Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:15

Demokratiyanın böhranı fonunda islamın güclənməsi...


«Əbu-Bəkr» məscidində Cümə namazı, 18 may 2007
«Əbu-Bəkr» məscidində Cümə namazı, 18 may 2007
İndi Azərbaycanda Sami Yusifin «Hasbi-Rabbi» mahnısı çox dinlənir. Küçəylə gedəndə, evlərin, ofislərin yanından ötəndə, nəqliyyata minəndə, ən çox qarşılaşdığın bu mahnı olur. Əslən azərbaycanlı, Böyük Britaniyada yaşayan Sami Yusifin sözlərini dəyişdiyi bu qədim əfqan şərqisi, xüsusilə də yenicə ibadətlə məşğul olan gənclər arasında populyardır…


«Əgər sən Allaha zikr etmirsənsə, sənin üçün Allah yoxdur…»


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hesablamalarına görə, son illər Azərbaycanda ibadətlə məşğul olan insanların sayı sürətlə artmaqdadır. Ancaq bununla bağlı konkret rəqəmlər açıqlanmır. Belə insanların peşəsinə, fəaliyyət sahəsinə, cəmiyyətdə tutduqları mövqelərinə nəzər yetirəndə, onları ibadətə sövq edən səbəbləri müəyyən etmək xeyli mürəkkəb görünür. Bu məqamda əvvəlcə onlardan biri, təqribən iki aydır ibadətlə məşğul olan fəlsəfə elmləri namizədi Müşviq Şükürovla tanış olacağıq. Artıq 40-a yaxın yaşı olan Müşviq deyir ki, uzun müddət islam dininə mənfi münasibət bəsləyib. Çünki deməsinə görə, XIX əsr Azərbaycan mütəfəkkirlərinin təsiri altında onda belə bir fikir formalaşıbmış ki, cəmiyyətdəki bir çox eybəcərliklərdə islam təqsirkardır. Müşviq Şükürovun sözlərinə görə, nəhayət bir il əvvəl bir dostunun məsləhəti ilə «Qurani-Kərim»i oxuyub və bununla da onun təsəvvürlərində islam dini ilə bağlı köklü dəyişikliklər baş verib. İndi o, həqiqəti islamda axtarır:


- Həqiqətə xidmət edəndə, həqiqət axtarılır. Nəyisə öyrənəndə gərək ona çevriləsən. İnsan nəyə qulluq edirsə, nəyə zikr edirsə, ona yaxınlaşır. Həqiqətə də gərək zikr edəsən ki, sənə daxil olsun. «Qurani-Kərim»də deyilir ki, mənə zikr et, mən də sənə zikr edim. Əgər sən həqiqətə zikr etmirsənsə, həqiqət yoxdur. Əgər sən Allaha zikr etmirsənsə, sənin üçün Allah yoxdur…


Azərbaycanda hər il Həcc ziyarətinə gedən insanlara ayrılan kvotanın həcmi artırılır


Müşviq Şükürov Sumqayıt şəhərində yaşayır və Müəllimlər İnstitutunda dərs deyir. Onun sözlərinə görə, tələbələri arasında da yenicə ibadətlə məşğul olanlar çoxdur. O, gənclərin dinə gəlişində ziyanlı heç nə görməsə də, bu prosesin özündə onu narahat edən bizi məqamlar var. Müşviq Şükürovun müşahidələrinə görə, gənclərin bir çoxu islamdakı bəzi təriqətlərin təsiri altındadır. Onun fikrincə, ən çox da vəhhabilik, nurçuluq və radikal şiəlik gənclər arasında yayılıb. Müşviq Şükürov hesab edir ki, bu, gənclərin bir çoxundakı aqressiya və mənəm-mənəmlik Tanrını dərk etmə prosesi ilə uyuşmur. Ona görə də, o, bu gənclərin heç də hamısını həqiqət yolçuları saymır və onların dinə gəlişində xoş olmayan şirnikləşdirici amillərin rolunu istisina etmir:


- Eşitdiyimə görə, onların bəzilərinin təhsil haqlarını ödəyirlər. Onlara iş tapırlar, maddi yardımlar edirlər. Bundan başqa, onlar hansısa sektalarda icma halında toplaşırlar. Bu da onları yalqızlıqdan qurtarır…


Ancaq Müşviq Şükürov gənclərin dinə axınının başlıca səbəblərini maddi amillərlə yox, onların dəbə uymaları ilə izah edir. Onun fikrincə, qadağaların götürülməsi, cəmiyyətdə ibadətlə məşğul olan insanlara, xüsusilə də Hacı və Kərbəlayilərə hörmətin artması gəncliyin iti nəzərindən yayınmayıb. Halbuki, 5-10 il əvvəl Azərbaycanda təhsilli insanlarla müqayisədə din adamlarına, xüsusilə də mollalara cəhalətin təmsilçiləri kimi baxırdılar. Müşviq Şükürovun sözlərinə görə, elə bu səbəbdən də bir çox gənclərdə yenicə hörmət qazanan dini təbəqəyə mənsub olmaq arzusu yaranıb. Ancaq o, ruhi ehtiyacdan dinə tapınan gənclərin olduğunu da inkar etmir və onları «əbədi yolçular» adlandırır.


Yeri gəlmişkən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən aldığmız məlumata görə, Azərbaycanda hər il Həcc ziyarətinə gedən insanlara ayrılan kvotanın həcmi artırılır. Bu il təqribən dörd mindən çox insan Həcc ziyarətinə gedib. Halbuki, müstəqilliyin ilk illərində bu rəqəm heç min nəfər olmayıb.



«Azərbaycanda dini maarifləndirmə yox dərəcəsindədir»



Əslində, dindarların sayının getdikcə artmasında bəzi xoş olmayan məqəmlarla bağlı ictimai fikirdə də narahatlıq var. Din araşdırmaçısı Altay Göyüşov bu narahatlığı ibadətlə məşğul olmaq istəyən insanların əsasən, xaricdən ixrac olunan təriqətlərin təsiri altına düşmələri ilə izah edir. Onun fikrincə, söhbət İran İslam Respublikasından ifrat şiəliyin, Səüdiyyə Ərəbistanından vəhhabiliyin və Türkiyədən nurçuluğun ixracından gedir. Altay Göyüşovun sözlərinə görə, həmin təriqətləri yayan qüvvələr Azərbaycanın yox, mənsub olduqları ölkənin maraqlarını güdürlər. Onun fikrincə, ölkədəki dini qurumlar isə bütün bunların qarşısını təbliğati yollarla almaqda acizdirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş əməkdaşı Aqil Hacıyevin gəldiyi nəticəyə görə isə, ölkədə dini maarifləndirmə işi aparılmır:


- Mən deyərdim Azərbaycanda dini maarifləndirmə yox dərəcəsindədir. Ona görə də, orta məktəbdə dinlərdən dərs deyilməlidir. Yəni, şagird bütün dinlərdən məlumatlı olmalıdır. Müəllimdən nə soruşur bilmir, valideynlərindən soruşur bilmir. Nəticədə onlar qapını ilk döyən missionerin ovuna çevrilir. Bir də missionerlər gənclərə öz dinlərindən danışıb onları cəlb etmirlər. Mənəvi dəyərlərdən danışmaqla onları cəlb edirlər…


«Mən bura gəlməklə xoşbəxtlik tapmışam»


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycandakı müsəlmanların təqribən 60 faizi şiə təriqətinə mənsubdur. Onların yalnız 35-40 faizinin sünnü olduğu bildirilir. Şiələr özlərini İmam Əlinin tərəfdarları sayır, sünnülər isə Məhəmməd peyğəmbərin yolu ilə getdiklərini bildirirlər. Bakıda ibadətə gələn insanların kütləviliyinə görə isə, «Əbu-Bəkr» məscidi ilə heç bir dini ocaq müqayisə edilə bilməz. Baxmayaraq ki, bu məscidə əsasən, sünnilər toplaşır. Üstəlik, nəzərə almaq lazımdır ki, Bakı və ətraf kəndlərin yerli əhalisi şiə təriqətinə mənsubdurlar. Mətbuatda dərc olunan bəzi yazılara görə, «Əbu-Bəkr» məscidinə ibadətə gələn insanların bəziləri vəhhabi təriqətinə mənsubdurlar. Üstəlik, hazırda həbsdə olan və vaxtı ilə Üsamə bin Ladenin türk dilindən tərcüməcisi kimi fəaliyyət göstərmiş Polad Siracovun hüquq-mühafizə orqanlarının iddiasına görə, Bakıda ibadəti məhz «Əbu-Bəkr» məscidində etməsi də bu din ocağını ictimaiyyət arasında xeyli məşhurlaşdırıb…


…«Əbu-Bəkr» məscidində cümə ibadəti idi. İmamın xütbəsi vaxtı məscidin içi bir yana, onun pilləkənlərinin üstü belə ibadətə gələn insanlarla dolmuşdu. Bundan başqa, məscidin qarşısındakı böyük talvarın altı da ibadətə gələn insanların ixtiyarına verilmişdi. Məscidin işçilərinin sözlərinə görə, təkcə talvarın altında 10 mindən çox ibadətə gələn insan var idi. Üstəlik, məscidin yerləşdiyi küçədə də yolboyu insanlar dayanıb ibadət prosesinə qoşulmağa çalışırdılar. Həmin gün İmam Qamət Süleyman məsciddə yox idi. Xütbəni ilahiyyətçi alim Yaşar Qurbanov verirdi. O, öz xütbəsində ibadətə gələn insanlara namazın vacibliyini belə əsaslandırırdı:


- Bir müsəlman namaza qalxa, gözəl, kamil formada dəstəmaz ala, sonra namaz qıla və namazı huşu ilə qıla, namazdan qalxanda, o, uşaq kimi günahsız olacaq…


«Əbu-Bəkr» məscidinə ibadətə gələn bu insanları təkcə Tanrı sevgisinin birləşdirdiyini düşünmək sadəlöhvlük olardı. İbadətdən sonra özünü ikinci qrup Qarabağ əlili kimi təqdim edən bir dindar deyir ki, onu bu məscidə çəkən səbəblərdən biri də keçmiş döyüş yoldaşlarıı ilə bir yerdə olmaq istəyidir:


- Mən bura gəlməklə xoşbəxtlik tapmışam. Burada Azərbaycanın azadlığı, bütövlüyü uğrunda vuruşan insanları görürəm. Mən Azərbaycanın nicat yolllarından birini də burada görürəm…



«Biz burada islamı yalnız peyğəmbərin buyruqları əsasında yayırıq»
Başqa məscidlərlə müqayisədə «Əbu-Bəkr» məscidinə gələn insanlar bir-birləri ilə daha mehriban olurlar. Bu xoş münasibəti onlar yad nəzərlərdən də əsirgəməməyə çalışırlar. Əlbəttə, bütün bunlar «Əbu-Bəkr» məscidindən kənarda baş verənlərlə bir təzad təşkil edir. Mən özümü Azərbaycanda ilk dəfə təxminən belə bir aurada, ötən əsrin 80-ci illərində milli azadlıq hərəkatı vaxtı, Azərbaycan Xalq Cəbhəsinin qərərgahlarında hiss etmişəm. Onda da «Əbu-Bəkr» məscidində olduğu kimi, tanış-qohum olmayan insanlar bir-birilərinə qardaş nəzərləri ilə baxırdılar. «Əbu-Bəkr» məscidinin təsərrüfat işləri üzrə müdiri Rasim Baxışov deyir ki, on minlərlə insanı heç vaxt aldadıb bir yerə yığmaq mümkün deyil. Başqa məscidlərdən fərqli olaraq burada dindarların bir-birilərinə daha isti münasibət göstərməsini də o, daha səmimi olmaları ilə izah edir:



- Onda bərəkət olur ki, orada islam düzgün təbliğ olunsun. Biz burada islamı yalnız peyğəmbərin buyruqları əsasında yayırıq. Ay deyirlər, orada nə paylayırlar, onlar kimdirlər…, bütün bunlar qısqanclıqdan irəli gələn söz-söhbətlərdir…

«Əbu-Bəkr» məscidində 21 yaşlı Pərviz Sadıqovla tanış oluram. Onun deməsinə görə, dörd ildən çoxdur ibadətlə məşğul olur. Pərviz deyir ki, ailədə bütün bacı və qardaşları da onun kimi özlərini islama bağlayıblar. Hələ ki, yalnız valideyinləri Pərviz Sadıqovun ifadəsi ilə desək, zahirən müsəlmandır. Yəni, hələ ki, heç bir ayinlərə əməl etmirlər. Pərviz Sadıqov deyir ki, dörd il əvvəl, yəni ibadətlə məşğul olana qədər həyatda yaşamağının mənası ona aydın olmayıb. İndi isə dərk edir ki, həyatda yaşamağının mənası Tanrıya qul olmaqdır. Bəs bu ibadət 21 yaşlı Pərviz Sadıqovun həyatında hansısa dəyişikliklərə səbəb olubmu?


- Təbii birinci qəlb rahatlığıdır. Artıq problemlər mənə çox asan gəlir. Üstəlik, Tanrı öz qullarını həyatda da mükafatlandırır. İbadətlə məşğul olduqdan sonra ali məktəbdə işim daha asan gedib. Hörmətim artıb…


Uzun saqqala və şalvarın balağının topuqdan qısa olmasına görə, insanları «vəhhabi» adlandırmaq savadsızlıqdır. Bu, peyğəmbərin buyruğudur. Onda belə çıxır ki, peyğəmbər «vəhhabi»lərin böyüyüdür…


«Əbu-Bəkr» məscidinin yerləşdiyi küçədə, məscidlə üzbəüz yeni mağazalar inşa edilir. Onların bəziləri artıq istifadəyə verilib. Həmin mağazalarda nə şərab, nə də siqaret satılır. Bəzi satıcıların uzun saqqallı olmaları da bu mağazaları başqa ticarət müəssisələrindən fərqləndirir. Əslində, indi tək «Əbu-Bəkr» məscidinin qarşısındakı mağazalarda yox, hava limanındakı ticarət obyektlərində də tez-tez belə uzun saqqalı satıcılara rast gəlmək olur. Hava limanındakı qara bazarda belə uzun saqqallı, şalvarı topuqdan qısa satıcıları yarızarafat, yarıciddi «vəhhabi» adlandırırlar. Hətta belə söz-söhbətlər gəzir ki, bu dindar insanlar maddi baxımdan da bir-birilərinə əl tutmağı bacarırlar. «Əbu-Bəkr» məscidinin imamı Hacı Qəmət Süleyman isə deyir ki, Azərbaycanda vəhhabi yoxdur. O, insanları uzun saqqalarına və qısa şalvarlarına görə, «vəhhabi» adlandırmağı yanlışlıq hesab edir:



«Uzun saqqala və şalvarın balağının topuqdan qısa olmasına görə, insanları «vəhhabi» adlandırmaq savadsızlıqdır»



Ancaq Azərbaycanda uzun saqqalı insanlara tək qara bazarlarda fərqli münasibət bəsləmirlər. Hər halda son bir ildə Daxili İşlər Nazirliyi vəhhabi olduqları iddia edilən bir neçə dini qruplaşmaların gizli toplantı yerlərinin aşkarlanması ilə bağlı məlumatlar yayıb. İstər Bakı ətrafı kəndlərdə, istərsə də ölkənin müxtəlif əyalətlərində aparılan belə əməliyyatlar zamanı onlarla həbs edilən dindar var. Ancaq uzun saqqalı insanlara qarşı xüsusi kampaniya təkcə həbslərlə müşahidə edilmir. Belə uzun saqqallı dindar insanların deməsinə görə, bəzən onları polis şöbələrinə aparıb saqqallarını qırxırlar. Qamət Süleyman deyir ki, dindar insanlara qarşı zorakı münasibətlər əksinə radikalizmin güclənməsinə xidmət edir:


- Bilirsiniz, bu radikalizmin güclənməsinə xidmət edir. Yəni, bəzi radkal qüvvələr bundan istifadə edib, özlərinə tərəfdar qazanırlar. Kimin-kimliyi konkret müəyyən edilməlidir. Biz də cinayətkarın əleyhinəyik. O, cinayət edibsə, biz buna qarşıyıq. Ancaq yalnız din adamıdırsa, incidilirsə, bu, düzgün deyil…


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində də hesab edirlər ki, insanlar əqidələrinə görə, incidilməməli və məsuliyyətə alınmamalıdırlar. Komitənin İnformasiya və Analitik Şöbəsinin müdiri Ceyhun Məmmədov deyir ki, Azərbaycandakı dini icmalar daim öyrənilir və onların fəaliyyətlərinə uyğun da tədbirlər həyata keçirilir:


- Məsələ belədir: istər bizə, istərsə də hüquq-mühafizə orqanlarına məlum olub ki, son vaxtlar bəzi dini icmalar icazəsiz toplantılar keçirirlər. Düzdür, bu toplantılarda əsasən, dini ayinlər icra edilir. Ancaq biz öyrənirik, onlar qeydiyyatdan keçibmi, istifadə etdikləri ədəbiyyat ölkəyə qanuni yollarla gətirilibmi? Buna uyğun da onlarla fəaliyyətimizi qururuq…



«Hökumət özünün təhlükəsizliyi ilə vicdan azadlığı arasında sərhəddi dəqiq müəyyən etməlidir»



Azərbaycanda vəhhabilik rəsmən qadağan edilməyib. «Vəhhabi» kimi təqdim edilən insanlara hüquq-mühafizə orqanlarının bəzən sərt davranışı vicdan azadlığı ilə ziddiyyətlər yaradır. Din araşdırmaçısı Altay Göyüşov deyir ki, hökumət özünün təhlükəsizliyi ilə vicdan azadlığı arasında sərhəddi dəqiq müəyyən etməlidir. Əks halda, nə dövlətin təhlükəsizliyinə, nə də vicdan azadlığına təminat olacaq. Hər halda, o da güc orqanlarının vicdan azadlığının boğulması ilə müşahidə edilən əməliyyatlarını hökumətin narahatlığı ilə izah edir:

- Əksinə, bütün bunlar camaatın onlara rəğbətini artırır. Saqqal qırxmaq çıxış yolu deyil. Bu, əksinə problemləri artırır…


«Azərbaycanda dini situasiyanı mən ocağa bənzədirəm. Bu ocağın közü indi kül altındadır…»


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri Rafiq Əliyevin bəzi açıqlamaları isə dini müstəvidə baş verən proseslərlə bağlı hökmətin narahatlığının səbəblərini öyrənməyə imkan verir. O, hələ komitəyə rəhbərlik edərkən iddia edirdi ki, Azərbaycandakı radikal dini təriqətlər hakimiyyətə gəlmək məqsədi ilə birləşiblər. Baxmayaraq ki, bu təriqətlər Azərbaycana eyni ölkədən ixrac edilmirlər. Rafiq Əliyev üstəlik iddia edirdi ki, bəzi dövlət məmurları da artıq həmin radikal təriqətlərə qoşulublar. Onun sözlərinə görə, Azərbaycanda bu proses artıq bir neçə ildir başlayıb:


- Azərbaycanda insanların dinə marağı artır. Azərbaycanda dini maarifləndirmə yüksək səviyyədə olmadığından onların dinə gəlişi çox neqativ formada baş verir. Onlar məscidlərdə vəhhabi, nurçu, radikal şiə moizələrinin təsiri altına düşürlər…


