Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləriylə görüşüb.
«Azadlıq» radiosunun erməni xidmətinə müsahibəsində Oskanyan görüşün təsadüfi olduğunu deyib:
«Elə bir xəbər yoxdur. Deməliyəm ki, bu görüş mənim Parisdə olmağımla bağlı təsadüf idi. Bu görüş üçün cəhd olmamışdı. Biz Sankt-Peterburq görüşlərinin nəticələrini qiymətləndirməyə çalışdıq. Yenə çalışdıq ki, narazılıqlar üzərində dayanaq, bu narazılıqların nədən ibarət olduğunu, onların həlli yollarını araşdıraq. Bu, məsləhət xarakterli bir görüş idi, dərin müzakirələr olmadı».
Ziyalıların səfəriylə bağlı danışanda Vartan Oskanyan yenə belə sürprizlərin olacağını istisna etməyib. Amma bildirib ki, ziyalıların Ermənistan və Qarabağa səfərinə Azərbaycan mətbuatındakı reaksiyalar yeni sürprizlərə ümidi azaldır.