Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:56

Azərbaycan İranı qabaqlaya biləcəkmi?


Brayza Türkmənistan qazının İrandan keçməklə Türkiyəyə nəql olunmasını dəyərli saymır

Brayza Türkmənistan qazının İrandan keçməklə Türkiyəyə nəql olunmasını dəyərli saymır

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi və Minsk Qrupundakı həmsədri Mətyu Brayza Bakıya ötən həftədəki səfərində enerji layihələri, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və mətbuatın durumuyla bağlı xeyli mövzu müzakirə etdi.


Buna rəğmən, amerikalı diplomatın budəfəki səfərində bölgənin enerji resurslarının Azərbaycan üzərindən dünya bazarlarına daşınması mövzusuna daha çox ağırlıq verdiyi müşahidə olunurdu. Təsadüfi deyil ki, Brayza səfərdən öncə «Azərbaycana Minsk Qrupunun həmsədri kimi deyil, enerji məsələləri üzrə səlahiyyətli kimi gəlirəm» ifadəsini dilə gətirmişdi. Həqiqətən, Brayza Bakıda enerji məsələləri haqqında daha çox həvəslə danışırdı.


Brayzanın səfəriylə eyni gündə Bakıda Azərbaycanla Yunanıstan arasında təbii qaz sahəsində əməkdaşlıq memorandumunun imzalanması əlamətdar hal idi. Bu memorandum Azərbaycan qazının Avropaya daşınması yolunda ilk önəmli addım sayıla bilər. «Şahdəniz» yatağından çıxarılacaq qazın Bakı-Tbilisi-Ərzurum boru xəttiylə Avropaya daşınması nəzərdə tutulur.


Ancaq Avropa bazarında Rusiya qazıyla rəqabət aparmaq üçün «Şahdəniz» qazı yetərli deyil. Önəmli olan Türkmənistan qazının Xəzərin dibiylə Azərbaycana, buradan da Gürcüstan və Türkiyədən keçməklə Avropaya çatdırılmasına nail olmaqdır. Elə Brayza da Bakıdakı açıqlamasında diqqəti buna cəlb edib. Amerikalı diplomat Türkmənistanın NABUCCO layihəsinə qoşulmasını önəmli sayıb.


NABUCCO layihəsinin gerçəkləşməsində və Azərbaycanın bölgədə nəhəng enerji ixracatçısına çevrilməsində açar dövlət Türkmənistandır. Ancaq bu ölkə hələ Transxəzər qaz kəməri layihəsinə «hə» deməyib. Aşqabad hələ ki, qazının önəmli hissəsini Rusiya üzərindən daşımağa qərar verib. Bu günlərdə Türkmənistan qazının İran üzərindən Türkiyəyə daşınmasını nəzərdə tutan ideyanın gündəmə gətirilməsi isə ABŞ, Avropa Birliyi, Rusiya və Azərbaycan üçün əsl süprizə çevrildi.


Bu layihə Vaşinqtonun və Bakının dəstəklədiyi Transxəzər layihəsini arxa plana keçirə bilər. Türkmənistan-İran-Türkiyə qaz anlaşmasının imzalanması bölgədə İranın əhəmiyyətini də artıracaq.


Ağ Ev bu layihədən narahatlığını gizlətmir. ABŞ-ın Türkiyədəki səfiri Ross Uilson adı çəkilən layihənin Transxəzər layihəsinin əhəmiyyətini azaldacağına işarə edib. Mətyu Brayza isə Türkmənistan qazının İrandan keçməklə Türkiyəyə nəql olunmasını coğrafi və kommersiya baxımından dəyərli saymadığını deyib.


Azərbaycan İranı qabaqlaya biləcəkmi?


Bütün yollar Türkmənistana aparır. Aşqabad ya NABUCCO layihəsinə dəstək verəcək, ya da İranın rolunun əhəmiyyətli dərəcədə artmasına şərait yaradacaq.


NABUCCO layihəsini şərtləndirən Transxəzər boru xəttinin həyata vəsiqə qazanması üçün isə ilk növbədə Türkmənistan-Azərbaycan münasibətləri normallaşmalıdır. Vaşinqton rəsmilərinin Bakı və Aşqabada səfərlərində bu mövzuya xüsusi əhəmiyyət vermələri də diqqətdən qaçmır.


Azərbaycanla Türkmənistan arasında münasibətlərin normallaşması üçün Xəzərin statusu və Xəzər dənizindəki mübahisəli «Kəpəz» yatağı məsələsində razılığa gəlinməlidir. Artıq ikinci məsələ ətrafında danışıqların sürətləndiyi gələn xəbərlər arasındadır. «Kəpəz» yatağının Azərbaycan və Türkmənistanla birgə işlədilməsi həm iki ölkə arasındakı münasibətlərin normallaşmasına yol açar, həm də NABUCCO layihəsinin gerçəkləşməsi istiqamətində ilk addım olardı.


XS
SM
MD
LG