Hərçənd Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin indiki rəhbərliyi Rafiq Əliyevin bu açıqlamalarını bölüşmür. Üstəlik, həm komitədə, həm də Qafqaz Müsəlmanları İdarəsində dini şəraiti heç də təhlükəli hesab etmirlər. Əslində, son illər Azərbaycanda məmurların bir-birinə zidd açıqlamaları da dövlət idarəçiliyində bir ənənəyə çevrilməkdədir. Ancaq Beynəlxalq Terrorizmə və Korrupsiyaya Qarşı Strateji Araşdırma Mərkəzinin rəhbəri Rövşən Novruzoğlu hesab edir ki, indi hökumət sturukturları dini şəraitlə bağlı həqiqətləri gizlətməyə üstünlük verirlər:


- Azərbaycanda dini situasiyanı mən ocağa bənzədirəm. Bu ocağın közü indi kül altındadır. Bu ocağın közünü alışdırmaq üçün vasitə lazımdır…


Beynəlxalq hesabatlara görə, Azərbaycandan narkotik maddələrin tranziti üçün üstifadə edilir. Rövşən Novruzoğlu isə deyir ki, xüsüsilə ölkənin cənub əyalətləri narkotiklərin Rusiya və Avropa bazarlarına ötürülməsi üçün bir vasitəyə çevrilib. Onun sözlərinə görə, bir növ nəzarətsiz zonaya çevirilməkdə olan həmin bölgədə radikal şiəliyin fəallaşması, təhlükənin getdikcə artmasına işarədir. O, həmçinin qeyd edir ki, hər il Azərbaycandan müsəlman ölkələrinə gedib dini təhsil alan insanların fəaliyyəti də nəzarətsiz qalıb. Halbuki, onların orada necə təhsil almalarının və Azərbaycandakı sonrakı fəaliyyətlərinin araşdırılmasına böyük ehtiyac var. Rövşən Novruzoğlu yada salır ki, Üsamə bin Ladenə tərcüməçilik edən Azərbaycan vətəndaşı Polad Siracov da dini təhsilini məhz xaricdə almışdı.



«Yalnız demokratik olmayan ölkələrdə dinin inkişafı mənfi nəticələr verə bilər»



Ancaq bəzi yerli müşahidəçilər bu məsələni tamam fərqli tərəfdən təhlil edirlər. Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl hesab edir ki, əslində, dini proseslərə hələ ki, hüquq-mühafizə orqanları nəzarət edirlər. Onun gəldiyi nəticəyə görə, sadəcə, hakimiyyət bütün bunlardan istifadə edərək Qərbə Azərbaycanda dini meyilli müxalifətin formalaşdığı haqda mesajlar ötürür. Bununla da özünün ölkə daxilində müxalifətlə sərt davranışına haqq qazandırmağa çalışır. Ancaq bu lap belədirsə, hakimiyyəti yanar közlə oynamaq nə vaxta qədər gücləndirəcək?



Məscidin işçilərinin sözlərinə görə, təkcə talvarın altında 10 mindən çox ibadətə gələn insan var idi
Artıq iki aydır islama pənah aparan, fəlsəfə elmləri namizədi Müşvüq Şükürov deyir ki, əslində, problem cəmiyyətdə demokratik prinsiplərin oturuşmamasındadır. Onun fikrincə, yalnız demokratik olmayan ölkələrdə dinin inkişafı mənfi nəticələr verə bilər:


- Yalnız müstəqil, azad insanlar həqiqi dinə gələ bilərlər. Əsarətdə yaşayan və kölə olan insanlar Allaha qul ola bilməzlər. Bəlkə də bu sizə təzadlı fikir kimi görünəcək. Ancaq məndən ötrü belədir…


İslam və demokratiya mövzusunda Altay Göyüşovun da fikirləri maraqlıdır. Onun sözlərinə görə, Azərbaycanda demokratik seçki olarsa, dinə rəğbətin artdığını nəzərə alsaq, islam meyilli qüvvələrin yaxın illərdə böyük üstünlüklər əldə edəcəyi istisina deyil. Ancaq onun fikrincə, demokratik Azərbaycanda islama meyilli qüvvələr hakimiyyətə gəlsələr belə, onlar dövlət qurluşunu dəyişmək gücündə olmayacaqlar. Çünki o halda oturaqlaşmış demokratik instututlar buna mane olacaq. Ancaq onun fikrincə, demokratiyanın möhkəmlənmədiyi ölkələrdə dinin güclənməsi hadisələrin təhlükəli şəkildə inkişafına gətirib çıxara bilər. Görünür, indilikdə belə bir inkişaf qaçılmazdır…



«Təkcə Qərbpərəst siyasətçilərə yox, Qərbin özünə də inam azalıb»


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev hələ ötən il istefaya göndərilməzdən əvvəl deyirdi ki, Azərbaycanda islamın güclənməsində başlıca amillərdən biri də insanlarda Qərbpərəst siyasətçilərə inamın özünü doğrultmamasıdır:
- Təkcə Qərbpərəst siyasətçilərə yox, Qərbin özünə də inam azalıb. Qərb demokratiyası burada iflasa uğradı, desək yanılmarıq. Bu da ondan irəli gəlir ki, insanlar gördülər ki, onları burada demokratiyadan çox, öz iqtisadi maraqları düşündürür…


Din araşdırmaçısı Altay Göyüşov Azərbaycanda islamın güclənməsini, cəmiyyətdəki sosial ədalətsizliklə, iqtisadi problemlərlə və korrupsiya amili ilə izah edir. Belə sosial, iqtisadi amillərin üzərində dayanan müşahidəçilər hesab edirlər ki, narazı elektorat artıq müxalif düşərgədə öz etirazları üçün yer tapmır.
Azərbaycanda aparıcı sağ yönümlü partiyalar isə cəmiyyətdə tədricən öz mövqelərini dini qüvvələrə vermələri ilə bağlı fikirlərlə razılaşmırlar. Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir ki, əslində, narazı elektoratın özünü müxalifətdə ifadə etməsi üçün imkanlar hələ də qalmaqdadır. Ancaq İsa Qəmbər hesab edir ki, hakimiyyət belə bir şəraitdən bəhrələnmək niyyətindədir. Yəni, onun fikrincə, hakimiyyət Qərbə mesaj verməyə çalışır ki, demokratiya olacaqsa, islamçılar ölkədə söz sahibinə çevriləcəklər:


- Bu mesaj 10 il əvvəl cəfəngiyyat idi. İndi ciddi əsası yoxdur. Ancaq hadisələr belə davam etsə, 10 il sonra həqiqət ola bilər. Əlcəzair, Özbəkistan təcrübəsi bunu göstərir. Əlcəzairdə islamçılara böyük rəğbət var. Onlar seçkilərə buraxılmır. İslam Kərimov Özbəkistanda müxalifəti məhv edib, müxalifətin yerini radikal dini müxaliət tutub, indi onlara qarşı müharibəyə başlayıblar…


«Vallah, Azərbaycanın nicatı İmam Hüseyn yolundadır»

Azərbaycanda dini şəraiti dəyərləndirmək üçün Bakı ətrafı yaşayış məskənləri və xüsusilə də Naradaran kəndi ilə tanışlığa böyük ehtiyac var. Düz beş il əvvəl Nardaranda hökumətin silahlı qüvvələri ilə kənd sakinləri arasında toqquşma oldu. Toqquşma zamanı Əlihəsən Ağayev adlı bir kənd sakini öldü, daha 10-u isə müxtəlif dərəcədə yaralandı. Həmin hadisələr zamanı və ondan sonra isə üst-üstə 40-dan çox kənd sakini həbs edilərək müxtəlif cəzalara layiq görüldülər. İndi də Nardaran kəndində həmin hadisələrə görə, şərti cəza altında yaşayan onlarla insan var. Azərbaycan İslam Partiyasının əsas özəyinin yerləşdiyi bu kənddə əslində, o vaxt hökumət qarşısında iqtisadi tələblər irəli sürülmüşdü. Nardaranlılar işsizliyin aradan qaldırılmasını, rüşvətin ləğvini, elektrik enerjisinin, qazın fasilələrlə verilməsinin dayandırılmasını tələb edirdilər. Hərçənd həmin hadisələr zamanı barrikadaların qurulduğu bu kəndə gələndə divarlara vurulmuş müxtəlif dini şuarlar sosial etiraza xüsusi özəllik verirdi. Üstəlik, hökumət əleyhinə mitinqlər İmam Hüseynin adını daşıyan meydanda keçirilirdi. Bəlkə də elə o vaxt bütün bunlardan istifadə edən hökumət bəyan etdi ki, Nardaranda sosial etirazlar adı altında bəzi xaraci qüvvələr dini şəraiti gərginləşdirmək istəyirlər. İndi həmin şuarların bir çoxunu yağış yuyaraq aparıb. Ancaq bəzi şuarlar yenidən rəngləndiyindən uzaq məsafədən də çox asanlıqla oxunur. Divarların bir yerində yazılmışdı:


«Müsəlmanlar islam əsgəri olmalı və islamı müdafiə etməlidirlər!». Başqa bir şüarda isə deylirdi ki, «Dünya ədalət intizarındadır, ədalət Mehdi intizarında!». Bundan başqa, divarlarda İmam Xomeynidən də sitatlara rast gəlmək mümkün idi. Nardaran kənd ağsaqqallarından Hacı Əli Hüseynzada deyir ki, həmin hadisələrdən beş il keçsə də, bir sıra tələbləri yenə də yerinə yetirilməyib. Yəni, artıq işıq, qaz fasilələrlə verilmir. Ancaq işsizlik problemi aradan götürülməyib. Hacı Əli Hüseynzadə deyir ki, bütün bu problemlərə və mərhumiyyətlərə baxmayaraq kənd sakinlərində dinə bağlılıq bir qədər də güclənməkdədir. Onun sözlərinə görə, indi bu məsələyə reallıq kimi baxmasalar da, Azərbaycanın gələcək nicatını İslamın qələbəsində görürlər:


- Gedişat göstərir ki, bu, uzaq məsələdir. Ancaq bizim istəyimiz ki, var, Allah istəsə, bu, tez olar. Bütün xalqların maddi-mənəvi nicatı islamın qələbəsindədir…


Nardaranda Azərbaycanın əsas bəlalarından birini sosial ədalətsizlik hesab edirlər. Kənd sakinlərinin sözlərinə görə, ehtiyac üzündən öz pay torpaqlarını Bakıdan gələn məmurlara satmalı olurlar. Bu, onlara problemlərini qismən yoluna qoymağa imkan yaradır. Ancaq eyni zamanda, onların narazılığı da artır:


- Demirik gəlib məcbur alırlar, satan ehtiyacdan satır. Qardaş, biz artıq zəhmətlə ailəmizi dolandıra bilmirik. Ölkəni monopoliyalar bürüyüb. Biri taxta işinə baxır, biri simentə, biri banana. Qiymətlər də bahalaşır. Əhali dolana bilmir…


Nardaranda Qafqaz Müsəlmanları İdarəsininin qararı ilə bir müddət azanın səsgücləndiricilər vasitəsilə verilməsinə qadağa qoyulması da narazılıq yaradıb. Kənd sakinlərinin deməsinə görə, əgər bu qadağa götürülməsəydi, Bakıya gedib etiraz aksiyaları keçirəcəkdilər:


- Əstəğfürullah, bu, Allahın işinə qarışmaqdır. Azanın səsini kəsmək olar?! Azan insanı mərhəmətə çağırır. Nədi bu qədər «esemes»lə şou proqramlar verirlər. Vətənpərvərlikdən də proqramlar versinlər də. Kitabdan, Qurandan da versinlər də. Vallah, Azərbaycanın nicatı İmam Hüseyn yolundadır. Nədir qızları yarıçılpaq əhalinin qarşısına çıxarırlar. Buna baxan üç yaşlı körpə qızın sabahı necə olacaq? Milləti qeyrətsiz etdin, onunla necə istədin rəftar etmək olar…


Televizorların üstünə qara örtük salınıb


Azərbaycanda televizordan narazılıqla mən tək Nardaranda qarşılaşmamışam. Şiəliyin güclü olduğu cənub bölgəsi bir yana, Bakı ilə cəmi 120 kilometr arası olan Şamaxı rayonunda elə evlər var ki, orada televizorların üstünə qara örtük salınıb. Şamaxı rayonunun hər balaca kənidində onlarla belə evə rast gəlmək mümkündür. Həmin evlərdə danışırlar ki, onlar bununla uşaqlarının gələcəkdə tərbiyəsinin pozulmamasının qayğısına qalırlar. Və ən çox da elə şou praqramlardan narazılıq edirlər.
Nardaranda isə danışırdılar ki, azan səsi kimlərinsə sakitliyinə xələl gətirirsə, restoranlardakı hay-küyə də nəzər yetirilməlidir. Onların fikirincə, əslində, həmin qərarı verənlərin məqsədi insanları qorxudub dindən uzaqlaşdırmaq idi:
- Deyirlər ki, biz demokratiyada yaşayırıq. Əslində, əvvəl kommunist libası geymişdilər, indi də demokrat libası geyiblər. Demokratiya libasdır. Bizə islam lazımdır…


«Bu gün Azərbaycanda bir müxalifət var. O da islamçılardır, o da «Hizbullah»dır. Azərbaycanın yeni «Hizbullah»çılarına salamlar olsun!»


Bu yaxınlarda Nardaran kəndində insanlar «İmam Hüseyn» meydanına yenidən toplaşıb İraqda dini ocaqların partladılmasına etiraz etdilər. Mitinqdə Azərbaycanda yeni bir müxalifətin- «Hizbullah»ın, yəni, İran İslam Respublikasında olduğu kimi, «Allah ordusu»nun yaranmasından bəhs edildi:
- Bu gün Azərbaycanda hər nə var iqtidardı. Müxalifət yoxdur. Müxalifət olsaydı, səsini çıxarardı. Bu gün Azərbaycanda bir müxalifət var. O da islamçılardır, o da «Hizbullah»dır. Azərbaycanın yeni «Hizbullah»çılarına salamlar olsun!..


Aksiya iştirakçıları mitinqdə Azərbaycanda yeni bir müxalifətin formalaşdığını bəyan etməklə kifayətlənməyib, ABŞ, Böyük Britaniya və İsrailin bayraqlarını da ayaqlar altına atıb yandırdılar…



«Qırmızı ölüm qara həyatdan daha yaxşıdır!», Nardaran, 31may2007
Yerli müşahidəçilər Azərbaycanda dini şəraiti gərginləşdirməkdə olan xarici amillərin də üzərində dayanırlar. Bəzi təhlilçilərin fikrincə, Amerika Birləşmiş Ştatları İran böhranını güc müstəvisində həll etmək istəsə, bu, Azərbaycandakı dini qüvvələrin sərt etirazları ilə qarşılana bilər. Hərçənd İraq savaşı vaxtı Azərbaycanda nəinki cəmiyyətin, üstəlik, islamçı qüvvələrin də buna elə bir etirazı olmadı. Ancaq Rövşən Novruzoğlu hesab edir ki, İraq İran qədər Azərbaycanda təsirə malik deyil və bu üzdən onda etirazların olmaması təbii idi. Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri, «Cümə» məscidinin imam camaatı İlqar İbrahimoğlu isə deyir ki, əgər Amerika Birləşmiş Ştatları İrana qarşı güc tətbiq edərsə, Azərbaycanda bütünlükdə cəmiyyətin etirazları baş verəcək:

- Bu etirazın elektoratı bütün insanlar olacaq. Tək müsəlmanlar yox. İnsanlar ümumiyyətlə, müharibə istəmirlər. Xüsusilə islamı dərk edən insanlar…


Bəzi müşahidəçilər isə hesab edirlər ki, əslində, İran-Amerika Birləşmiş Ştatları münaqişəsi bütünlükdə Azərbaycan cəmiyyətini elə də maraqlandıran məsələlər sırasında deyil. Bu, yalnız radikal şiəliyin güclü olduğu ərazilərdə insanların diqqətlə izlədiyi məsələlər sırasındadır. Hərçənd İranda təhsil alan bəzi məssəb sahibləri bunu bütün Azərbaycanın problemi kimi təqdim etməyə çalışırlar. İndi Azərbaycanda özünün necə deyərlər, «yarpaq tökümü» mərhələsini yaşayan ənənəvi müxalifət bir qayda olaraq anti-İran əhval-rühiyyəsi ilə seçilir. Hökumətin dinə məsul qurumları isə bu məsələdə elə bir təhlükə görmürlər. İstər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, istərsə də Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə bu yaxınlarda Bakıda dini məsələlər üzrə keçirilən beynəlxalq konfransda jurnalistlərə bildirmişdilər ki, İran ətrafında hərbi gərginlik baş versə, bu hadisələrin Azərbaycana ciddi təsiri olmayacaq. Ancaq çox maraqlıdır ki, hələ Sovetlər dönəmində yaradılan və indi hakimiyyətlə çox sıx əməkdaşlıq edən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə də son günlər anti-Amerikan bəyanatlar verərək İran İslam Respublikasını açıq şəkildə müdafiə edir…


Azərbaycanda islamın güclənməsi demokratiyanın böhranı fonunda baş verməkdədir


Azərbaycanda ənənəvi müxalifətlə islamçı qüvvələrin imkanlarını müqayisə etmək də dini şəraiti öyrənmək üçün əlverişlidir. Artıq Azərbaycanda müxalifət partiyaları kütləvi aksiyalar keçirmir, əyalətlərə gedib tərəfdarları ilə hər hansı bir məsələ ətrafında müzakirələr apara bilmirlər. Yeddi jurnalist həbsdədir və bir-birinin ardınca müxalif yönlü qəzetlər qapadılmaqdadır. Ancaq dini müstəvidə hökumət heç də bütün istədiklərini həyata keçirə bilmir. Təkcə onu demək kifayətdir ki, azanın səsgücləndiricilər vasitəsilə verilməsinə qoyulan qadağanın ömrü cəmi üç gün çəkdi. Din araşdırmaçısı Altay Göyüşov deyir ki, əslində, bu, Azərbaycan xalqının öz müqəddəratını tədricən itirmə təhlükəsi ilə üzləşməsi deməkdir. Onun fikrincə, Azərbaycan həsas yerdir. Burada islamın güclənməsində maraqlı olan və radikal təriqətləri himayə edən xarici ölkələri heç də Azərbaycan xalqının problemləri düşündürmür:


- Əgər əhali öz yaşayışından, öz istiqlalından narazıdırsa, bu, işğalçının Azərbaycanda imkanlarını gücləndirir. Ona görə də, xalq öz taleyinə sahib olub, dövlət quruculuğunda yaxından iştirak etməli, seçkilərə getməli, demokratiyanın qələbəsinə çalışmalıdır…


İslam güclənir və bunun sifarişi tək daxildən yox, həm də Azərbaycanın qonşuluğunda müxtəlif təriqətlər ixrac edən müsəlman ölkələrindən gəlir. Qərb Azərbaycanda demokratiya və söz azadlığının boğulmasını kənardan izləyəcəksə, bu prosesin dərinləşməsi yəqin ki, davam edəcək. Çünki qadağaların götürülməsi, cəmiyyətdə «yeni» dəbin formalaşması, iqtisadi çətinliklər, sosial ədalətsizliklər və ən nəhayət demokratik institutların sıxışdırılması islamın güclənməsini Azərbaycanda diqtə edir. Əslində, bu, bütün zamanlarda və bütün xalqlarda belə olub. Haqqı və hüquqi əlindən alınan insanlar daha çox dinə qurtuluş kimi baxıblar. Azərbaycanda isə üstəlik islamın güclənməsi demokratiyanın faciəsi üzərində baş verməkdədir…


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG