Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:54

Vaşinqton danışıqlarında Qəbələ RLS xüsusi diqqət mərkəzində olub


Rusiya ABŞ-a alternativ variant kimi Qəbələ RLS-dən birgə istifadəni təklif edir
Rusiya ABŞ-a alternativ variant kimi Qəbələ RLS-dən birgə istifadəni təklif edir

İyulun 9-da Vaşinqtonda ABŞ və Azərbaycan nümayəndə heyətləri arasında təhlükəsizlik məsələləri üzrə danışıqlar keçirilib. Bu, 10-cu ABŞ-Azərbaycan təhlükəsizlik dialoqudur.


Danışıqlardan sonra ABŞ dövlət katibinin siyasi-hərbi məsələlər üzrə köməkçisi Stefan Mull, dövlət katibinin Avropa və Avrasiya məsəlləri üzrə köməkçisi Metyu Brayza, Dövlət Departamentinin sözçüsü Tom Keysi və Azərbaycanın xarici işlər nazirinin müavini, Azərbaycan nümayəndə heyətinin rəhbəri Araz Əzimov birgə xüsusi brifinq keçiriblər.


«Media forum» saytı ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, brifinqdə D.Mull danışıqların ilk raundunda geniş məsələlərin müzakirə olunduğunu deyib. O, danışıqlarda Rusiyanın Qəbələ RLS-dən birgə istifadə barədə ABŞ-a verdiyi təklifin xüsusi diqqət mərkəzində olduğunu bildirib.


D.Mull qeyd edib ki, Qəbələ RLS-dən birgə istifadə Rusiyanın ideyasıdır, amma ABŞ Azərbaycanın da mövqeyini bilmək istəyir. Mullun fikrincə, Qəbələ RLS-lə bağlı təklif ABŞ-ın Çexiya və Polşada qurmaq istədiyi raketdən müdafiə sistemi ilə bağlı planları əvəzləmir.


Rusiyanın hələlik ABŞ ekspertlərini Qəbələ RLS-ə dəvət etmədiyini söyləyən D.Mull onu da bildirib ki, bu ayın sonunda Moskva ilə Vaşinqton arasında ekspertlər səviyyəsində məsləhətləşmələr olacaq və əgər Rusiya ABŞ-ı Qəbələ RLS-ə dəvət etsə, Vaşinqton bu dəvəti qəbul edər.


A.Əzimov Azərbaycanın ABŞ-la əməkdaşlıqdan razı qaldığını, bu əməkdaşlığın enerji sahəsində davam etməsindən xüsusi məmnunluğunu ifadə edib. Qarabağ münaqişəsindən söz açarkən A.Əzimov bir daha bəyan edib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. O, Azərbaycanın Qəbələ RLS-dən qlobal təhlükəsizlik məsələləri üçün istifadə edilməsinə razı olduğunu deyib.


M.Brayza ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayıb və Qarabağ danışıqlarının həllinə səy göstərdiyini söyləyib. O, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə göstərməsini vacib sayıb.


Brayza əlavə edib ki, Azərbaycanda hərbi və demokratik islahatlar aparılmalıdır və bu, ölkənin Avroatlantik məkana inteqrasiyasının vacib şərtlərindən biridir.


M.Brayzanın fikrincə, Qəbələ RLS-lə bağlı yekun qərar vermək üçün ABŞ məsələni Azərbaycan və Rusiya ilə birgə müzakirə etməlidir: «Amma indi mən arabanı atın qabağına qoymuş oluram, çünki biz həqiqətən də Rusiyanın təklifinin nədən ibarət olduğunu bilmirik».


Danışıqlar zamanı Azərbaycanda demokratik islahatların müzakirə olunuduğunu deyən M.Brayza ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsinin və dövlət katibinin köməkçisi Barri Lovenkronun Azərbaycan rəsmiləri ilə demokratik və insan hüquqları məsələləri ilə bağlı danışıqlar apardıqlarını da xatırladıb.


Mətbuat konfransında «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsi ilə bağlı sual verilib.


M.Baryza bildirib ki, danışıqlarda bu məsələnin detalları müzakirə olunmayıb: «Biz bu məsələnin özünəməxsus detallarına varmamışıq, amma ola bilsin, bunu sabah edək. Biz geniş - demokratiya, təhlükəsizlik kimi islahatlarla bağlı müzakirələr aparırıq. Bununla belə, bizim müzakirəmiz olacaq».


E.Fətullayevlə bağlı məsələni şərh edərkən A.Əzimov bildirib: «Jurnalistin məsələsi ilə əlaqədar suala qayıdaraq demək istəyirəm ki, mən düşünmürəm bu, hazırda burda müzakirə etdiyim məsələnin gündəliyinə daxildir. Digər tərəfdən Azərbaycandakı insan hüquqları, demokratiya və mətbuat azadlığı məsələlərini ABŞ-la Azərbaycan arasında müzakirə etmək üçün başqa bir institutlaşmış mexanizm var. Həmin işlərlə məşğul olan qrupun öz gündəliyi var və mən inanıram ki, bu məsələlər onlara ünvanlana bilər».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG