Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:36

YAP sözünə necə əməl edəcək?..


«525-ci qəzet»: «Azərbaycanda söz və mətbuat azadlığı elan edilsə də, bu azadlıqlar tam təmin olunmayıb»
«525-ci qəzet»: «Azərbaycanda söz və mətbuat azadlığı elan edilsə də, bu azadlıqlar tam təmin olunmayıb»

«Yeni Müsavat» qəzetinin iyunun 21-i sayı «Bakıda terror vahiməsi» adlı yazı ilə başlayır. Qəzet yazır ki, «Dünən paytaxtda bir-birin ardınca müəmmalı yanğın və partlayış baş verib. Hadisələr arasında bir neçə saatlıq fasilənin olması şəhərdə təşvişə səbəb olub».


Bu sayda Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə keçmiş məruzəçisi Andreas Qrossun Ermənistanın «A1+» kanalına müsahibəsindən fikirlər də yer alıb. Qross hər iki ölkədə siyasi vəziyyəti müqayisə edir: «Bu ölkələr ikisi də eyni xəstəxanadadır, amma çarpayılar eyni deyil. Ermənistanda heç olmasa müxtəlif oliqarx qruplar arasında rəqabət var. Azərbaycanda heç bir real rəqabət də yoxdur». Onun sözlərinə görə, hər iki ölkədə demokratiya güclənərsə, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli haqda danışmaq olar.


«Yeni Müsavat»ın köşə yazarı Zahid Səfəroğlu «XXI əsrin konslagerləri» adlı məqaləsində həbsxanalarda işgəncə faktlarından, hakimiyyətin xalqa münasibətindən bəhs edir. O, yazır: «Hazırda Azərbaycan hakimiyyətinin öz toplumuna münasibəti, onunla davranışı işğalçının yerli xalqlara münasibətindən elə ciddi fərqlənmir. Əks halda bu xalqın üzərində iyrənc eksperimentlər aparılmaz, xalq istismar edilməz, iztirablara məruz qoyulmaz, onun var-yoxu, sərvətləri hərbi qənimət bilinib talanmazdı; övladları çörəyə möhtac qoyulmaz, ölkədən didərgin salınmazdı; millətin işıqlı simaları, bacarıqlı insanları gözümçıxdıya salınmazdı».


Qəzetin 5-ci səhifəsi YAP-ın təşəbbüsü ilə dünən keçirilən «Mətbuat və cəmiyyət» konfransına həsr olunub. Reportajın sonunda xatırlanır ki, təbirdə heç bir sənəd, razılaşma aktı qəbul olunmayıb.


«Azadlıq» qəzeti yazır: «YAP söz verdi. Bu sözə necə əməl ediləcəyi isə yaxın vaxtlarda görünəcək»- hakim partiyanın mətbuatla bağlı tədbiri haqqında belə bəhs olunur: «Əli Həsənovun çıxışından belə çıxdı ki, hakimiyyət mətbuat üzərində təzyiqləri səngitməyə doğru meyllənmək istəyir».


Rövşən Hacıbəyli Prezident Aparatının şöbə müdiri Əli Həsənovun konfransdakı fikirlərini şərh edərək yazır: «Maraqlı məqam var ki, «doğru yol» dedikdə nəyi nəzərdə tutduğunu Əli müəllim açıqlamayıb. Ona görə də media nümayəndələri arasında çaşqınlıq hökm sürməkdədir».


Rəsmi dövlət qəzeti «Azərbaycan» yazır ki, «mətbuat azad sözün nümunəsinə çevrilməli, insanların hüquq və azadlıqlarına xidmət etməlidir». Qəzet mətbuatla bağlı keçirilən tədbirə böyük önəm verildiyini bildirir: «Dəyirmi masada irəli sürülmüş təkliflərin ümumiləşdirilərək müvafiq dövlət strukturlarına təqdim olunması və gələcəkdə də bu cür müzakirələrin davam etdirilməsi qərar alınıb».


Bundan əlavə qəzetin budəfəki sayında iyunun 23-ü dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş materiallar yer alıb.


«Azərbaycanda söz və mətbuat azadlığı elan edilsə də, bu azadlıqlar tam təmin olunmayıb»-Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Elçin Şıxlının konfransdakı bu fikirləri «525-ci qəzet»də yer alıb. Ölkədə senzuranın olmadığını deyən AJB-nin sədri qəzetlərin istədikləri hər şeyi yazdıqlarını etiraf edib. Bununla belə, o hesab edir ki, yazılan qeyri-obyektiv məqalələrə görə verilən cəza adekvat deyil. Ona görə də cəzalar yumşaldılmalıdır. «Əgər jurnalist kiminsə şərəf və ləyaqətini alçaldıbsa, o öz cəzasını çəkməlidir. Bunu heç kim inkar etmir. Həmçinin, qəzetlər üçün ədalətli rəqabət imkanı yaratmaq lazımdır. Belə olarsa, peşəkar jurnalistika inkişaf edərək lazımsız mətbuat orqanlarını sıradan çıxara bilər».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG