Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:48

«Ən pis yarım il»


Prezidentin 2007-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirəsi mətbuatın diqqətində olub
Prezidentin 2007-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirəsi mətbuatın diqqətində olub

Nazirlər Kabinetində prezident İlham Əliyevin sədrliyi ilə 2007-ci ilin ilk altı ayının yekunları ilə bağlı keçirilən müşavirə qəzetlərin 2 avqust saylarında toxunduqları əsas mövzulardandır.


«Yeni Müsavat» yazır: «İlin əvvəlində Tarif Şurası elektrik enerjisinin, suyun qiymətini üç dəfə, benzinin qiymətini isə 50 faiz artırmaqla əhaliyə şok yaşatdı. Halbuki cəmi bir ay əvvəl dövlət büdcəsi təsdiqlənmiş və ölkədəki bütün xərclər də köhnə qiymətlərə uyğun hesablanmışdı. Hakimiyyət isə bir bazar gecəsi elan etdiyi qiymət artımını uzun müddət əsaslandıra bilmədi».


Elşad Paşasoy «Ən pis yarım il» adlanan məqaləsində yazır: «Birinci yarım il bizim üçün benzinin qiymətinin Amerikadakı qiymətlərdən də önə çıxması ilə yadda qaldı. Qiymət artımından sonra maşınını qarajdan çıxarmayan vətəndaşların sayı bilirsinizmi nə qədərdir? İl yarılanarkən Tarif Şurası təhsil, səhiyyə tariflərinə də yenidən baxaraq xalqa yeni qiymətlər «oxudu».


Milli Məclisin orqanı «Azərbaycan» qəzeti prezidentin keçirdiyi müşavirədən geniş reportaj verib. Bununla yanaşı rəsmi mətbuat orqanında Azərbaycan kinosunun yubileyi ilə bağlı da yazılar dərc olunub.


«Bizim Yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynovun MTN əməkdaşları tərəfindən həbsinin videogörüntülərinin dövlət televiziyasında yayımlanması bir sıra qəzetlərin toxunduğu əsas mövzu olub.


«Yeni Müsavat»ın köşə yazarı Zamin Hacı «Qurd Qapısı» operasiyonu» məqaləsində yazır: «Axı ta hansı bəd əməl qalmadı bunlar törətməsin? Terror (Rauf Arifoğlu və Eynulla Fətullayevin timsalında), dövlət çevrilişi cəhdi (yenə Rauf Arifoğlu - o, ümumiyyətlə bizim medianın «vor zakon»u statusunda bir şəxsdir - az qala Cinayət Məcəlləsinin bütün maddələri ilə suçlanıb), əyyaşlıq və adaxlıbazlıq (Q.Zahidov. A.Əhmədov), narkotrafik (Mirzə Sakit), böhtançılıq (R.Kəbirli, Y.Ağazadə), dini münaqişə (R.Tağı, S.Sədaqətoğlu) və sairə... İndi Hacıbala əkə demişkən, «çirkin rüşvətxor»umuz da var - Müşfiq Hüseynovun timsalında. Bəs necə, pulu «Qurd qapısı» restoranında, əlində tutublar, cibində tozu qalıb, kamera ilə çəkiblər. Ax yaramaz, Əmək Nazirliyinin vicdanlı, kasıb əməkdaşını soymaq fikrinə düşübmüş».


«QHT deyən kimi göz önünə «qrant» sözü gəlir ki, son zamanlar bu sözü gözdən salıblar. Bizdə vətəndaş cəmiyyəti quruculuğu başlayanda heç qrant məsələsi yox idi. Yalnız vətəndaş istəyi var idi. Təəssüf ki, QHT-lərin rolu, vəzifələri ictimaiyyətə düzgün çatdırılmır. Qrant nə bəxşişdir, nə də kiminsə qara gözlərinə görə verilir»- Helsinki Vətəndaş Assambleyasının Azərbaycan üzrə Milli Komitəsinin sədri Arzu Abdullayeva «Mərkəz» qəzetinə müsahibəsində belə deyib. Hüquq müdafiəçisi daha sonra bildirib: «Layihə xatirinə yaradılmış QHT-lər isə ağrılı yerimizdir və «qrant» sözünün gözdən düşməsində də bu təşkilatların rolu az deyil». Arzu Abdullayevanın müsahibəsi «Mərkəz»in 7-ci səhifəsində yer alıb.


«Bankirlər İpoteka Fondunun kommersiya ipotekasından imtina etməsini tələb edirlər»- «Zerkalo» qəzetinin 2 avqust sayında gedən məqalə belə adlanır. Qəzet yazır ki, ipoteka bazarına marağı artırmaq üçün bu yaxınlarda zəmanət fondunun yaradılmasına başlanacaq. İqtisadçı ekspert Çingiz Əsədullayev qəzetə bildirib ki, prezidentin sərəncamına müvafiq olaraq Zəmanət Fondunun yaradılmasına 6 ay vaxt ayırıb və həmin müddət avqustun 11-də başa çatır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG