Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:46

Gürcüstan ahıska türklərinin qayıtması haqda qanunu qəbul edib


İbrahim Burxanov Qayıdış Fondu yaratmaq niyyətindədir

İbrahim Burxanov Qayıdış Fondu yaratmaq niyyətindədir

İyulun 11-i axşam Gürcüstan parlamenti növbədənkənar sessiyasında «XX əsrin 40-cı illərində Sovet hakimiyyəti tərəfindən Gürcüstandan zorla qovulmuş şəxslərin repatriasiyası haqqında» qanunu sonuncu oxunuşda qəbul edib.


Sənədin lehinə 119, əleyhinə isə 19 deputat səs verib. Qanun ahıska türklərinin Gürcüstana qayıtmasını, sənədlərin verilməsi qaydalarını, repatriant statusunun və vətəndaşlığın alınmasını nəzərdə tutur. Qanunda deyilir ki, qayıtmaq istəyənlər öz ərizələrini 2009-cu il yanvarın 1-nə kimi təqdim etməlidirlər. Qanun mətbuatda dərc olunduğu gündən qüvvəyə minir.


Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinə uyğun olaraq, Gürcüstan ahıska türklərinin qayıtması üçün 2011-ci ilə kimi hər cür şərait yaratmalıdır.


Deputatların bir qismi bu qanunun qəbul edilməsinin əleyhinə olub. Belə ki, deputat Kaxa Kukava hesab edir ki, bu, Gürcüstan dövlətçiliyinə qarşı təhlükədir.


Öz növbəsində, Gürcüstan parlamenti yanında milli azlıqlarla iş üzrə Avropa Mərkəzinin müşaviri Temur Lomsadze deyib ki, hazırda ahıska türkləri səkkiz ölkədə yaşayırlar və həmin ölkələrdə ərizələrin qəbulu xidmətləri yaradılmalıdır. Daha sonra repatriasiya xidməti onları nəzərdən keçirərək qərar verəcək. Repatriasiyanın həyata keçirilməsi üçün beynəlxalq donorlar fondu yaradılmalıdır, deyə Lomsadze qeyd edib.


Ahıska türklərinin Vətən Cəmiyyətinin sədri İbrahim Burxanov isə qanunun qəbul edilməsini «Turan»a şərh edərək bildirib ki, ahıska türkləri qəbul edilmiş qanunun dəstəklənməsi və qayıtmaq istəyənlərə yardım etmək məqsədilə özləri Qayıdış Fondu yaratmaq niyyətindədirlər. Eyni zamanda o, qeyd edib ki, qanun ahıskalıların Gürcüstanda kompakt yerləşdirilməsini nəzərdə tutmur. «Lakin bu o demək deyil ki, biz həmin hüququmuzdan imtina edəcəyik. Rəsmi Tbilisi ahıska türklərindən çəkinməməlidir və onların tarixi vətənlərinə qayıdışı yalnız Gürcüstan dövlətçiliyinin, onun iqtisadi və siyasi gücünün möhkəmlənməsinə xidmət edəcək», - deyə Burxanov vurğulayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG