Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:36

«Kartlar paylanıb, oyuna başlamaq olar…»


Hər iki lider sammitin açıq və dost mühitində keçdiyini qeyd ediblər
Hər iki lider sammitin açıq və dost mühitində keçdiyini qeyd ediblər

ABŞ və Rusiya prezidentləri Corc Buş və Vladimir Putin iyulun 2-də ata Buşa məxsus Men ştatındakı «Uolker Poynt» malikanəsində qeyri-rəsmi danışıqları başa çatdırıblar.


Balıq ovundan sonra Putin və Buş jurnalistlərə iki gün davam edən görüşlərin nəticələri barədə danışıblar.


Görüşlərdə əsas müzakirə obyekti nüvə təhlükəsizliyi, Kosovo, İran məsələləri, eyni zamanda insan haqları olub. Amma hər şeydən çox Avropada Amerikanın raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsindən danışılıb.


Danışıqların nəticəsi qismən gözlənilməz olub: Putin raket əleyhinə müdafiəyə dair yeni təşəbbüslər irəli sürüb, həm də deyib ki, demokratiya məsələlərində tərbiyəçi tona dözməyəcək.


Putin deyib: «Düşünürük ki, maraqlı Avropa dövlətləri hesabına məsləhətləşmə iştirakçılarının sayını artırmaq və bunu Rusiya-NATO çərçivəsində etmək olar. Bununla bizim təkliflərimiz bitmir. Biz Moskvada informasiya mübadiləsi mərkəzi yaratmağı təklif edirik. Bir neçə il əvvəl biz bu haqda razılaşmışıq, bu razılaşmaları həyata keçirməyin vaxtıdır. Amma bu da son deyil. Buna oxşar mərkəzi Avropa paytaxtlarından birində, məsələn, Brüsseldə də yaratmaq olardı...


Hesab edirik ki, bu halda Avropada, yəni Çexiyada yeni obyektlər və Polşada zərbəçi qruplaşma yerləşdirməyə heç bir ehtiyac olmayacaq... Zərurət yaranarsa, biz Azərbaycandan icarəyə götürdüyümüz Qəbələ stansiyasını müasirləşdirməyə hazırıq. Bu kifayət deyilsə, biz Rusiyanın cənubunda tikilməkdə olan raket buraxılışlarından xəbərdarlıq stansiyasını da ümumi sistemə qoşa bilərik. Düşünürəm ki, bu cür əməkdaşlıq təhlükəsizlik sahəsində Rusiya-Amerika münasibətlərinin keyfiyyətinin dəyişməsinə səbəb olacaq. Mahiyyətcə, bu, tədricən təhlükəsizlik sahəsində strateji tərəfdaşlığa gətirib çıxaracaq».


Qəbələ RLS, 30 iyun 2007
Buna baxmayaraq, Rusiyanın Çexiya və Polşa yox, Azərbaycandakı Qəbələ RLS-i istifadə etmək təklifinə Buş əvvəlki tək cavab verməyib: «Düşünürəm ki, Avropanı NATO vasitəsilə sistemə qoşmaq üçün danışıqları genişləndirməyi təklif etməklə prezident Putin irəliyə konstruktiv, qəti və güclü addım edib. Putin öz baxışlarını ifadə edib. Məncə, o, səmimidir. Bu baxışda həm yeniçilik, həm də strategiya var. Amma mən Vladimirə dediyim kimi, Çexiya və Polşa da bu sistemin tərkib hissəsi olmalıdır».


Elə Putin də həmkarını yeni təklifə cavab verməyə tələsdirmir: «Rusiya və Birləşmiş Ştatlar arasında münasibətlər Sovet İttifaqı və ABŞ arasındakı münasibətlərdən tamamilə fərqlənir. Biz bir-birimizə nişangahdan baxmırıq, biz düşmən deyilik... Gələcəyə gəlincə, mən artıq dedim ki, biz münasibətlərimizin daha etibarlı səviyyəyə qaldırmaq məsələlərini həll edirik, həmçinin, beynəlxalq təhlükəsizlik kimi həssas bir məsələdə... Əslində, demək olar ki, bütün kartlar paylanıb. Oyuna başlamaq olar. Və çox istərdik ki, biz eyni oyunu oynayaq».


Görüşdən qabaq hüquq müdafiəçiləri, Buşdan xahiş ediblər ki, Putin qarşısında Rusiyada insan haqlarının vəziyyətinin pisləşməsi haqda məsələ qaldırsın.


Mətbuat konfransında Rusiya prezidenti hüquq müdafiəçilərinə cavabını verib, deyib ki, Rusiya demokratiya məsələlərində dialoqa hazırdır, amma tərbiyəçi tonu qəbul etmir: «Hətta sabit demokratiyalarda belə biz Rusiyada olan çoxsaylı problemlərin tamamilə eynisini görürük. Bura həm KİV-lə münasibətləri, həm insan haqlarına riayət edilməsini aid etmək olar».


Hər iki lider sammitin açıq və dost mühitində keçdiyini qeyd ediblər.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG