Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:12

«Güclü hökumət jurnalistləri həbs etdirmir»


«Human Rights Watch» təşkilatının icraçı direktoru Kennet Roz, Bakı, 17 iyul 2007
«Human Rights Watch» təşkilatının icraçı direktoru Kennet Roz, Bakı, 17 iyul 2007
«Human Rights Watch» beynəlxalq insan hüquqlarını müdafiə təşkilatının icraçı direktoru Kennet Roz deyir ki, Azərbaycandakı bütün görüşlərində əsas diqqəti media azadlığınıa yönəldib.

Onun fikrincə, Azərbaycan Avropa Şurasına üzv olan yeganə dövlətdir ki, böhtana görə jurnalistləri həbs etdirir. O, təklif edir ki, hökumət jurnalistlərin peşəkar fəaliyyətinə görə həbs edilməsinə moratorium qoysun, əvəzində böhtana yol verən jurnalistlər mülki məsuliyyətə cəlb edilsinlər.

Kennet Rozun fikrincə, həbsdə olan jurnalistlərin azad edilməsinə tarixi əsas da var, bu, 22 iyul mətbuat günüdür. Cənab Roz deyir ki, Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsənovla görüşündə ona bildirilib ki, jurnalistlərin hamısının azadlığa buraxılmasında texniki problemlər var: «Mənimsə cavabım belə oldu ki, İlham Əliyev bu texniki problemlərin arxasında gizlənməməlidir».


«Human Rights Watch» rəsmisi hesab edir ki, jurnalistlərin həbsdən azad olunması bütövlükdə Azərbaycanın qələbəsi olacaq: «Hökumət bununla beynəlxalq öhdəliklərinə sadiq olduğunu göstərəcək. İlham Əliyev populyardı, güclüdür, amma güclü hökumət jurnalistləri həbs etdirmir, jurnalistləri susdurmur, onların ictimaiyyətlə əlaqəsini kəsmir».


Kennet Roz həmçinin bildirir ki, o, jurnalistlərə fiziki hücumların olmasından və belə faktların araşdırılmamasından narahatdı.


«Human Rights Watch» beynəlxalq insan hüquqlarını müdafiə təşkilatının icraçı direktoru Kennet Roz iki gündür ki, Bakıdadır. O, səfər çərçivəsində ölkə rəsmiləri, müxalifət partiyalarının nümayəndələri, media təmsilçiləri və QHT rəhbərləriylə görüşüb.


Hazırda Azərbaycanda müxtəlif ittihamlarla yeddi jurnalist həbsdədir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG