Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:58

Rusiya ilə ABŞ birlikdə asqırsa, Qafqazda nə baş verər?


İyulun 1-də Corc Buş ailə malikanəsində Vladimir Putini qəbul edəcək

İyulun 1-də Corc Buş ailə malikanəsində Vladimir Putini qəbul edəcək

«Rusiya asqıranda, qonşu ölkələrin qızdırması qalxır» məsəli doğrudursa, onda görəsən, Rusiya ilə birlikdə Birləşmiş Ştatlar asqıranda, regionda nələr baş verər?

İyulun 1-2-də ABŞ prezidenti Corc Buş Meyn ştatında yerləşən «Kenebank Port» ailə malikanəsində Rusiya prezidenti Vladimir Putini qəbul edəcək. Qeyri-rəsmi sammit üçün Buş ailəsinin yay aylarında yaşadığı məhz həmin dəbdəbəli malikanənin seçilməsi müşahidəçiləri fikrincə, son vaxtlar «soyuq müharibə» dövrünün səviyyəsinə enən ABŞ-Rusiya münasibətlərinə müəyyən istilik qatmaq niyyətindən xəbər verir.


Vaşinqtonla Moskvanın regionda nüfuzu və aralarındakı münasibətlərin regiona təsiri əlbəttə, keçmiş Sovet respublikalarının heç birini laqeyd qoya bilməz.


Məsələn, Moskvanın nüfuz dairəsindən çıxmaq və Qərblə əlaqələrini möhkəmlətməyə can atan Gürcüstanda bu görüşü son dərəcə yüksək nigaranlıqla gözləyirlər.


Bəzi müşahidəçilər həmin sammiti İkinci Dünya müharibəsindən sonra bir sıra kiçik ölkələrin böyük dövlətlərin siyasi mənafeləri naminə qurban verildiyi deyilən Yalta konfransı ilə müqayisə edirlər.


Tbilisidə yerləşən Gürcüstan Beynəlxalq Araşdırmalar Fondunun prezidenti Aleksandr Rondeli: «Onlar sözləşəndə, yaxud, münasibətləri gərginləşəndə, əlbəttə, bu, bizim üçün yaxşı olmur. Çünki, kiçik ölkə üçün ön cəbhə xəttində olmaq çox təhlükəlidir. Bizim müqavimət göstərməyə nə hərbi, nə də siyasi gücümüz çatar. Amma onların münasibətlərinin yaxşılaşması da bizə xeyirli deyil. Təcrübə göstərir ki, ABŞ-la Rusiya dostlaşanda, bizim maraqlara diqqət verilmir, məhəl qoyulmur. Ən əlverişli vəziyyət odur ki, onların münasibətləri orta səviyyədə qalsın, yəni nə həddən artıq yaxşı, nə də son dərəcə pis olsun. Onda biz manevr üçün imkan tapırıq».


Gürcüstanın Qərbpərəst liderləri ölkənin NATO-ya üzv qəbul edilməsini arzulayır və bu işdə Vaşinqtondan kömək umurlar. Tbilisi rəhbərliyi həmçinin, arzulayır ki, Moskvameylli Abxaziya və Cənubi Osetiya regionlarını öz səlahiyyətinə qaytarmaq işində Vaşinqton ona kömək etsin.


Təhlilçilər isə hesab edirlər ki, Moskva ilə Vaşinqton arasında olan böyük oyunda Tbilisinin mənafeləri xırda daş kimi asanlıqla qurban verilir.


Qonşu Azərbaycan və Ermənistanda isə ABŞ-Rusiya münasibətlərinin müsbət məcrada inkişafı mənfi qəbul edilmir.


Həm Moskva, həm də Vaşinqtonla yaxşı münasibətdə olmağı və hər ikisindən mümkün qədər çox faydalanmağı ilə öyünən Ermənistanda hesab edirlər ki, ABŞ-la Rusiya arasında münasibətlərin yaxşılaşması bu ölkə üçün ən əlverişli şərait yaradır.


Yerevanda yerləşən «Aravot» qəzetinin baş redaktoru, siyasi icmalçı Aram Abramyan: «Ermənistan rəhbərliyinin aparıcı prinsipi «tamamlanmadır». Sadə şəkildə bunu belə izah etmək olar ki, biz Qərbdən pul alırıq, Rusiyadan isə silah və hər ikisi ilə dostuq. Bu bir qədər sinik səslənsə də, məncə, həqiqəti dəqiq əks etdirir».


Azərbaycanda da həmçinin, Vaşinqtonla Moskva arasındakı münasibətlərin müsbət olmasını arzulayırlar, bircə şərtlə ki, Birləşmiş Ştatların bu əməkdaşlıqda mövqeyi üstün qalsın. Azərbaycanın keçmiş dövlət müşaviri Vəfa Quluzadə:


«Əlbəttə Azərbaycana sərf edir ki, Amerika-Rusiya münasibətləri yaxşı olsun. Çünki, bu münasibətlərdə Rusiya deyil, Birləşmiş Ştatlar üstün rol oynayır. Amerika-Rusiya münasibətlərində problemlərin üzə çıxması isə o demək olardı ki, Rusiyanın gücü artıb və o, daha müstəqil davranmağa çalışır. Rusiyanın müstəqil davranması isə keçmiş Sovet respublikaları və yeni müstəqil dövlətlərin ziyanınadır».


Günün bütün mövzuları

XS
SM
MD
LG