Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:52

Dünyada suya tələbat qarşıdakı yarım əsrdə iki dəfə artacaq


BMT hesab edir ki, su problemini nə varlanmaq, nə də ərzaq bolluğu həll etmək olar

BMT hesab edir ki, su problemini nə varlanmaq, nə də ərzaq bolluğu həll etmək olar

BMT-nin xüsusi araşdırmasına görə, dünyada suya tələbat qarşıdakı yarım əsrdə iki dəfə artacaq. Ancaq su qıtlığını elə indidən görmək olur. İndi dünya əhalisinin iki milyardı hər gün su qıtlığı problemi ilə üzləşir.


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının dəstəyi ilə dünyanın 400-dən çox hidroloq və aqronomunun gəldiyi başqa bir nəticəyə görə, su probleminin həlli ərzaq probleminin həlli qədər asan olmayacaq. Bəzi hökumətlər ərzaq probleminin həlli üçün artıq uğurlu yollar tapıblar. Ötən yarım əsrdə suvarılan torpaqların bölüşdürülməsi Asiya ölkələrində ərzağın 3 qat artmasına səbəb olub. Bu prosesə «yaşıl inqilab» da deyirlər.


Amma su problemini nə varlanmaq, nə ərzaq bolluğu həll edə bilər. Dünya Təbiət Fondunun araşdırmalarına görə, varlı ölkələrdə sudan istifadə daha acınacaqlı vəziyyətdədir. Varlı ölkələr su sızmalarının qarşısını almaq üçün çox iş görmür, kənd təsərrüfatında sudan israflıqla istifadə olunur. Araşdırmaların koordinatoru Devid Moden deyib ki, bundan sonra ölkələr az su ilə daha çox məhsul yetişdirmək yollarını tapmalıdırlar.


Adambaşına ən çox su Şimali Amerikada və Yaponiyada işlədilir. Gündə 350 litr. Avropada bu rəqəm 200 litr, Afrika ölkələrində 10-20 litrdir. Mütəxəssislərin proqnozlarına görə, 2070-ci ildən ən çox su qıtlığı çəkən Avropa ölkələri İspaniya, İtaliya, Belçika, Yunanıstan, Türkiyə, Bolqarıstan, Serbiya və Rusiyanın cənubu olacaq.


Azərbaycanda da su qıtlığı var. Bu daha çox ölkənin aran rayonlarında müşahidə olunur. Yay aylarında isə Bakının mikrorayonlarında da əlində vedrə su axtarışına çıxan adamları tez-tez görmək olar. Yerli hakimiyyət orqanları bu cür vəziyyəti adətən yayda suyun çox istifadə olunması və su çatışmazlıgı ilə izah edirlər.


XS
SM
MD
LG