Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:35

«Bakı-Xəbər» 20 milyon köhnə manatlıq borcunu bir ilə ödəməlidir


İyulun 12-də Səbail Rayon Məhkəməsində hakim Alim Namazovun sədrliyi ilə keçirilən məhkəmə prosesində «Bakı-Xəbər» qəzetinin baş redaktoru Aydın Quliyevin Apellyasiya Məhkəməsinin fevralın 9-da çıxardığı qərarla bağlı təkrar müraciətinə baxılıb. Yekunda məhkəmənin çıxardığı qərara əsasən, «Bakı-Xəbər» əvvəlki məhkəmə baxışları zamanı qəzetə kəsilmiş 20 milyon köhnə manat həcmində cəriməni 1 il ərzində ödəməlidir.


Proses barədə «Media forum» saytına məlumat verən A.Quliyev bildirib ki, qərar onları qane etmir: «Qərara görə, bu bir il ərzində istənilən vaxt bizim hesablarımıza həbs qoyula bilər. Digər tərəfdən, 1 ildə 20 milyon manat ödəmək o deməkdir ki, biz bir ayda orta hesabla köhnə pulla milyon yarım manat vəsait ödəməliyik. Bu isə bizim vəziyyətimizə uyğun deyil».


Baş redaktor mətbəəyə də borclarının olduğunu xatırladıb və vurğulayıb ki, belə olan halda qəzetin problemləri artır. Bununla belə, A.Quliyev yaxın vaxtlarda qəzetin işıq üzü görməsi üçün çalışdıqlarını deyib. Onun sözlərinə görə, məhkəmə borcun hissə-hissə ödənməsi barədə qərar çıxarsaydı, bu, «Bakı-Xəbər»in mənafeyinə daha çox uyğun olardı.


2005-ci ilin dekabrında Səbail Rayon Məhkəməsi Ucar Rayon İstehlak Cəmiyyəti sədrinin iddiası əsasında «Bakı-Xəbər» qəzetini 20 milyon köhnə Azərbaycan manatı məbləğində cərimələyib. İddiaya qəzetdə dərc edilən «Ucarda manyak peyda olub» yazısı səbəb olub. Ucar Rayon İstehlak Cəmiyyətinin sədrinin məsələ ilə bağlı etiraz məktubu «Bakı-Xəbər»də dərc olunub.



2007-ci ilin fevralında iddiaçı apellyasiya şikayəti verərək məbləğin hamısının eyni vaxtda ödənməsini tələb edib və Apellyasiya Məhkəməsi iddianı təmin edib. «Bakı-Xəbər»in baş redaktoru isə cərimənin hissə-hissə ödənməsini istəyir. A.Quliyev Apellyasiya Məhkəməsinin qərarı ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edərək işə yenidən baxılmasını istəmişdi.


Mayın 31-də «Bakı-Xəbər» maliyyə çətinlikləri səbəbindən nəşrini müvəqqəti dayandırıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG