Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:17

«Jurnalistlərə əl qaldıranlar, onları öldürənlər qorxaq ünsürlərdir»


Xanım Enn Ders «Azadlıq» radiosunun qonağıdır, 15 iyun 2007

Xanım Enn Ders «Azadlıq» radiosunun qonağıdır, 15 iyun 2007


Amerika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Enn Ders «Azadlıq» radiosunun «Tanınmışlar» verilişinin qonağı olub. «Jurnalistlərə əl qaldıranlar, onları öldürənlər qorxaq ünsürlərdir. Belələri kiminsə kölgəsində gizlənib arxadan zərbə endirirlər»


- Uşaqlıqdan diplomat olmağı arzulayırdınız, yoxsa iş belə gətirdi?


«Mən Amerikanın orta Qərb hissəsində böyümüşəm. Valideynlərim Norveç və Almaniyadan Birləşmiş Ştatlara mühacirət ediblər. Orta məktəbi Çikaqo şəhərində bitirmişəm. Bundan sonra kollecdə oxumuşam.


Ailəliyəm, 4 övladım var. Böyüyü 25 yaşındadır, hazırda Filippindədir. 22 yaşında əkiz uşaqlarım var-oğlan və qız. Kollecdə oxuyurlar. Sonbeşiyimsə qızdır, 20 yaşı var. O, mənimlə Azərbaycandadır. Payızda Misirə getməyə hazırlaşır.


Bizim özümüz isə ailədə 3 qız olmuşuq. Balaca bacım hüquqşünasdır, Miçiqan ştatında vəkil işləyir. O biri bacım uşaqların təhsili sahəsində ixtisaslaşıb, Filadelfiyada yaşayır. Həyat yoldaşım da diplomatdır. Hazırda təqaüddədir».


-Mən 16 yaşımda təhsil almaq üçün Fransaya yola düşdüm. Orada 3 ay fransız ailəsi ilə birlikdə yaşadım. Buna qədər mən Amerikanın orta Qərbindən kənara çıxmamışdım. Tam səmimi deyirəm ki, bu həyatımı tamamilə dəyişən bir təcrübə oldu.


Çox gözəl bir fransız ailəsində yaşayırdım. Onlar məndə Fransanın tarixi, mədəniyyəti, incəsənəti, yeməkləri barədə geniş təsəvvür yaratdılar.


Həmin yay mən fransız dilini də öyrəndim. O təcrübədən sonra artıq bilirdim ki, mən nəsə beynəlxalq arenada fəaliyyət göstərəcəyəm.


Atam mənə və bacılarıma daim professional olmağı və peşəkar aləmdə özümüzə karyera yaratmağı tövsiyə edirdi.


Anam isə pedaqoji sahədə mütəxəssis olduğu üçün bu təşəbbüsü ürəkdən alqışlayırdı.


Onlar tam əmin idilər ki, qadın hər zaman özünə arxalanmalıdır. Çünki qız hətta ərə gedərsə belə, hər zaman həyat yoldaşının olacağına və ona həmişə dəstək olacağına zəmanət yoxdur. Odur ki, qadın özü üzərində işləməli və özünə dayaq olmaq barədə düşünməlidir.


Elə mən də məhz işləyəcəyim barədə düşünərək böyümüşdüm. Xaricə getmək isə məndə beynəlxalq münasibətlərdə işləmək həvəsi yaratdı.


Ailədən gələn başqa bir ideya isə ictimaiyyətə xidmət etmək tövsiyəsi idi. Yəni qazandığımızı ictimaiyyətə qaytarmaq məsələsi. Bax, bu iki ideya son nəticədə mənim birbaşa olmasa da, dolayısı ilə diplomatiyaya gəlməyimə kömək etdi.


Kollec yoldaşlarımdan biri ABŞ-da diplomatik fəaliyyətə başlamaq üçün imtahan verməyə gedirdi. Bu sahəyə marağımı bildiyi üçün onunla imtahana getməyi təklif etdi.


Həmin imtahanlarda iştirak etdim və bəxtim gətirdi. Con Hopkins Universitetini bitirib, dərəcə aldıqdan dərhal sonra Dövlət Departamentində işə başladım.


Dövlət Departamentinə gəlməzdən əvvəl isə fransız və italiyan linqvistikası ilə məşğul olmuşam.


Mən İtaliyada Con Hopkins Universitetində beynəlxalq araşdırmalarla məşğul idim. Həmin universitetdə təhsil alarkən beynəlxalq əlaqələri və beynəlxalq münasibətləri də tədris etmişəm. Diplomatik karyeram artıq 25 ildir davam edir.


- Həyatda ən böyük itki kimləri hesab edirsiniz?


- Bu heç şübhəsiz ki, mənim valideynlərimin itkisidir. Təəssüflər olsun ki, onlar bir birindən çox qısa müddət ərzində vəfat etdilər. Təxminən 6 ay fərq oldu arada. Atamın və anamın dünyasını dəyişməsi heç şübhəsiz ki, mənim üçün çox böyük itkidir. Çünki onlar mənim həyatıma ən güclü təsir göstərən adamlar idi.


- Valideynli həyatla valideynsiz həyatın fərqi daha çox nədir?


- Adam birdən anlayır ki, artıq o, özü ayaq üstə dayanmalı və öz həyatına özü məsuliyyət daşımalıdır. Birdən başa düşürsən ki, indi sən valideynsən və artıq öz enerjini övladlarının böyüməsinə yönəltməlisən.


Mən ailə dəyərlərinə çox inanıram. İctimaiyyətə xidmət isə mənim həyatımın və gündəlik vəzifələrimin ayrılmaz hissəsidir. Şübhəsiz ki, bu məsələdə valideynlərimin rolu danılmazdır.


- Maraqlıdır, ilk dəfə Ağ Evi nə vaxt görmüsünüz?


- İlk dəfə görməyim yəqin ki, çox-çox illər əvvəl baş verib. Ancaq son dəfə görməyim orada işlədiyim vaxta təsadüf edir. 2005-2006-cı illər ərzində ABŞ-ın Daxili Təhlükəsizlik Şurasında «quş qripi» ilə bağlı məsələlərlə məşğul olduğum vaxtda.


Həmin vəzifədə çalışanda mən «quş qripi» ilə məşğul olan nümayəndə heyətinin rəhbəri kimi, Azərbaycana da gəlmişdim.


Sonradan ABŞ prezidenti mənə Azərbaycanda səfir vəzifəsini təklif edəndə, mən bunu böyük məmnuniyyətlə qəbul etdim.


- Adətən biz müşahidə edirik, Ağ Evin ətrafında adamlar istirahət edirlər, uşaqlar oynayırlar. Belə bir fikir var ki, biz hamımız böyük bir oyunun iştirakçılarıyıq. Ağ Evin içərisində oynamaq maraqlıdır, yoxsa çölündə?


- Mən siyasətin yaradılması prosesində olmaqdan böyük məmnunluq hissi duyuram. ABŞ-ın liderlik rolu və xarici siyasəti dünya ölkələri və onların inkişafını təsirləndirən bir siyasətdir. Mən ictimaiyyətə xidmət məsələsinə sadiq olan bir adam kimi, özümü məhz siyasətdə oyunçu kimi görməkdən məmnunluq duyuram.


- Azərbaycana səfir təyinolunma məsələsi necə baş verdi? Niyə Azərbaycana səfir təyin edildiniz?


-Mən isə səfir işləmək üçün Azərbaycandan yaxşı ölkə təsəvvür etmirdim. Diplomatik xidmət illərində Avropa, Asiya və bir qədər də yaxın Şərqdə işləmişəm. Bu illər ərzində Filippin, Sinqapur, Koreyada və 4 il Brüsseldə ABŞ-ın Avropa Birliyi komissiyasındakı nümayəndəliyində, 2 il də ABŞ-ın Belçikadakı səfirliyində çalışmışam.


Diplomat dostlarım mənə bəzən deyirlər ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən bir ölkədir. Və mənim diplomatik fəaliyyət zamanı Avropa və Asiyada qazandığım təcrübə Azərbaycanda daha zəngin fəaliyyət göstərmək üçün geniş imkanlar yaradırdı.


Odur ki, mən ABŞ-ın burada səfiri olmaqdan böyük məmnunluq duyuram.


- Azərbaycan həm coğrafi, həm siyasi baxımdan kifayət qədər mürəkkəb bir regiondur. İşləmək çətin deyil?


- Xeyr, əksinə burada işləməkdən daha böyük həzz alıram. Azərbaycanı strateji baxımdan keçid mərhələsini yaşayan bir ölkə kimi səciyyələndirmək olar. Mən bunu həm də ona görə deyirəm ki, Azərbaycan keçən ilin iyun ayından BTC boru kəməri layihəsinin bəhrəsini görməkdədir.


Neft ehtiyatlarından gələn gəlirlər əgər müdrikliklə idarə olunarsa, bu, ölkədə böyük işlər görməyə, ölkənin həm iqtisadi, həm də siyasi baxımdan regionda liderə çevrilməsinə imkan yarada bilər.


Digər tərəfdən isə, əgər bu proseslər güclü demokratik nəzarət altında həyata keçirilməzsə, əks təsir göstərə bilər. Ölkədə inflyasiyanın artmasına, korrupsiyanın güclənməsinə, ölkənin irəli getməkdənsə, daha da geriləməsinə təkan verən proseslərin güclənməsinə gətirib çıxara bilər.


ABŞ-ın buradakı işi Azərbaycanın neftdən gələn gəlirlərindən səmərəli və müdrikcəsinə istifadə etməsinə yardımçı olmaq, demokratiya, iqtisadiyyat sahəsində irəliləyiş üçün bəhrələnməsinə kömək etməkdir.


Bu baxımdan, biz Azərbaycanın özünün Qərbə və Qərbin institutlarına inteqrasiya seçimini dəstəkləyirik. Hesab edirik ki, bu, Azərbaycanın müstəqil bir dövlət kimi firavan ölkəyə çevrilməsi, çiçəklənməsi və inkişaf etməsi baxımından edə biləcəyi ən düzgün seçimdir.


Odur ki, yaşadığımız bu müddət həm qarşılaşdığımız məsələlərin çözülməsi, həm də Amerika Azərbaycan münasibətlərinin daha da inkişaf etməsi baxımından çox maraqlı bir zamandır. Və mən məhz bu zaman kəsiyində burada ABŞ-ın səfiri olmağımdan böyük məmnunluq duyuram.


- Necə fikirləşirsiniz, Azərbaycanın neft gəlirlərini səmərəli istifadə etmək üçün yetərincə demokratik şərait var, yoxsa yox?


- Biz bu məsələdə Azərbaycanın özünün etdiyi seçimə və üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq açıq şəffaf və bazar yönümlü ölkəyə çevrilmək səylərini dəstəkləyirik və bunu alqışlayırıq. Həlli vacib olan bir çox məsələlər də ortaya çıxır. Bunlar bir çox ölkələrin üzləşdiyi problemlərdir. Sovet keçmişindən qaynaqlanan problemləri də bura əlavə edəndə Azərbaycanın vəziyyətini anlamaq çətin deyil.


Buraya güclü demokratik institutların yaradılması, azad və ədalətli seçkilərin keçirilməsi, güclü yerli hakimiyyət və güclü parlamentin yaradılması, qanunun aliliyinin təmin olunması, o cümlədən, güclü qanunvericiliyin, müstəqil məhkəmə və hüquq mühafizə sistemlərinin təmin olunması, insan hüquqlarına hörmətin təmin olunması, vətəndaşları və QHT-ləri həmçinin idarəçilik məsələsində fəal iştirak edən güclü vətəndaş cəmiyyətinin yaradılması və sair məsələlər daxildir.


Eyni zamanda çox vacib olan güclü, etik və məsuliyyətli mətbuatdır. Ölkədə gedən bütün proseslərin demokratik olmasını izləyə bilən bir mətbuat. Çünki, demokratiyanın vacib təməl daşlarından biri müstəqil və güclü mətbuatın olmasıdır.


Heç şübhəsiz ki, korrupsiyaya qarşı mübarizə çox vacib bir məsələdir. Mən həmişə deyirəm ki, korrupsiya bütün cəmiyyətlərdə mövcud ola bilir. Çünki bu insan təbiətindən qaynaqlanan bir problemdir. Bu bəlanın aradan qaldırılmasında mübarizəni ciddi aparan ölkələr müvəffəqiyyət qazanırlar. Əgər korrupsiyanın kökü kəsilməzsə, o iqtisadi inkişafa problem yaradar, yaşayışın yaxşılaşdırılması qarşısında maneə rolunu oynaya bilər.


Keçid mərhələsini yaşayan bir ölkə kimi Azərbaycan bu problemlərlə üzləşir və onların həlli ilə məşğul olmaqdadır.


Biz də etiraf edirik ki, bu təkamül tələb edən bir prosesdir. Lakin eyni zamanda bu ardıcıl irəliləyişin baş verməsi istiqamətində aparılan bir prosesdir.


- Şəffaflığın, hər şeyin qaydasında olması üçün indicə şərtləri sadaladınız-söz azadlığı, mətbuat, demokratik islahatlar. Ümumiyyətlə, bu proses nə dərəcədə sürətlə gedir, yaxud da qaydasında gedir Azərbaycanda?


- Biz ABŞ olaraq məşğul olduğumuz hər bir işdə sürətli inkişafın baş verməsinə tərəfdarıq. Heç şübhəsiz ki, Azərbaycanda da bir az əvvəl sadaladığım 5 istiqamətdə-demokratik və iqtisadi islahatların aparılmasında, qanunun aliliyinin təmin olunmasında, eləcə də güclü etik mətbuatın işinin təmin olunmasında mövcud olan problemlərin tez bir zamanda çözülməsini, proseslərin sürətləndirilməsini istərdik.


Son zamanlar biz mətbuat sahəsində problemlərin şahidi olmaqdayıq. Və hökumətlə apardığımız dialoqda da müzakirə etdiyimiz məsələlər bu cür müstəqil, etik və məsuliyyətli mətbuatın işləməsi üçün daha çox imkanların yaradılmasıdır.


Azərbaycanın demokratiya və iqtisadi sahədə vəziyyətinin yaxşılaşması üçün bu və dediyim digər məsələlərdə hökumətin tez bir zamanda daha uğurlu nəticələrə nail olmasını görmək istəyirik.


Demokratiyada jurnalistlərə hədə-qorxu gəlinməsi, onların təhlükə qarşısına qoyulması, döyülməsi və öldürülməsi hallarına yer yoxdur.


- Səfir kimi fəaliyyət göstərmək ümumiyyətlə, məişətdə hansısa problemlər yaradırmı? Hər halda, qadının səfir olması ilə kişinin səfir olması məişət baxımından fərqlidir


- Xeyr, mən düşünmürəm ki, bu əlavə problemlər yaradır. Əksinə hesab edirəm ki, bu, müəyyən sahələrdə və müəyyən məsələlərdə üstünlük verir.


Diplomatın işi müəyyən mənada dinləməyi və həmsöhbətin maraqlarını, ehtiyaclarını anlamağı, onları qərargaha çatdırmağı, həmçinin mənim hökumətimin görmək istədiklərini, mesajlarını həmsöhbətlərimə çatdırmağı bacarmaqdır.


Mən şəxsən əminəm ki, əgər işi bacarırsansa, sənin qadın və kişi olmağının heç bir əhəmiyyəti yoxdur. Diplomatik karyeramda mən heç yerdə müşahidə etməmişəm ki, qadın olmaq bizim işimiz üçün problem yaradır.


Mən Azərbaycanın Xarici İşlər Nazirliyində bir çox qadın diplomatlarla rastlaşmışam və ümid edirəm ki, bir gün onlar da ölkədə liderlik vəzifəsində öz yerlərini möhkəmlətmiş olacaqlar.


- Xanım Enn Ders Azərbaycan dilini öyrənir, bunu biz ən azı onun çıxışlarından bilirik. Başqa nəyi öyrənir və yaxud öyrənmək istərdi?


- Ölkənizə gəldiyimdən bəri Azərbaycan dilində dərsləri artırmağım heç şübhəsiz onunla bağlıdır ki, dil mədəniyyətin açarıdır. Və Azərbaycanın mədəniyyət, incəsənət sahəsində bu qədər dərin və gözəl tarixinin, ənənəsinin mövcudluğu mənə xoş bir sürpriz oldu. Ümumiyyətlə Azərbaycanın çox gözəl, qədim bir tarixi var və hesab edirəm ki, bu dünyada hələ yetərincə dəyərləndirilməyən dərin bir tarixdir.


Mənim Azərbaycanda olan müəllimlərim mənə Azərbaycan dilini tədris etməklə yanaşı həm də Azərbaycanın mədəniyyəti, poeziyası, lirikası barədə də gözəl dərslər keçirlər. Mən öyrəndiyim şerlərdən, poetik ifadələrdən gündəlik ünsiyyətimdə də tez-tez istifadə edirəm. Bu da mənim dili öyrənməyimə kömək edən amillərdəndir. Azərbaycanın zəngin mədəniyyətinə çıxış imkanımı daha da gücləndirmək üçün mən Azərbaycan dilinin tədrisini bundan sonra da artırmaq və dərinləşdirmək niyyətindəyəm.


Eləcə də Azərbaycanın çox gözəl musiqi ənənələri var. Mən özüm heç bir alətdə ifa etməsəm, oxumasam da musiqini çox sevirəm. Azərbaycan musiqisi, ələlxüsus muğam və onun 7 növü, eyni zamanda muğamın digər musiqi janrlarına, məsələn, caza sintezi və Vaqif Mustafazadənin ifası, bəstələdiyi əsərlər mənə çox təsir edib.


Odur ki, Amerikanın Azərbaycanda səfiri olmağımdan özümü ikiqat şanslı sayıram.


Yəni həm Azərbaycanda vacib olan iqtisadiyyat, siyasət, təhlükəsizlik kimi sahələrdə əməkdaşlığı inkişaf etdirmək və eyni zamanda həm də çox zəngin mədəniyyəti olan bir ölkənin mədəniyyətindən bəhrələnmək, həzz almaq baxımından özümü şanslı sayıram.


- Dərslər necə gedir? Müəllimlər öz şagirdindən razıdırlar, yoxsa problemlər olur arada?


- Onlar məni tənqid etmirlər. Bu məsələdə kifayət qədər diplomatik davranırlar. Ancaq nə vaxt səhv edirəmsə onu düzəldirlər. Mənim iki çox gözəl müəlliməm var. Onların ikisi də anadır. Bizim şərik olduğumuz, paylaşdığımız bir çox dəyərlər var və mən onlara çox minnətdaram ki, onlar mənim Azərbaycanın zəngin mədəniyyətinə açar olan dilə daha yaxşı yiyələnməyimə kömək edirlər.


-İstirahəti necə keçirməyə üstünlük verirsiniz? Əgər istirahət etmək imkanı yaranırsa, sözsüz ki...


- İdmanla məşğul olmaq hamı üçün, xüsusilə də işləyən adam üçün çox vacibdir. Mən tennis oynayıram. Demirəm ki, səriştəliyəm bu işdə. Amma böyük nikbinlik hissi ilə oynayıram.


Mən mütaliə etməyi, musiqini və səyahət etməyi çox sevirəm.


- Maraqlıdır, musiqidə kimi dinləməyi daha çox xoşlayırsınız?


- Mən musiqinin bütün janrlarını sevirəm. Cazı da, klassik musiqini də. Konkret demək mənim üçün çətindir. Ancaq əgər siz məni seçim qarşısında qoysanız, yəqin ki, caz musiqisi deyərdim. Amma bir az əvvəl dediyim kimi mən Azərbaycanın muğamını da - 7 növ muğamı öyrənməklə məşğulam. Bu yaxınlarda isə aşıq musiqisi barədə də öyrənməyə başlamışam. Və ola bilsin ki, burada olduğum müddətdə bu musiqiyə daha da yiyələnməyə çalışacağam.


- Tez-tez bölgələrdə olursunuz. Sizin tərəfləri, yəni okeanını o üzünü xatırladan nələrsə olurmu, rast gəlirsinizmi Azərbaycanın bölgələrində?


- Tamamilə düz buyurdunuz, mən doğrudan da səfər etməyi, şəhərdən kənara çıxmağı, ətraf yerləri görməyi xoşlayıram. Ona görə ki, Azərbaycan təkcə Bakıdan ibarət deyil. Eləcə də təkcə Nyu-York Amerika Birləşmiş Ştatları deyil. Azərbaycan nisbətən kiçik, ABŞ isə nisbətən böyük ölkədir. Lakin mən çeşidliliyə inanıram. Bakıdan kənara çıxarkən gördüyüm təbiət, səhra, çay dəniz, dağlar, bu coğrafi landşaft məni həqiqətən də valeh edir. Bu həqiqətən də çox gözəl təbiətə malik olan bir ölkədir. Və mən Azərbaycan hökumətinin ölkədə turizmin inkişafına nəyə görə bu qədər böyük əhəmiyyət verdiyini anlayıram.


- Dağlıq Qarabağ və digər ərazilərdən olan məcburi köçkünlərlə görüşlərdən sonra onların bu vəziyyətindən kədərlə danışırsınız. Nə dərəcədə ağırdır bu adamlarla görüşmək və indiki zəmanədə insanların bu şəraitdə olmasını necə dəyərləndirirsiniz?


- Mən Azərbaycana gəldiyim vaxtdan bu məsələnin nə dərəcədə həssas və çətin olmasını başa düşmüşəm. Bir çox azərbaycanlı dost və həmkarım mənə onların Qarabağ məsələsi ilə bağlı keçirdiyi hisslərin nə dərəcədə dərin olmasına dair fikirlərini bölüşüblər. Və mən bunu başa düşürəm.


Dediyiniz kimi bu cür görüşlərdə həmsöhbətlərim mənə faciə ilə bağlı gördüklərini təfərrüatı ilə danışırlar. Onların keçirdikləri şəxsi hislərin nə dərəcədə böyük olması ilə bağlı fikirlərini mənə çatdırırlar.


Mən anlayırdım ki, baş verənləri danışmaq onlar üçün çox ağırdır. Ancaq eyni zamanda bu vacib idi. Çünki bu mənə baş verənlər barədə onların öz dilindən, öz gördükləri barədə şəxsi təəssüratlarını eşitmək, öyrənmək imkanı verdi.


Bu söhbətlərdən mənə o da aydın olur ki, tərəflərin qəbul etdiyi və danışıqlar yolu ilə sülh müqaviləsinin əldə olunması nə dərəcədə vacibdir ki, adamlar öz evlərinə qayıda bilsinlər və eyni zamanda zorakılığa qayıdış olmamalıdır.


- Bəzən Azərbaycan müxalifəti, xüsusən də seçki ərəfəsində və seçkidən sonra ABŞ-ı ölkədə demokratiyanı yetərincə müdafiə etməməkdə ittiham edir. Bu məsələyə münasibətiniz?


- Demokratiya bizim Azərbaycanla olan münasibətlərimizin 3 əsas təməl daşlarından biridir. Və biz hesab edirik ki, Azərbaycanla əlaqələrimiz bütün bu üç prioritet istiqamətində inkişaf etdirilməlidir. Biri digərinin hesabına yox, yanaşı olaraq. Bu istiqamətlər də təhlükəsizlik, enerji əməkdaşlığı və demokratiya məsələləridir.


Biz Azərbaycanda və bütün dünyada demokratiyanı iki səbəbdən dəstəkləyirik.


Birincisi prinsip məsələsidir. ABŞ inanır ki, prezident Buşun sözləri ilə desək hər kəsin demokratik cəmiyyətdə yaşamaq kimi ayrılmaz bir hüququ var.


Bütün ölkələr bu prinsipə şərikdirlər və Birləşmiş Ştatlar inanır ki, demokratiya təhlükəsizliyi təmin etmək üçün ən yaxşı yoldur.


Bizim öz təcrübəmiz də sübut edir ki, demokratiya təhlükəsizlik üçün ən yaxşı təminat və zəmanətdir. Lakin biz demokratiyanı həm də maraqlarımız üçün dəstəkləyirik. Milli təcrübə də göstərir ki, bizim ən yaxşı tərəfdaşlarımız sabit demokratiyaya malik ölkələrdir. Əlbəttə ki, bizim dünyanın müxtəlif ölkələrində müxtəlif maraqlarımız var. Bu işdə o ölkələrlə tərəfdaşlıq edirik ki, onlarda güclü, təmsilçi demokratiya var. Bu baxımdan Azərbaycanda və bütün dünyada demokratiyanı dəstəkləmək bizim üçün həm prinsip, həm də maraqlarımızdan irəli gələn məsələdir.


Odur ki, mən bizim hökumətlə apardığımız aktiv dialoqa istinad etdim. Eyni zamanda biz bu demokratiyanın inkişafı üçün öz ekspert yardımımızı da göstərməkdə davam edirik.


İnsan hüquqlarının dəstəklənməsi və güclü siyasi proseslərin dəstəklənməsi, o cümlədən idarəçilik və güclü parlamentin yaradılması, sərbəst və ədalətli seçkilər, qanunun aliliyinə dəstək və korrupsiya ilə mübarizəyə kömək, mətbuatın azadlığına dəstək və eləcə də mətbuatın demokratiyanın güclü institutu kimi inkişaf etdirilməsi, güclü vətəndaş cəmiyyətinin yaradılması - elə bir cəmiyyət ki, orada insanlar öz hüquqlarına dair məlumatlara malikdirlər və öz hüquqları uğrunda mübarizə və ölkədə fəal dəyişikliklər etmək qabiliyyətinə malikdirlər.


Biz Azərbaycanda və dünyanın hər yerində demokratiyanı bir institut kimi, bir proses kimi görür və onun inkişafını dəstəkləyirik.


Biz heç bir ayrıca götürülmüş siyasi qüvvəni, yaxud namizədi və ya hansısa fərdi bir orqanı dəstəkləmirik. Biz demokratiyanın özünün bir institut kimi təkmilləşdirilməsi, bərqərar olması və inkişafı prosesini dəstəkləyirik.


Nəticə etibarı ilə azərbaycanlıların kim tərəfindən və necə idarə olunacağı onların öz üzərinə düşən bir seçimdir. Lakin biz eyni zamanda onu da başa düşürük ki, azad, bazar yönümlü bir demokratiyaya çevrilmək seçimini də Azərbaycan özü edib. Və biz demokratiyanın bir institut kimi, proses kimi inkişafını dəstəkləyən adamları, qüvvələri dəstəkləyəcəyik.


- Amerika həmişə sülhün tərəfdarı kimi çıxış edir. Mətbuat ilə hakimiyyət arasında son vaxtlar bir mübarizə gedir. Bu məsələdə sülhün əldə edilməsi üçün Amerika səfirliyi hansısa bir cəhd etmək istəyərdimi, yaxud da bununla bağlı bir addım atırmı?


-Biz tam əminik ki, mətbuatla hökumət arasında dialoq aparılmalıdır. Ona görə ki, mətbuat demokratiyanın əsas təməl daşlarından biridir. Odur ki, güclü, müstəqil və etik məsuliyyətli jurnalistikanın inkişafı üçün hökumət daha çox imkan, daha çox şərait yaratmalıdır. Çünki mətbuat olmadan demokratiyaya nail olmaq mümkün deyil.


Və biz hesab edirik ki, mətbuat və hökumət nümayəndələri bir masa arxasında oturaraq, bu dialoqu davam etdirməlidirlər ki, mətbuatın qarşısında olan problemlərin çözülməsi və demokratik, güclü, etik mətbuatın inkişafı üçün daha çox şəraitin yaradılmasına nail olunsun.


Biz inanırıq ki, konsensus əldə olunması və prosesin irəli getməsi üçün hər iki tərəfdən görüləcək işlər var.


Biz hesab edirik ki, böhtanla bağlı maddənin Cinayət Məcəlləsindən Mülki Məcəlləyə keçirilməsi bu sahədə ümumən vəziyyətin daha da yaxşılaşmasına xidmət etmiş olardı.


Bir çox ölkələrdə böhtan maddəsi Cinayət Məcəlləsindən çıxarılıb. Hələ də qüvvədə olan ölkələrdə isə təcrübə göstərir ki, bu maddənin tətbiqi dayandırılıb.


Dünya təcrübəsində müxtəlif modellər mövcuddur ki, adamlar özlərinə qarşı böhtan atıldıqda, yaxud şərəf və ləyaqətlərinin təhqir edildiyini düşündükdə, bu məsələni məhkəmələrdə deyil, hansısa digər instansiyalarda həllinə nail olurlar.


Dediyim kimi, biz artıq çoxdandır bu məsələ ilə çıxış edirik ki, Azərbaycanda da böhtan, şərəf və ləyaqətin təhqir olunması maddəsi Cinayət Məcəlləsindən çıxarılsın. Və adamlar bu cür məsələləri başqa instansiyalarda həll etməyə başlasınlar.


Bir daha deyirəm ki, demokratiyada jurnalistlərə hədə-qorxu gəlməyə, onları təhdid etməyə, döyməyə, öldürməyə yer yoxdur.


Jurnalistlərə əl qaldıranlar, onları öldürənlər qorxaq ünsürlərdir. Onlar öz ideyalarını açıq şəkildə müzakirə etməkdən qorxurlar. Belələri kiminsə kölgəsində gizlənib arxadan zərbə endirirlər.


Eyni zamanda, jurnalistikanın özünü idarə mexanizmləri vasitəsilə daha səmərəli və etik olması, əxlaq davranışına daha yaxşı riayət edən məsuliyyətli bir jurnalistikaya çevrilməsi baxımından mətbuat tərəfindən də görüləcək işlər var.


Cavan jurnalistlər üçün treninqlərin təşkil olunması da çox vacibdir.


Demokratik ölkədə mətbuat çox nəhəng bir gücə malikdir. Və jurnalistin obyektiv olması, hansısa bir qüvvənin əlində alətə çevrilməməsi üçün üzərinə çox böyük məsuliyyət düşür. Jurnalist yalnız obyektiv olduqda adamların maraqlarını tam müdafiə edə bilər.


Bu baxımdan, zənnimcə, Azərbaycanda iqtisadi liberallaşmanın məsuliyyətli jurnalistikanın inkişafına göstərə biləcəyi xidmət çox böyükdür. Çünki inkişaf etmək üçün mətbuatın reklama çox böyük ehtiyacı var. Odur ki azad, bazar yönümlü iqtisadiyyatın inkişafı reklam sektorunun hesabına mətbuatın da inkişafına kömək edəcək.


ABŞ Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv qəbul olunmaq istəyini dəstəkləyir. Həmin quruma üzv olmağın şərtlərindən biri də ölkədə azad və ədalətli iqtisadi qanunvericiliyin olmasıdır. Bu isə korrupsiya ilə mübarizə, monopoliyalara son qoyulması və kiçik müəssisələrin inkişafını nəzərdə tutur ki, bu da dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da iqtisadiyyatın inkişafının aparıcı qüvvəsi olaraq qalır.


Siz çox vacib bir sual verdiyiniz üçün mən bir məqama da toxunmaq istəyirəm.


Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizə məqsədilə hazırda ikinci faza üçün nəzərdə tutulan qanun layihəsi üzərində işləyir. ABŞ və digər beynəlxalq təşkilatlar Azərbaycan hökumətinin bu fəaliyyət planının hazırlanmasına kömək etməkdədir.


Bu fəaliyyət planı dünyanın işgüzar dairələrinə və beynəlxalq ictimaiyyətə Azərbaycanın korrupsiya ilə mübarizəyə sədaqəti barədə çox vacib bir ismarış göndərmiş olacaq. Və bu yaxınlarda «Transparency International» təşkilatının və qismən də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin-USAID-in iştirakı ilə Azərbaycanda keçirdiyi konfransda biz bu cür fəaliyyət planının vacib elementləri barədə müzakirələr apardıq. Həmin vacib elementlərdən biri də müstəqil, məsuliyyətli və etik mətbuatın olması idi ki, bu mətbuat qorxu və təhlükə bölmədən açıq şəkildə fəaliyyət göstərə bilsin. Bu, hökumətin xalq qarşısındakı cavabdehliyini təmin etməyin vacib elementlərindən biridir.


- Bir qrup jurnalistin Azərbaycanı tərk edib, xarici ölkələrdə sığınacaq almaq istəyi var. Onların getməsi məsələni həll edirmi?


- Dediyim ki, Azərbaycanın bu sahədə sədaqətinə inanan qüvvələr və ölkələr hökumətlə mətbuat arasında vətəndaş cəmiyyətinin və QHT-lərin iştirakı ilə dialoqun aparılmasına israr etməlidirlər. Çünki, demokratiyanın bərqərar olması məsələsində müstəqil, məsuliyyətli və etik mətbuatın oynadığı rol çox nəhəngdir.


Ancaq əlbəttə ki, bu məsələdə ayrı-ayrı fərdlərin müstəqil seçim etmək hüququ da var.


- Tanrıya inanırsınızmı?


-Bəli, inanıram.


- İlk dəfə kilsəyə nə vaxt getmisiniz, yadınızdadırmı?


- Bu lap çoxdan olub.


Əslində mənim ulu babam Norveçdən Amerika Birləşmiş Ştatlarına mühacirət edib. Və orada Lüteran pasteri olub. O Viskonsiya ştatında balaca bir kilsə tapıb. Bu kilsə hələ də oradadır.


Yəqin ki, mənim kilsə ilə bağlı ilkin xatirələrim uşaq vaxtı atam, anam və nənəmlə birgə həmin kilsəyə getməyimdən başlayır.


Elə bilirəm ki, mənim bayatda qazandığım dəyərlər bu inama söykənir. Və düşünürəm ki, bu vəziyyət Azərbaycanda bir çox inanc sahibi olan adamların təcrübəsindən bir o qədər də fərqli deyil.


Buradakı həmkarlarım və dostlarım-Azərbaycan müsəlmanları üçün dəyərlər böyük Tanrıya olan inamdan qaynaqlandığı kimi, mənim də həyatda qazandığım dəyərlər böyük Tanrıya olan böyük inamdan, sevgidən, məhəbbətdən qaynaqlanan dəyərlərdir.


Madam ki, siz bu sualı verdiniz mənim üçün çox xoş sürprizlərdən olan bir məsələyə də toxunmaq istəyirəm.


Mən Azərbaycanda həqiqətən də bütün dünya üçün bir model ola biləcək dini dözümlülük nümunəsi gördüm. Mən bu barədə əvvəllər bilməmişəm. Hərçənd ki bilməyim vacib idi. Ümumiyyətlə, bu barədə bütün Amerika təəssüf ki, lazımi biliyə malik deyil. Ancaq bilməsi arzuolunandır. Mən yeri gəldikcə, Azərbaycanda belə bir dini dözümlülük nümunəsinin olması barədə danışmağı lazım bilirəm.


- Kilsəyə gedəndə, hansı dualar edirsiniz?


-Bu çox şəxsi bir sual oldu.


Heç şübhəsiz ki, sülhə və əmin-amanlığa dua edirəm. Amerikalılar, Azərbaycanlılar və bütün dünya üçün. Mən inanıram ki, bütün varlıqlar Tanrı tərəfindən müəyyən istedad və bacarıqla təmin olunmuşlar. Tanrının verdiyi bacarıq və istedadı xoş məramlar üçün istifadə etmək bizim insani öhdəliyimizdir.


- Azərbaycandan gedəndən sonra buranı Sizə xatırladan daha çox nə olacaq?


- Asan sualdır. Azərbaycan barədə ən çox onun adamlarını xatırlayacağam. Onların qonaqpərvərliyini daima xatırlayacağam. Olduğum ölkələr içərisində mənə ən çox təsir edən azərbaycanlıların qonaqpərvərliyidir. Mən bura gəlməzdən əvvəl bu barədə çox az məlumata malik idim. Və mən onu da çox yaxşı bilirəm ki, burada qazandığım dostlar, tanıdığım adamlar, ünsiyyətdə olduğum nümayəndələrlə Azərbaycanı tərk etdikdən sonra da əlaqəni mütləq davam etdirəcəyəm.


- Bəs diplomat kimi fəaliyyətinizi başa vurduqdan sonra hansı işlə məşğul olmaq barədə düşünürsünüz?


- Mən səyahət etməyi və dillər öyrənməyi çox sevirəm və bunları o vaxt da davam etdirəcəyəm. Ola bilsin ki, qadınların səlahiyyətinin və təsir imkanlarının artırılması işi ilə məşğul olum. Çünki, mənim öz həyatım, təcrübəm elə bilirəm ki, ölkəmdə bu məsələnin müsbət həllinə yaxşı bir nümunədir. Və mümkündür ki, bu gələcəkdə də mənim hansısa işlərimin tərkib hissəsi ola bilər.


Mən cavan olarkən anamla bərabər onun əlil uşaqlar üçün gördüyü işlərdə iştirak etmişəm. O vaxt tez-tez düşünürdüm ki, həyatda boş vaxtım olanda yəqin ki, mən də əlil uşaqlarla işləyərəm.


-Sağ olun


XS
SM
MD
LG