Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:54

Azərbaycanda jurnalistikanın nüfuzu ciddi şəkildə aşağı düşüb


«Azərbaycanın KİV-lərinin böyük əksəriyyəti üçün qanunçuluq və etika normaları əsas meyar deyil»

«Azərbaycanın KİV-lərinin böyük əksəriyyəti üçün qanunçuluq və etika normaları əsas meyar deyil»

Nəcəf Nəcəfov Fondu ölkənin 20 mətbu orqanı üzrə 2006-cı ilin oktyabrından 2007-ci ilin mayınadək keçirdiyi monitorinqi başa çatdırıb. Monitorinq zamanı «KİV haqqında» qanuna və jurnalist etikasına nə dərəcədə riayət olunduğu araşdırılıb.


Layihənin başlıca nəticələrindən biri odur ki, Azərbaycanın mətbu və elektron KİV-nin böyük əksəriyyəti üçün qanunçuluq və etika normaları əsas meyar deyil. KİV-də kompromat, sifariş, böhtan və təhqiramiz materialların yayılması adi hadisədir və ictimai rəyin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir.


Fondun tövsiyyələrində deyilir ki, hətta Mətbuat Şurasının üzvü olan və KİV-ə aid müxtəlif qanun layihələri hazırlayıb imzalayanlar da qanunçuluq və etika normalarına əməl etmirlər. Güman etməyə əsas var ki, hakimiyyət bu prosesə ciddi cəlb olunub və belə şəraitin saxlanmasında maraqlıdır.


Fondun tövsiyyələrində deyilir ki, hətta Mətbuat Şurasının üzvü olan və KİV-ə aid müxtəlif qanun layihələri hazırlayıb imzalayanlar da qanunçuluq və etika normalarına əməl etmirlər.

KİV-in başlıca gəlir mənbəyi olan reklam bazarından hakimiyyətə loyal münasibət bəsləməyən media qurumlarını sıxışdırmaq üçün istifadə edilir. İnadkar KİV və jurnalistlərə qarşı məhkəmə ittihamları, həmçinin mətbuat nümayəndələrinin oğurlanması və döyülməsi bir təzyiq vasitəsi kimi qalmaqdadır. Yeni-yeni hökumətyönlü mətbu və elektron KİV-lər yaratmaq, jurnalistləri satın almaq və ya yüksək maaş vasitəsilə öz tərəfinə çəkməkdən getdikcə daha fəal istifadə olunur.


Fondun keçirdiyi monitorinqin nəticələrində qeyd olunub ki, İlham Əliyev öz prezidentliyi dövründə KİV rəhbərləri ilə görüşməyib və onların bütün müraciətlərini cavabsız qoyub.


Fondun gəldiyi nəticə belədir ki, hökumət məqsədyönlü siyasət yürüdür. Bu siyasətin məqsədi mətbu məkanı nəzarətdə saxlamaq, müstəqil mətbuatın fəaliyyətini mümkün qədər məhdudlaşdırmaq və ən başlıcası onların hakimiyyətin maraqlarına uyğun olmayan siyasi proseslərdə iştirakının qarşısını almaqdır. Bunların baş verməsində əsas «köməkçilər» mətbuatın iqtisadi asılılığı, ölkədə korrupsiyanın yüksək həddi, liberal islahatların zəifliyi və iqtisadiyyatda monopoliyadır.


Hakimiyyət ölkədə qarətçiliklə məşğul olan yüzlərlə «reket» qəzetin mövcudluğuna göz yumur, bununla bərabər müxalif KİV-lərin tənqidinə çox kəskin reaksiya verir və onlara qarşı demək olar ki, elan edilməmiş müharibə aparır. Bütün bunlar qəzet biznesinin ziyanla işləməsinə gətirib çıxarıb.


Lakin bu hal naməlum mənbələrdən maliyyələşdirilən yeni-yeni hökumətyönlü KİV-lərin yaradılmasına mane olmur. Belə KİV-lərin hakimiyyətə yaxın adamlar, onların qohumları və yüksək vəzifə tutan dövlət məmurları tərəfindən yaradıldığı məlumdur. Yeni qəzet və agentliklərin yaradılma və fəaliyyət sxemləri olduqca oxşardır: qəfildən anonim bir təsisçi peyda olur və yüksək maaş verməklə özünə işçi yığır. Bu KİV-lər başqaları ilə rəqabətə girə bilmir, tirajları satılmır, lakin rəsmi tədbirlərə həmişə dəvət edilirlər. Maliyyə vəziyyətləri də həmişə yaxşıdır. Bu təzadın hakimiyyətin həmişə haqqında danışdığı bazar iqtisadiyyatına heç bir dəxli yoxdur. Baş verənlər dolayısı ilə sübut edir ki, ölkədə mənbəyi naməlum olan böyük və gizli vəsait dövr edir. Böyük ehtimalla demək olar ki, bu, neftdən gələn və vergidən yayınma nəticəsində ortaya çıxan pullardır. Demokratik jurnalistikanın norma və ənənələrini heçə endirən bu faktorlar ictimai nəzarəti zəiflədir.


