Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:43

Hökumət məcburi koçkünlərin yaşayış şəraitini yaxşılaşdırmağa çağırılır


«Məcburi köçkünlər arasında əhalinin qalan hissəsi ilə müqayisədə kasıblıq həddi yüksəkdi»

«Məcburi köçkünlər arasında əhalinin qalan hissəsi ilə müqayisədə kasıblıq həddi yüksəkdi»

«Amnesty International» beynəlxalq insan hüquqlarını müdafiə təşkilatı Azərbaycan hökumətini məcburi koçkünlərin yaşayış şəraitini yaxşılaşdırmağa çağırıb. Təşkilat hesabatında yazır ki, baxmayaraq ki, Azərbaycan hökuməti beynəlxalq yardım sayəsində məcburi köçkünləri minimum yaşayış imkanları ilə təmin edib, ancaq 600 min məcburi köçkünə qarşı ayrı-seçkilik halları geniş yayılıb. Bu məhdudiyyətlər yaşayış şəraiti, tibbi xidmət, iş və hərəkət azadlığına aiddir.


Təşkilat məcburi köçkünlərin daimi qeydiyyata alınmamasını da tənqid edib.


«Amnesty International» bildirir ki, məcburi köçkünlər üçün yeni qəsəbələr coğrafi baxımdan uzaq, iqtisadi baxımdan isə məqsədəuyğun olmayan bölgələrdə salınıb. Bu da məcburi köçkünləri təcridə aparır. Yeni qəsəbələrin salınması işində idarəçiliyə məcburi köçkünləri cəlb etməyiblər, məsələn, yeni evləri harda tikmək məsələsində. Məcburi köçkünlərə deyilir ki, onların bu vəziyyəti müvəqqətidir. Bununla da onları başqa bölgələrə inteqrasiya etməyə qoymurlar.


«Amnesty International» bildirir ki, məcburi köçkünlər arasında əhalinin qalan hissəsi ilə müqayisədə kasıblıq həddi yüksəkdi, onlar beynəlxalq yardımlardan asılıdırlar. Kasıblıq da qida çatışmazlığı, vərəm və başqa xəstəliklərin yayılmasına zəmin yaradır.
Hesabatda bəyan edilir ki, baxmayaraq ki, Azərbaycan hökuməti sənədlərdə məcburi köçkünlərin probleminə maliyyə ayırmağa hazır kimi görünür, əsl həqiqətdə isə bu pullar onların insan haqlarının effektiv təmin edilməsinə sərf edilmir.
«Amnesty International»ın Avropa və Mərkəzi Asiya Proqramının direktoru Nikola Dukvors deyir ki, doğma yurdlarına qayıdıb layiqli və təhlükəsiz şəraitdə yaşamaq Azərbaycandakı məcburi köçkünlərin haqqıdı: «Bu, onların ən böyük istəyi olaraq qalır, amma məcburi köçkünlərin başqa seçim etmək haqqı da var, o cümlədən, ölkənin başqa yerlərində daimi məskunlaşmaq haqqı».


Cənab Dukvors deyib ki, seçmək hüququ məhdudlaşdırıla bilməz.


Azərbaycan rəsmiləri hesabatı qərəzli sayırlar. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Sənan Hüseynov deyir ki, məcburi köçkünlərin daimi qeydiyyatının olmaması dövlət siyasətidi: «Nə qədər ki, köçkünlər öz torpaqlarına qayıtmayacaqlar, onlar ancaq müvəqqəti qeydiyyatda olacaqlar. Azərbaycanı istəməyən, Qarabağın qayıtmasını arzulamayan beynəlxalq qüvvələr istəyirlər ki, Azərbaycan hökuməti köçkünləri daimi qeydiyyata alsın, daimi işlə təmin etsin və bununla da onların doğma yurdlarına qayıtmamaq ehtimalları ilə barışmasına səbəb olsun».


Cənab Hüseynov qəsəbələrin elə məcburi köçkünlərin özlərinin istədiyi yerdə - məsələn, Füzuli və Ağdam rayonlarında tikildiyini deyir. Onun fikrincə, bu, heç bir əhali sıxlığı və işsizlik yaratmır.


Günün bütün mövzuları

XS
SM
MD
LG