O, 1928-ci ildə Gürcüstanda anadan olub. Əvvəl bu respublikanın daxili işlər naziri, sonra yerli kommunist partiyasının birinci katibi olub. 1985-ci ildən isə SSRİ-nin xarici işlər naziri vəzifəsinə təyin edilib. 1990-cı ildə vəzifəsindən istefa verib. Bundan iki il sonra müstəqil Gürcüstanın parlamentinin sədri seçilib, 1995-2000-ci illərdə keçirilən prezident seçkilərində rəqiblərinə qalib gəlib. 2003-cü ildə ölkə tarixinə «qızıl gül» inqilabı kimi düşən kütləvi etiraz aksiyaları zamanı istefaya gedib.


Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze «Azadlıq» radiosuna müsahibə verib.


-Səhhətiniz necədir?


- Səhhətim qaydasındadır. Narahat etmir.


- Lancxuti rayonunun Mamati kəndində doğulduğunuzu bilirik. Bəs ailədə neçə uşaq idiniz?


- Beş. Biz beş uşaq idik. Dörd qardaş bir bacı.


- Siz neçənci idiniz?


- Sonbeşik.


- Kəndinizi necə xatırlayırsınız?


- O, mənim doğma kəndimdir...


- Nə var idi orada?


- Mən o kəndin məktəbində oxumuşam. Atam həmin məktəbin direktoru idi . Ümumiyyətlə, sadə müəllim idi. Uzun müddət-təxminən 30 il həmin məktəbdə işləyib. Atam o məktəbin əsasını qoyanlardan biri idi. 8-ci sinfə qədər mən o məktəbdə oxumuşam. Əlacı idim.


- İlk dəfə nə vaxt həmin kənddən böyük şəhərə çıxdınız? Arzularınız nə idi?


- Əgər Tbilisini nəzərdə tutursunuzsa, Tbilisiyə orta məktəbi bitirəndən sonra gəldim. Valideynlərim təkid edirdilər ki, mən hökmən həkim olmalıyam. Heç mən özüm də etiraz etmirdim. 8-ci sinfi bitirib sənədlərimi tibb texnikumuna verdim.


- Bəs sonuncu dəfə kəndinizdə nə vaxt olmusunuz?


- …Təxminən 10 il əvvəl. Mən çox az oluram orada. Çünki valideynlərim artıq həyatda yoxdur… doğmalarımdan da orada heç kim qalmayıb. Məndən 8 yaş böyük qardaşım faşistlərin SSRİ-yə hücumu zamanı Brest qalasında həlak olub. Orada memorial var. Üzərində qardaşımın da soyadı yazılıb. Mən Brestdə iki dəfə olmuşam. İlk dəfə tək idim. İkinci dəfə isə Qenşerlə getmişdim. Hans Ditrix Qenşer həmin vaxt Almaniyanın vitse-kansleri və xarici işlər naziri idi. Biz dost idik. Qenşer biləndə ki, Brestdə həlak olanlar arasında mənim qardaşım da var, mənimlə birgə onu məzarını ziyarət etmək istədiyini bildirdi. Orada şəklimiz də var. Qenşer memorialın önünə gül qoydu. Mən də həmçinin. Biz 10 -15 dəqiqə dayandıq. Sonra geri qayıdıb danışıqları davam etdirdik...


- Bacı, qardaşlarınızdan sizdən başqa kimsə qalırmı?


- Yox yox... Qardaşlarımın hamısı dünyasını dəyişdi. Bacım da vəfat etdi. Həyat yoldaşım da həmçinin…


- Belə tək yaşayanda adam özünü necə hiss edir?


- ….Necə hiss eləyər… 2003-cü ilin sonu mən istefaya getdim. Halbuki prezidentlik dövrümün sonuna hələ 1 il 8 ay qalırdı. Amma bir vaxtlar mənim yetişdirdiyim gənclər əleyhimə kampaniya təşkil etdilər. Xalqın müəyyən bir hissəsi də onların arxasında dayandı. Və onlar parlamentə soxuldular. Həmin vaxt mən hesabatla çıxış edirdim. Demək olar ki, çıxışımı yekunlaşdırmışdım. Onlar rəyasət heyətinə qalxıb mənim yerimi tutdular. Dedilər ki, bundan sonra Gürcüstana biz rəhbərlik edəcəyik.


- Siz «Keçmiş və gələcək haqda düşüncələr» adı ilə memuarlarınızı çap etdirdiniz. Bu kitab artıq bir necə dilə tərcümə də edilib. Müsahibələrinizin birində demişdiniz ki, bu kitab sonuncu olmayacaq. Maraqlıdır, yazdıqlarınız çoxdu, yoxsa yazmadıqlarınız. Və hər şeyi yazacaqsınızmı. Nələr ki, olub?


- Mən istefaya getməyimə görə təəssüflənmirəm. Baxmayaraq ki, həmin insidentdən-yəni onlar zorla parlamentə girdikdən sonra mən ölkədə «xüsusi vəziyyət» elan etmişdim. Bu barədə telekanallar və digər KİV-lər də məlumat yaydı. Mən prezident və ali baş komandan olaraq qalırdım. Təbii ki, ordu da mənə tabe idi və onun vasitəsilə onları məğlub edə bilərdim.


- Bəs niyə bunu etmədiniz. Bu çoxlarını düşündürdü?


- İndi mən sizə izah edərəm niyə bu addımı atmadım. Xüsusi vəziyyət elan edəndən sonra - gecə evə qayıdarkən yolda düşündüm ki, artıq qalib gəldik. Axı həm bu, həm də o tərəfdən qırılan gürcülər olacaq. Nə fərqi var onlar tərəfdarlardır ya əleyhdarlardır. Cox qan töküləcəkdi. Sora bu regionlara, rayonlara, şəhərlərə keçəcəkdi. Vətəndaş müharibəsi başlayacaqdı. Biz isə vətəndaş müharibəsindən cəmi 4-5 il əvvəl xilas olmuşuq. Buna görə də mən istefa vermək qərarına gəldim.


- İlk olaraq bu qərarınızdan kim xəbər tutdu?


- Mənim xanımım, həyat yoldaşım vardı. Təhsilli, çox savadlı bir qadın idi. Həm də məsləkdaşım idi. Mən nə baş verdiyini ona anlatdım. Heç demə o artıq televizordan hər şeyi bilirmiş. Məndən niyə «xüsusi vəziyyət» elan etdiyimi soruşdu. Dedi bu müharibə deməkdi. «Sən qan tökmək istəyirsən?» «Yox»-dedim- «qan tökülməyəcək. Ancaq siz də sabahdan və ya birisi gündən mənim prezident olmamağıma adət etməlisiniz. Mən artıq prezident deyiləm. Oturacağam evdə və işləyəcəyəm».


Xanımım bu qərarımı alqışladı. Bu vaxt Parisdən oğlum zəng etdi. O, indi də Parisdədir. Televizora baxdığını dedi və soruşdu ki, «Tbilisidə qan töküləcək?»


«Yox»- dedim-«istəyirsən gəl özün gör. Hər şey sülhlə yoluna qoyulacaq».


Elə belə də oldu. İki gündən sonra 2 nəfər yanıma gəldi. Onlar 3 idi. İndiki prezident Mixail Saakaşvili, Zurab Jvaniya o baş nazir idi və Nino Burcanadze, parlamentin hazırkı sədri. Onlar mənə qarşı birləşmişdilər. Onların üçü də mənim yetirmələrimdir.


Dediyim kimi, 2-ci və ya 3-cü gün, mən Qdanisidəki rezidensiyada başqa evdə idim. İkisi gəlmişdi. Saakaşvili və Jvaniya, Burcanadze gəlməmişdi. Soruşdum ki, «uşaqlar nə edəcəyik? Mən «xüsusi vəziyyət» elan etmişəm. Bilirsiniz də mən ali baş komandanam və ordu əmrimi yerinə yetirəcək».


- Əsəbi danışırdınız yoxsa necə, hər halda ürəkaçan vəziyyət deyildi?


- Mən çox soyuqqanlı, sakit, hətta xoş danışdım onlarla. Jvaniya mənə dedi ki, biz sizin yetirmələrinizik. Siz bizi tərbiyə etmisiniz. Həqiqətən də Jvaniya 7-8 il mənim rəhbərlik etdiyim «Vətəndaş birliyi» partiyasının bas katibi olmuşdu. Bu aparıcı partiya idi. Sonra parlamentin sədri oldu... O, mənə dedi ki, vəziyyətdən ən ağrısız çıxış yolu prezidentin istefasıdır. Ancaq biz sizə belə bir təklif etməyə cəsarət etmirik. Biz ki, sizin öz övladınız kimiyik.


Bir sözlə onlar qəti şəkildə mənim istefamı tələb etmədilər. Mən isə dedim ki, «uşaqlar biz indi nahaq yerə vaxt itiririk. İstefa barədə qərarı mən dünən gecədən vermişəm. Əgər siz ölkəni idarə etmək iqtidarındasınız və ya yeni seçkilər keçirmək istəyirsinizsə, bu artıq öz işinizdi. Hər şey sizdən asılıdır. Hər hansı şəkildə mənim köməyimə ehtiyac olarsa, hazıram». Sora qalxdım və medianın qarşısına çıxdım. Amma əvvəl ilk olaraq mətbuatla görüşməyi onlara təklif etdim. Qəti şəkildə imtina etdilər. Məni bütün jurnalistlər tanıyırdı. Çünki Moskvadan qayıdandan sonra, demək olar ki hər həftənin birinci günü müsahibə verirdim. Müsahibədən sonra isə jurnalistlərlə görüşürdüm....


-Mənim yadımdadır, xatırlayıram.


- Mətbuat işçilərinin hamısı mənim tanışım idi. «Onlar soruşur nə olub?» Dedim: «Mən istefaya getdim». «Bəs indi hara?» Dedim: «Evə». «Buraxırlar?» «Mən ki cinayətkar deyiləm. Əlbəttə buraxırlar».


Belə... Sonra jurnalistlər və digərləri ilə bir az zarafatlaşdıq və mən evə getdim. Evdə televizorda baxdım Jvaniya ilə Saakaşvilinin necə çıxıb mətbuatla görüşmələrinə. Üz qalmamışdı onlarda. Rəngləri qaralmışdı. Yəqin ki, onların hansısa kompromis fikirləri var imiş. Amma mən onlarla sövdələşmədim, çünki artıq istefa qərarını vermişdim.


- Cənab Şevarnadze, sizin üçün daha çox hansı situasiya ağrılı idi. SSRİ-nin xarici işlər naziri postunu tərk etmək yoxsa, Gürcüstan prezidenti postundan getmək?