Son illərdə jurnalistikanın bir institut kimi nüfuzu ciddi şəkildə aşağı düşüb, KİV-in ictimai rəyə təsiri azalıb. Hətta ən kəskin yazı belə adekvat əks-səda yaratmır.


Mətbuat özünün başlıca funksiyasını – dördüncü hakimiyyət olmasını itirməkdədir. Bu vəziyyət yuxarıda sadalanan proseslərin qanunauyğun nəticəsidir.


Eyni zamanda hakimiyyətlə sövdələşməyə gedən KİV-lər öz nüfuzlarını itiriblər və açıq, ya gizli ötürülən «pay»lardan asılı vəziyyətə düşüblər.


Fond layihənin yekun sənədində hakimiyyətə bəzi tövsiyələr də verib: Avropa Birliyinin Yeni qonşuluq proqramında əks olunmuş, KİV-in azadlığının və müstəqilliyinin təmin edilməsi kimi öhdəliyi, AŞPA Monitorinq Komitəsinin hesabatındakı tövsiyələri yerinə yetirsin, ATƏT-in diffamasiya haqda tövsiyəsini qəbul etsin, müstəqil və müxalif mətbuatla təmas yaratsın, jurnalist təşkilatlarının iştirakı ilə KİV-in inkişafına dair uzunmüddətli proqram hazırlasın. Hakimiyyət «reket» jurnalistikasına qarşı mübarizəni gücləndirməli, müstəqil və müxalif mətbuatla düşmən münasibətdən əl çəkməlidir.


Tövsiyələrdə o da bildirilir ki, hakimiyyət tənqidə münasibətdə daha səbirli olmalı, KİV və jurnalistlər isə mətbuatı ifrat siyasiləşdirməkdən əl çəkməli və jurnalist etikası normalarına əməl etməlidir. KİV-in iqtisadi müstəqilliyinə hərtərəfli şərait yaratmaqla onların siyasi qruplardan və oliqarxlardan asılılığını zəiflətmək vacibdir. Bu proses demokratik islahatların dərinləşdirilməsi, monipoliyadan imtina və iqtisadiyyatın liberallaşdırılması vasitəsilə uğur qazana bilər.


Fond Mətbuat Şurasını da tənqid edib. Monitorinqin nəticələrində vurğulanır ki, Mətbuat Şurası ümidləri doğrultmayıb, bu ideya gözdən salınıb, demokratik mətbuatın rolu və təsiri isə minimuma enib. Məsələ o yerə çatıb ki, Mətbuat Şurasının başçısı Azərbaycanda jurnalistlərin hüquqlarını pozduğuna görə hakimiyyəti tənqid edən beynəlxalq hüquq müdafiə təşkilatlarını açıq şəkildə qınayır. Mətbuat Şurası hər hansı konkret məsələni müəyyənləşdirə və həll edə bilən quruma çevrilə bilməyib, faktiki olaraq formal bir təşkilat kimi mətbuatdakı ən vacib proseslərdən kənarda qalıb.


Mətbuat özünün başlıca funksiyasını – dördüncü hakimiyyət olmasını itirməkdədir.

Fondun tövsiyələrində deyilir ki, jurnalist qurumlarına mətbuat məkanında mayak ola biləcək yeni, nüfuzlu bir özünüidarə birliyi gərəkdir. Belə bir qurumun yaradılması bu gün jurnalistlərin önündə duran birinci və ən vacib məsələdir. Ölkənin jurnalist təşkilatlarının beynəlxalq qurumlarla əməkdaşlığını fəallaşdırmaq və möhkəmləndirmək, onları Azərbaycanda baş verən proseslər barədə operativ məlumatlandırmaq gərəkdir.


Nəcəf Nəcəfov Fondunun beynəlxalq qurumlara tövsiyələrində deyilir ki, Azərbaycanda azad sözün və jurnalist hüquqlarının vəziyyəti 2006-cı ilin ortalarından başlayaraq kəskin surətdə pisləşib. Bu tendensiya getdikcə güclənir və böyük ehtimalla demək olar ki, hücumlar davam edəcək. Buna görə beynəlxalq qurumlar baş verənləri diqqətlə izləməli və uyğun qiymətləndirməlidir. Ümidlər ən çox ATƏT, Avropa Şurası, Avropa Birliyi və Qərb demokratiyası ölkələrinin hökumətlərinədir. Baş verən pozuntular açıqlanmalı və prinsipial qiymətini almalıdır. Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyəti qarşısında mətbuata bu cür münasibətin yolverilməz olduğunu bildirməlidir. Mətbuatın monitorinqi davam etdirilməli, genişləndirilərək elektron KİV-i və hakimiyyətin bu sahədə siyasətini əhatə etməlidir. 2008-ci ildə prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq, bu olduqca vacib məsələdir. ATƏT və Avropa Şurasının Azərbaycanda mətbuat və jurnalist azadlığı üzrə xüsusi məruzəçi təyin etməsi də məqsədəuyğundur.


Günün bütün mövzuları

XS
SM
MD
LG