Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:49

«Mənim saxlanma şəraitim Hitlerin konslagerindən heç nə ilə fərqlənmir»


«Mən haqqında ölüm hökmü çıxarılmış insanlarla eyni təcridxanada saxlanıram»

«Mən haqqında ölüm hökmü çıxarılmış insanlarla eyni təcridxanada saxlanıram»

İyunun 19-da Apellyasiya Məhkəməsində dövlət əmlakını mənimsəməkdə ittiham olunan və on bir il müddətinə azadlıqdan məhrum edilmiş sabiq səhiyyə naziri Əli İnsanovun birinci məhkəmə instansiyasından şikayətinə ilkin baxış keçirildi.


Əli İnsanov cinayət törətmədiyini, günahkar olmadığını və istər ibtidai istintaqın, istər məhkəmənin qərəzli olduğunu dedi. Buna görə də vəkilləri onun dövlət əmlakını mənimsəməsi ilə bağlı qaldırılmış işə xitam verilməsini istədilər.


Sabiq nazir özü isə saxlanma şəraitindən şikayət etdi. O, saxlanma şəraitinin ağırlaşmasını məhkəmədəki son sözündə prezidentin yaxın qohumlarına toxunması ilə əlaqələndirdi. Sabiq nazir başqa xəstəliklərdən əziyyət çəkdiyi halda Ədliyyə Nazirliyinin həkimləri tərəfindən ürək və şəkər xəstəliyi ilə bağlı müayinə olunduğunu və bu zaman onun özünün də həkim olduğunun unudulduğunu bildirdi.


«Mənim saxlanma şəraitim Hitlerin konslagerindən heç nə ilə fərqlənmir. Mayın əvvəllərində mənim kamerama mənşəyi məlum olmayan qaz buraxılmışdı, şikayətimdən sonra dayandırıldı. Bilmirsiniz, orda mənə hansı işgəncə verilir. Həmin kamerada gecə temperatur 40 dərəcə isti olur, mən haqqında ölüm hökmü çıxarılmış insanlarla eyni təcridxanada saxlanıram. Cənab hakim, sizdən və ya başqasından xahiş etmirəm. Mən hüquqlarımı tələb edirəm. O haqları Avropada tapacağıma şübhəm də yoxdur».


Sabiq səhiyyə naziri həmçinin Milli Elmlər Akademiyasının qərarı ilə akademik adından məhrum edilməsinə də münasibət bildirdi. O, dünyanın dörd Akademiyasının üzvü olduğunu və hələ də akademik olaraq qaldığını bildirdi.


Dövlət ittihamçısı sabiq nazirin saxlanma şəraitinin məhkəmə baxışının predmeti olmadığını bildirdi və Əli İnsanovun qaldırdığı digər vəsatətlərin təmin olunmamasını istədi.


Məhkəmə müşavirəyə getdi. Fasilədən sonra vəkillərin qaldırdığı vəsatətlərin heç biri təmin edilmədi. Proses iyulun 3-də davam etdiriləcək.


İndiyədək Əli İnsaonvun vəkilləri dəfələrlə müdafiə etdikləri şəxsin saxlanma şəraiti, müalicə olunmaması haqda mətbuata məlumat versələr də, Ədliyyə Nazirliyi bu məlumatları təkzib edib. Sabiq nazirin müayinə edildiyini və müalicəyə ehtiyacı olmadığını bildiriblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG