Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:26

Konqersdəki dinləmələrdə hakimiyyət sərt tənqid olundu


Vindzor Azərbaycanda yeddi jurnalistin həbsdə olmasını, sərbəst toplaşmaq azadlığının pozulduğunu da vurğulayıb

Vindzor Azərbaycanda yeddi jurnalistin həbsdə olmasını, sərbəst toplaşmaq azadlığının pozulduğunu da vurğulayıb

«Azərbaycan Konstitusiyası söz və mətbuat azadlığına təminat verir, ancaq hakimiyyət mətbuat azadlığını məhdudlaşdırmaq üçün müxtəlif üsullardan istifadə edir. Hazırda Azərbaycanda yeddi jurnalist həbsdə yatır, bu, ATƏT ölkələri içində ən yüksək rəqəmdir».


Bunu «Freedom House» demokratik azadlıqlar təşkilatının icraçı direktoru Cenifer Vindzor deyib. İyulun 12-də Amerika Konqresinin Nümayəndələr Palatasında Azərbaycan, Kuba və Misirdə demokratiya və insan haqlarının vəziyyətinə dair dinləmələr keçirilib.


Xanım Vindzor deyir ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı da boğulur, siyasi müxalifətə təzyiqlər artır, qeyri-hökumət təşkilatlarına qeydiyyat və vergi işlərində maneələr yaradılır. Ölkədə bütün siyasi qərarlara icra hakimiyyəti nəzarət edir. Hətta məhkəmələr də icra strukturlarına tabedir.


O ki qaldı, Birləşmiş Ştatların Kuba, Misir və Azərbaycana dair siyasətinə, Cenifer Vindzora görə, Amerikanın bu üç ölkəyə münasibətdə siyasəti fərqlidir: «Buş hökuməti Kubaya on illərdir embarqo qoyub, Fidel Kastronu haqlı olaraq diktator kimi tanıyır. Ancaq prezident Buş bu yaxınlarda azərbaycanlı həmkarı İlham Əliyevi əsl demokratik lider kimi qəbul edib. Buş hökuməti Azərbaycanda demokratiyaya, insan haqları fəallarına yardımı azaldıb».


Cenifer Vindzor deyir ki, Misir, Kuba və Azərbaycanda hakimiyyət əsas siyasi və mülki hüquqlara hörmət qoymur. Hər üç ölkəni «Freedom House» qeyri-azad adlandırır.


Ancaq ötən ilin aprelində Buş administrasiyası ilə Azərbaycanın münasibətləri yeni, isti mərhələyə qədəm qoydu. Prezident Əliyevin Amerikaya səfəri vaxtı Corc Buşla görüşdə enerji və təhlükəsizlik məsələləri müzakirə olundu. Azərbaycanda insan haqları pozuntuları, xüsusilə Dövlət Departamentinin illik hesabatında yer alan tənqidlər barədə danışılmadı.


Bəs Birləşmiş Ştatlar bütün dünyada demokratiya və insan haqları naminə hansı işləri görə bilər?


«Freedom House» inanır ki, Amerika hökumətinin mülki cəmiyyətə, insan haqları fəallarına dəstəyi artırmalıdır. Cennifer Vindzor: «Konqres üzvləri, Amerika diplomatları bu ölkələrə səfər edəndə, təkcə hökumət təmsilçiləri ilə deyil, fəal insan haqları müdafiəçiləri, müxalifətçilərlə də görüşməlidirlər».


Xanım Vindzor deyir ki, Birləşmiş Ştatların bu siyasəti əməldə özünü göstərməlidir, demokratiya, insan haqları fəallarına maliyyə yardımı artırılmalıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG