Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:06

Ruşaniyyə Hüseynova: «Dövlət Elmarın qətlinin üstünü açmayacaq»


«Azərbaycan dövlətinin bu qətli açmaq üçün hər hansı istəyi yoxdur»

«Azərbaycan dövlətinin bu qətli açmaq üçün hər hansı istəyi yoxdur»

İyulun 17-də «Monitor» jurnalının mərhum redaktoru Elmar Hüseynovun ad günüdür, yaşasaydı 40 yaşı tamam olacaqdı. Ötən ilin sonunda onun Azərbaycandan mühacirət etmiş xanımı Ruşaniyyə Hüseynova «Azadlıq» radiosuna müsahibə verib.


- Günüm ondan başlayıb ki, mən internetlə bütün Azərbaycan mətbuatını oxumuşam, Elmar haqda çıxan yazılara baxmışam. Elmarın adına aş bişirirəm, halva çalıram. Bakıdan uzaqda, baş verənlərdən kənarda qalmaq ağırdır. Amma artıq iş belə gətirib.


- Bir neçə ay əvvəl sizinlə danışanda demişdiz ki, Elmar Hüseynovun qətli ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyə hazırlaşırsız?


- Mən sənədləri hazırlayıram. Bu, asan proses deyil və uzun çəkir. Mən bu ideyadan imtina etməmişəm.


- Sənədləşmə nə vaxta başa çatacaq?


- Bilirsiz, indi bunu demək çətindir. Lazım olan bütün sənədləri toplamaq lazımdır.


- Bakıda olanda hüquq-mühafizə orqanları vaxtaşırı sizi çağırır, məlumatlandırırdı. Bəs Bakını tərk edəndən sonra sizə istintaqla bağlı məlumat verirlərmi?


- Yox, yox, yenə də yox! Prinsipcə, onu da deyim ki, məni istintaqa çağıranda belə, xüsusi informasiya vermirdilər, növbətçi informasiyalar verirdilər, bunu edirik, onu edəcəyik və s. İstintaq yerində sayır, hər hansı irəliləyiş yoxdur. Azərbaycan dövlətinin bu qətli açmaq üçün hər hansı istəyi yoxdur. Xüsusən də indiki vəziyyətdə. Nə qədər jurnalist barmaqlıq arxasındadır, uydurulmuş maddələrlə həbs olunublar. Mən başa düşürəm ki, dövlət Elmarın qətlinin üstünü açmayacaq. Ona görə ki, bu qətli onlar törədiblər. Və bunu bacardıqca uzadacaqlar. Adi bir şeyə fikir verin, istintaq qrupu Gürcüstana ya Elmarın ad günündən, ya da onun ölümündən bir gün əvvəl gedir. İctimaiyyətə göstərmək istəyirlər ki, guya nəsə edirlər. Əslində isə qayıdandan sonra bu səfərdə nəyə nail olduqlarını demirlər. Bir bunu deyirlər ki, məxfi məlumatdır və onu yaymaq olmaz. Onlarda məlumat yoxdur, olsaydı, cəmiyyəti, beynəlxalq ictimaiyyəti çoxdan məlumatlandırardılar.


- Hüquq-mühafizə orqanları deyirlər ki, narahatlığa əsas yoxdur. İstintaq araşdırma aparır, iki nəfər axtarışdadır, əlavə şəxslər dindirilir və sairə. Bəs siz niyə belə düşünürsüz ki, istintaq qətlin açılmasında maraqlı deyil?


- Əvvəla iki il yarımdı eyni sözü deyirlər. İkincisi, qətlin açılmasını istəsəydilər, bu, onların hərəkətindən çoxdan bəlli olardı. Eyni sözü demək onu göstərir ki, sifarişçilərlə bağlı heç bir məlumat yoxdur.


«Monitor» jurnalının redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı mənzilin qarşısında odlu silahdan açılan ətəşlə öldürülüb. Onun qətlinin sifarişçilərinin tapılması ilə bağlı prezident göstəriş verib. ABŞ və Türkiyədən mütəxəssislər dəvət olunub. Sonradan Daxili İşlər Nazirliyinin sabiq idarə rəisi Hacı Məmmədov məhkəmədə bildirib ki, redaktoru keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin göstərişilə onun dəstəsi öldürüb. Bununla bağlı hər iki şəxs dindirilib. Amma hələlik istintaqı aparan Milli Təhlükəsizlik Nazirliyi araşdırmanın başa çatmadığını və istintaq sirri olduğundan əlavə məlumat verilməyəcəyini bildirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG