Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:24

Qəfəs arxasından şerlər: Quantanamo məhbuslarının şerlər toplusu çıxır


Quantanamoda məhbuslar vaxtlarının bir hissəsini şer yazmaqla keçirirlər

Quantanamoda məhbuslar vaxtlarının bir hissəsini şer yazmaqla keçirirlər

ABŞ-da tezliklə çapdan nadir kitab – Quantanamo həbsxanasında saxlanılan məhbusların şerlər toplusu çıxacaq.


Bəlli olub ki, terror təşkilatları ilə əlbir olmaqda şübhəli bilinən məhbuslar vaxtlarının bir hissəsini şer yazmaqla keçirirlər. Bunun dustaq nizamnaməsinə zidd olduğunu deyən həbsxana rəhbərliyi məhbusların bu fəaliyyətini qadağan etməyə çalışıb. Amma bunun qəbahətsizliyinə əmin olduqdan sonra qərara alıb ki, onlara mane olmasın.


Bununla belə, potensial terrorçuların şerlərinin nəşrinə ehtiyatla yanaşanlar da var.


Toplunun tərtibatçısı 17 yəmənli məhbusun vəkili Mark Falkoffdur. Amerika ədəbiyyatına dair doktorluq dissertasiyasını müdafiə etmiş vəkilin sonradan ağlına belə bir fikir gəlib: dustaq yaradıcılığı məhsulunu bir topluya salmaq və onu «Quantanamodan şerlər: dustaqlar danışırlar» adı ilə nəşr etmək. Kitab avqust ayında, Ayova ştatındakı universitetin nəşriyyatında çıxacaq.


Falkoffun dediyinə görə, məhbuslar şerləri daşla birdəfəlik plastik stəkanların üzərinə cızıb, bir-birlərinə ötürüblər. Şerlərdə kodlaşdırılmış məlumatların olmasından ehtiyatlanan nəzarətçilər stəkanları məhv ediblər. Amma dustaqlar şerlərini əzbərləyiblər, yazmaq hüququ alanda və ya həbsxanadan çıxanda isə, onları kağız üzərinə köçürüblər.


Şerlərdən birində belə misralar var: «Göyərçinlərin quruldamalarını eşidəndə, üzümü qaynar göz yaşları bürüyür. Torağaylar civildəyəndə, xəyalən oğluma məktub yazıram. Məhəmməd, mən əzab çəkirəm. Ümidsiz bir halımda yalnız Allah mənə təsəllidir».


84 səhifəlik topluya 22 şer daxil olunub. Onları ərəb və puştu dillərindən ingilis dilinə ABŞ Müdafiə Nazirliyinin təsdiqlədiyi tərcüməçilər qrupu çevirib.


Betezdə «Azadlıq Minarəsi» İnstitutunun prezidenti Din Əhməd deyir ki, «dustaq üçün ən çətin şey özünə məşğuliyyət tapıb vaxt keçirməkdir. Şer yazmaq dustaq sıxıntısı ilə mübarizənin yollarından biridir. Toplunu oxumaq mənim üçün maraqlı olacaq, amma düşünmürəm ki, o, bestseller olacaq. Çətin ki, kitabı alacaq və dinc adamları öldürən müəlliflərə canı yanacaq çoxlu amerikalı tapılsın».


Toplunun tərtibatçısı Mark Falkoff isə buna etiraz edir: «Onlar terrorçu deyillər, hər halda, mənim müdafiə etdiyim şəxslər terrorçu deyillər. Onlara qarşı ittiham irəli sürülməyib, onların təqsiri sübut olunmayıb. Hesab edirəm ki, kitabı daha çox solçu-liberal oxucular alacaqlar».


Kitabların satışından yığılan pullar Quantanamo məhbuslarını müdafiə edən Nyu-Yorkdakı Konstitusiya Hüquqları Mərkəzinin hesabına daxil olacaq. Şerlərin müəllifləri qonorar almayacaqlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG