Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:23

«Qəbələ RLS Amerika üçün faydalıdır»


Qəbələ RLS raketləri uçuşda daha tez və effektiv axtarıb tapa bilir

Qəbələ RLS raketləri uçuşda daha tez və effektiv axtarıb tapa bilir

«Rusiya prezidenti Vladimir Putin həmkarı Corc Buşa elə bir təklif edib ki, ondan imtina edə bilməyəcək. Əlbəttə, əgər Buş raket əleyhinə müdafiə məsələlərində həqiqətən də real beynəlxalq əməkdaşlığa can atırsa».

Bunu «Nyu-York Tayms» qəzeti yazır. Məqalənin müəllifi Teodor Postolun fikrincə, Qəbələ RLS-ə dair təklif iki səbəbdən faydalıdır: birincisi, Raket Əleyhinə Müdafiə planı üzündən diplomatik mübahisələrə son qoya bilər, ikincisi isə İrana qarşı üçün daha effektiv vasitə ola bilər. Məsələ ondadır ki, özünün texniki xarakteristikalarına görə, Qəbələ RLS məsələn, Alyaskada yaradılmaqda olan Amerikanın radar sistemlərini tamamlayır.

Teodor Postol - Massaçusets Texnoloji İnstitutunun professoru, texnologiyalar və milli təhlükəsizlik məsələləri üzrə ekspertdir.


Teodor Postol yazır ki, «əgər biz Raket Əleyhinə Müdafiə planlarının reallaşmasını davam etdirmək niyyətindəyiksə, onda gərək, nəinki məlumat mübadiləsi haqda təklifi qəbul edək, həm də Amerikanın raket əleyhinə radarlarını və başqa avadanlıqları Azərbaycan və ya qonşu Türkiyədə yerləşdirək. Müştərək iş İrana qarşı müdafiənin effektivliyini artırmaq şanslarını xeyli çoxaldacaq».


Postol buna texniki izahat da verir: «Qəbələ RLS-də uzaq məsafədəki ballistik raketlərin döyüş başlıqlarının axtarışı üçün aşağı tezlikli radiosiqnallardan istifadə olunur. Bu radiosiqnalların dalğasının uzunluğu döyüş başlıqlarının ölçülərinə yaxındır. Ona görə də, elektromaqnit sahədə çox güclü titrəyişlər yaranır, raketdən əks olunan siqnal isə o qədər güclüdür ki, RLS-in qəbulediciləri onu rahat tuta bilir».


Jurnalist yazır ki, Qəbələ RLS-dən fərqli olaraq, Amerika radarı 70 dəfə yüksək tezliklərdə işləyir. «Belə sistemin üstünlüyü ondadır ki, siz obyektin də 70 dəfə daha aydın şəklini əldə edirsiniz. Məhz hansı raketi dəf etdiyinizi müəyyənləşdirmək və döyüş başlıqlarını çaşdırıcı hədəflərdən fərqləndirmək istəyirsinizsə, aydınlıq vacibdir. Bununla belə, belə yüksək tezliklərdə əks siqnalın radioşüalanma enerjisi çox azdır, Qəbələ radarının qəbul etdiyi siqnalın enerjisindən təqribən 100 dəfə zəifdir» .


Teodor Postol məqaləsində izah verir: «Bu o deməkdir ki, Qəbələ RLS raketləri uçuşda tez və effektiv axtarıb tapa bilir, amma məhz nəyi aşkarladığını müəyyən etmək imkanları məhduddur. Amerika radarının obyekti tapması daha uzun çəkir, amma o, detalları dəqiq gözdən keçirə bilir. Aydındır ki, bu sistemlər üstünlükləri və qüsurları ilə birlikdə istifadə olunsa, onda raketləri aşkarlamaq və onları izləmək xeyli asanlaşacaq».


Müəllifin fikrincə, İranın şimal-qərbi ilə həmsərhəd olan Azərbaycanda müştərək işin daha bir üstünlüyü var: «Bu cür qısa məsafədə yer səthinin əyriliyi radarın baxış bucağına az təsir edir. Ona görə də, bizdə daha aydın təsvir və reaksiya vermək üçün xeyli vaxtımız olacaq. Amerika radarı həmin rayonda (Azərbaycanda və ya Türkiyədə- red.) yerləşdirilsəydi, İran ərazisindən Vaşinqton istiqamətində uçan raketləri Şərqi Avropadakı sistemdən ən azından, üç-dörd dəqiqə daha tez aşkarlaya bilərdi. Bu qiymətli dəqiqələr imkan verir ki, izləməyə dair məlumatlar toplansın, məhvetmə koordinatları hesablansın və əks raketlərlə vurulsun».


Teodor Postol yazır ki, belə əməkdaşlığa etiraz etməyə az şey tapılar, əgər o da tapılarsa: «Amma siyasət tamamilə başqa əhvalatdır. «Soyuq müharibə»nin başa çatdığına inanmayanlar şikayətlənəcəklər ki, müştərək işdə ruslara etibar etmək olmaz. Lap əgər bu, bizim marağımızda olsa belə. Başqa bir etiraz odur ki, prezident Putinin hökuməti heç də demokratiya və insan haqlarının müdafiəsinin nümunəsi deyil. Amma nəzərə almaq lazımdır ki, ölkələr arasında texniki əməkdaşlıq Rusiyanı Qərblə yaxınlaşmaya sövq etmək üçün yaxşı imkandır».


Məqalədə bildirilir ki, ötən ay Buş Putinə deyib ki, «Soyuq müharibə» başa çatıb. Raket Əleyhinə Müdafiə işində Rusiyayla əməkdaşlıq deyilənləri əməli işə çevirmək üçün əla vasitədir.


Günün bütün mövzuları

XS
SM
MD
LG