- Bilirsiniz, mən sizə tarixi uzun-uzadı danışmaq istəmirəm. Amma, Qorbaçov mənə xarici işlər naziri postunu təklif edəndə, biz dost idik. Qorbacov baş katib olandan 2-3 ay sonra mənə zəng etdi, Tbilisiyə. Dedi ki, gəl Moskvaya danışaq. Mən sənə ciddi vəzifə təklif etmək istəyirəm. Dedim ki, mən heç yerə getməyə hazırlaşmıram. Gürcüstanda qalmaq istəyirəm. Yox-dedi- mən sabah səhər zəng edib nə nəzərdə tutulduğunu deyəcəyəm. Növbəti gün o, zəng etdi. Dedi ki, biz burada Siyasi Büroda danışdıq, səni SSRİ-nin xarici işlər naziri etmək istəyirik. Mən dedim bu alınmayacaq. Çünki mənim diplomatiyadan heç anlayışım da yoxdur. Cəmi 2-3 ölkədə olmuşam. O da ki, kommunist partiyaların qurultaylarında. O, israr etdi, Moskvaya yollanmalı oldum. Getdim ki, artıq Siyasi Büronun iclası idi. Məni içəri dəvət etdilər. Qorbacov büro üzvlərinə müraciət edib dedi ki, dünən danışdığımız kimi, mən təklif edirəm ki, Eduard Şevarnadzeni xarici işlər naziri təyin edək. Mən orda da etiraz etdim. Dedim ki, mən ümumiyyətlə diplomatiyadan heç nə bilmirəm. Ona aid heç kitab da oxumamışam. Yox – dedi- sən Gürcüstanda işləmisən. Gürcüstanda işləmək elə siyasi işdir. Bu daha mürəkkəb işdir, nəinki diplomatiya.


Beləcə qərar verildi. Qromıko da dəstəklədi bu qərarı. Andrey Andreyeviç Qromıko o vaxt artıq 30 ilə yaxın idi ki, SSRİ-nin xarici işlər naziri idi. Sonra Qorbacov onu SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri vəzifəsinə keçirtdi. Yəni ölkənin formal prezidenti oldu...


Qromıko təklifi dəstəklədi və dedi ki mən Şevarnadzeni tanıyıram. Şübhəsiz o bu işin öhdəsindən gələcək. Bax belə. Növbəti gün mənə Xarici İşlər Nazirliyinin yerləşdiyi Smolenski meydanının yolunu göstərdilər. Məni iş otağıma apardılar. Gördüm nazirin müavinləri əyləşib. Onlardan tanıdıqlarım da vardı, tanımadıqlarım da.


- Maraqlıdır, SSRİ-nin xarici işlər nazirinin neçə müavini vardı?


- Səkkiz. Onlara dedim ki, mənim nazir olmağa heç bir istəyim yoxdur. Amma Siyasi Büronun qərarı hamımız üçün qanundur. Artıq geriyə yol yoxdur. Hər halda bilirdim ki, Qromıko dünya şöhrətli siyasətçidən sonra işləmək asan olmayacaqdı. Mən onlara dedim ki, Qromıko böyük gəmi idisə, mən onunla müqayisədə adi qayığam. Əlbəttə ki, matrolu qayıq. Biz hamımız güldük. Sonra söhbət etdik. Belə də işə başladıq. Nazir təyin olunandan ikinci ya üçüncü gün Helsinkidə «Helsinki yekun aktı»nın 10 illik mərasimində iştirak etməli oldum. Təntənəli mərasim idi. Bu mənim xaricdə ilk çıxışım oldu.


- Cənab Şevarnadze, Sovet İttifaqının dağılmasına az qalmış siz SSRİ xarici işlər naziri vəzifəsindən istefa verdiniz. Bu, gəminin tezliklə batacağını hiss edib onu tərk etmək istəyi idi, yoxsa nə?


-Bilirsiniz məndə dəqiq məlumat var idi. XİN sistemində səfirliklər də daxil olmaqla təxminən 6 minə yaxın adam işləyirdi. Onların da təxminən 30 faizi «çekistlər» idi. Ona görə də məndə daha çox məlumat olurdu nəinki baş katibin özündə.


Mənə deyirdilər ki, Qorbaçova və onun «yenidənqurma» siyasətinə qarşı qiyam hazırlanır. Və nə qədər ki, gec deyil…


Onlar hətta qiyamçıların toplaşdığı yeri də dedilər. Aralarında hərbçilər də var idi. Çox idilər. Bu barədə Qorbaçova da, Yeltsenə də başqalarına da dedim. Heç kim əhəmiyyət vermədi. Mənsə dəqiq bilirdim ki, 1-2 günə qiyamçılar Ağ Evin-yəni parlamentin qarşısında olacaqdılar. «Yenidənqurma» işi məhv olacaqdı.


Yeri gəlmişkən xalqa da heç nə demirdilər. Xalq rahatca öz işində idi. Onda mən sensasiyalı çıxış etdim. Köməkçilərim çıxışımın mətnini deputatlara payladılar. Mənsə tribunaya qalxıb dedim ki, «bu mənim həyatımda ən qısa çıxış olacaq. Əksinqilab üzərimizə gəlir. Sabah və ya o biri gün onlar Ağ Evdə olacaqlar. Amma hələ də onların kimliyini heç kim bilmir. Mən bilirəm ki, onlar «yenidənqurma»nın əleyhdarlarıdır. Mən əksinqilaba etirazımı bildirirəm. Və bu etirazın ifadəsi olaraq istefa verirəm». Bunu deyib öz yerimdə əyləşdim. Sonra Leninqraddan akademik Lixaçov çıxış etdi. Çox yaxşı adam idi. O, məndən qərarımı dəyişməyi xahiş etdi. Dedi bizim yaxşı xarici işlər nazirimiz var. Yaxşı diplomatdır. Mən Eduard Ambrosoviçdən xahiş edirəm istefaya getməsin. Amma mən əlimlə işarə etdim ki, alınmayacaq. Artıq bəsdir.


Sonra Qorbaçov çıxış etdi. Dedi ki, mən bilmirəm nə əksinqilabdı, nə qiyamdı. Mənə məlum deyil, o hardan bilir? Mənsə hamı ilə vidalaşdım. Qorbaçovla da.


-Sonra gərək ki, partiya yaratdınız?


- Sonra mən Xarici Siyasət Assosiasiyasının əsasını qoydum. Partiya yaratdım. «Demokratik İslahatlar Uğrunda» adlanırdı. Bütün ziyalılar bu partiyaya qoşuldu. Mən və Aleksandr Yakovlev onun həmsədrləri idik. O, da Qorbaçovun dostu idi. Onların da mübahisəsi oldu və Qorbaçov tək qaldı.


Əksinqilabçılar Ağ Evə hücum etdilər. Mən Ağ Evin yaxınlığında yaşayırdım. Beş yüz metr aramız vardı. Gördüm ki, orada Tbilisidən olan 2-3 nəfər dayanıb danışırlar. Onlara dedim ki, «uşaqlar biz indi Ağ Evdə olmalıyıq». Həyat yoldaşıma isə dedim ki, uşaqlar məni yüngülvarı yemək-içməyə dəvət edirlər. Bir saata qayıdıram.


Beləcə getdim Ağ Evə. Həyətində xeyli adam vardı. Kimsə məni tanıdı və başladı qışqırmağa ki, «Şevardnadze bizimlədir, Şevardnadze bizimlədir». Hamı çevrildi. Sevinir, qışqırırdılar: «Şevardnadze», «Şevardnadze». Üçüncü mərtəbədə isə Yeltsin otururdu. İnciklik olmaması üçün mən də «Yeltsin bizimlədir»-deyə qışqırdım. Sonra hamı başladı qışqırmağa : «Yeltsin bizimlədir». Bax belə.


- Hansı vəziyyət sizin üçün daha gərgin idi-SSRİ-nin xarici işlər naziri vəzifəsindən getmək, yoxsa Gürcüstanın prezidenti postunu tərk etmək?


- Hər ikisi çətin idi. Çünki mən 5-6 il ərzində bütün dünyanı hərlənmişdim. Bir çox işləri yoluna qoymuşduq. Təbii ki, Qorbaçov əsas idi. Amma xarici siyasət idarəsinin rəhbəri mən idim. Bu müddət ərzində amerikalılarla münasibəti qaydaya sala bildik. ABŞ prezidenti Ronald Reyqanla 8-10 dəfə görüşüm oldu. İlk görüş ağır idi. Sora adi danışıqlar, söhbətlər və sairə.


- Bax gəlin həmin o «və sairə»dən danışaq. Rəsmi danışıqlardan sonra nə olurdu? Reyqanla bağlı xatirələr olmamış deyil hər halda?


-Hər görüşdən sonra Reyqan qəlyanaltıya dəvət edirdi. Otururduq və o çoxlu lətifə danışırdı.


Artıq onun prezidentlik müddəti başa çatırdı. 2-3 ay qalmışdı. Belə söhbətlərin birində mən ona dedim ki, «cənab prezident, mən ikinci belə adam tanımıram ki, bu qədər lətifə bilsin. Özü də bu lətifələrin bir qismi 30 il əvvələ aid olsun. Və siz heç vaxt bir lətifəni təkrar danışmırsınız».


O fikrə getdi. Sonra mənim tərcüməçimi yanına çağırdı. Tərcüməçi qayıdıb mənə dedi ki, bu məlumat yalnız sizin üçündür. Reyqan deyir Şevardnadzeyə söylə ki, «20-30 il əvvəl nə baş verib hamısını xatırlayıram. Dünən olanların isə artıq heç biri yadımda deyil».


Onda artıq dəhşətli xəstəlik başlamışdı. Bundan sonra o, daha üç il yaşadı. Kaliforniyada yaşayırdı. Əvvəl oranın qubernatoru olmuşdu. Mən orada ona baş çəkdim. Amma məni tanımadı. Halbuki, yaxın dost idik. Xanımı mənə dedi ki, «inciməyin, indi o, məndən başqa heç kimi tanımır». Yaddaşını tamam itirmişdi. Amma hündür, sağlam görünürdü.


- Cənab Şevardnadze, bir vaxtlar sizin nazir etdiyiniz adam az sora sizi keçmiş prezident etdi. Bu Şevardnadzenin səhvi deyildi ki?


- Kimi nəzərdə tutursunuz?


- Saakaşvilini.


- Yox. Nə səhv. Mən öz istəyimlə istefaya getmişəm. Mən ki, sizə dedim. Hansısa kompromis təklif var idi. Amma mən onlara deməyə imkan vermədim və istefaya getdiyimi bildirdim.


- Bu hadisələr, Gürcüstandakı bu dəyişiklik sizin həyatınızda nəyi dəyişdi?


- Şəxsən mənim həyatımda çox şey dəyişmədi. Bax görürsünüz, bu gün sizinlə görüşürəm. Jurnalistlərin çoxu yanıma gəlir. Mühafizədə işləyən dostlarım. Onlarla mən çox tez-tez məsləhətləşirəm. Təəssüratlarımı bölüşürəm və sairə.


Ən başlıcası isə kitab yazdım. Rusiyada yalnız bir hissəsi çap olunmuşdu. Jurnalda. Xarici siyasətə aid bölməsi. Sonra çalışdılar ki, orada çap olunsun. Amma mən razılaşmadım. İstəmirdim ki, başlanğıc Rusiyada olsun. Çünki almanlar da əl çəkmirdilər, təkid, xahiş edirdilər. İndi artıq alman dilinə tərcümə başa çatıb. Və noyabrın ortalarında həmin kitabın alman dilində variantının təqdimatı olacaq. Sonra isə almanlar özləri onu ingilis dilinə tərcümə edəcəklər. Təbii ki, əsasən Amerika bazarı üçün. Amerikada da çoxlu dostlarım var. Birinci kitabım ABŞ-da tam satılmışdı. Ümumiyyətlə o, kitab 18 ölkədə çap olunmuşdu. O, cümlədən də Azərbaycanda.


-Sizin taleyinizə iki Mixailin ciddi təsiri olub. Qorbaçov və Saakaşvili. Bu adamları necə xarakterizə edərdiniz?


- Onları müqayisə etmək çox çətindir. Qorbaçov partiya, dövlət işində çox böyük təcrübəyə malik lider idi. Saakaşvili isə, düzdü o ədliyyə naziri olmuşdu, ancaq qısa müddət. Sonra o istefaya getdi və parlamentin deputatı oldu. Belə də ki, onların hər ikisi yaxşı, istedadlı adamlardı.


- Hara sizi özünə daha çox çəkir. Harda özünüzü rahat hiss edirsiniz?


- O yerdə ki, hal hazırda oturmuşam.


- Hansı yeməkdən xoşunuz gəlir. Sevimli yeməyiniz hansıdır?


- Hamısı. Yeməyə qarşı tələbkar deyiləm.


- İndi dostlarınızdan kimsə var yanınızda?


- Çoxları gəlir.


-Heydər Əliyevlə də dost idiniz.


- Mən onun haqqında çox danışıram. Bəlkə bir 10 dəfə gəliblər, müsahibə götürüblər məndən. Nə demək istəyirdimsə hamısını demişəm. Biz qardaş idik. Əsl qardaş. Heydər Əliyev bugünkü Gürcüstan üçün həddən çox iş görüb. Çox təəssüf edirəm ki, tez getdi.


-Amma o, sizin kimi memuarlarını yazmadı. Çoxları üçün maraqlı olsa da. Sizcə niyə yazmadı?


-Xəstəlik imkan versəydi yəqin ki, yazardı. Yadımdadır o, böyük bir yığıncaqda çıxış edirdi. Çıxışı böyük idi. Görünür yoruldu ya özünü pis hiss etdi və yıxıldı. Oradan onu xəstəxanaya aparmaq lazım idi. O, isə qalxıb çıxışını davam etdirdi. Gərək belə etməyəydi. Bundan sonra o, işə qayıtmadı. Mən həm Türkiyəyə, həm də ABŞ-a zəng edirdim. Və o, mənimlə danışırdı. Amma səsindən hiss edirdim ki, o əvvəlki Heydər Əliyev deyil.


- İndi Azərbaycana onun oğlu İlham Əliyev rəhbərlik edir. Onu necə dəyərləndirirsiniz?


- O, gözəl insan və yaxşı dostdur. O, bir vaxtlar SSRİ-nin Xarici İşlər Nazirliyində işləyib. Yaxşı diplomatdır. Və Azərbaycanın lideri kimi də yaxşı adamdır. Heydər Əliyev özündən sonra yaxşı varis, yaxşı davamçı qoyub getdi. Azərbaycanın yaxşı prezidenti var.


-Hansısa köməyə ehtiyac olsa ona güvənirsiniz?


- Güvənirəm. Hökmən güvənirəm. Hətta bəzi məsələlərlə bağlı müraciət də edirəm.


- Cənab Şevardnadze həyatınızda ən yaxşı və ən pis hadisə hansılar olub?


- Mən hesab edərəm ki, nə baş veribsə hamısı qanunauyğunluqdur. Həmçinin də istefalar. Kitab yazmağım da qanunauyğunluqdur. Çünki mənim ümumiyyətlə qələmlə münasibətim pis olmayıb. Hətta uşaqlıq illərində də pis yazmırdım… Mən hələ narazı deyiləm və özümü də yaxşı hiss edirəm.


- Gülləri xoşlayırsınız?


- Əlbəttə. Həyətdə də çoxlu bitkilər, meyvələr var.


- Qızıl gülü necə, xoşlayırsınız?


- Qızıl gülü də həmçinin. Hamısını xoşlayıram. Nə ki təbiətdədir hamısını.


- Amma Gürcüstanda hakimiyyətin dəyişməsinə səbəb olan hadisəni «qızıl gül inqilabı» adlandırırlar. Buna münasibətiniz necədir?


- Mən bu fikirlə razı deyiləm. Heç bir inqilab yoxdur və olmayıb. Bu prezidentin könüllü istefası idi.


- Çox təşəkkür edirəm.


- Buyurun.


XS
SM
MD
LG